Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-315/2024 22.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X3, X8, X4 və X5 iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə onunla X12 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddanı isə qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN- 623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.60 hektar torpaq sahəsi verilmişdir. Qeyd etdiyi torpaq sahəsi atası Nizami tərəfindən 1999-cu ildə illik 500 ABŞ dolları müqabilində Cavabdeh icarəyə verilmişdir.Hazırda da həmin torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Lakin Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etsələr də, sonuncu torpaq sahəsindən çıxmayacağını bildirmişdir. O da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianın isə qəbul etmir. Çünki torpaq sahəsi qarşılıqlı iddiaçıya satılmamış, icarəyə verilmişdir. Qarşılıqlı iddiaçının torpaq sahəsinin alınması üçün onlara 5000 ABŞ dolları verməsi barədə dedikləri yalandır. Ona görə də, göstərdiklərini nəzərə alaraq ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.60 hektar torpaq sahəsi verilmişdir.Qeyd etdiyi torpaq sahəsini Cavabdeh satmamış, illik 500 ABŞ dolları müqabilində icarəyə vermişdir. 30 sentyabr 1999-cu il tarixli müqavilədəki imza ona məxsusdur. Lakin həmin müqaviləni sırf Cavabdeh istəyinə əsasən imzalamış və torpaq sahəsini birdəfəlik istifadə üçün verdiyini qeyd etmişdir. Bir daha bildirir ki, torpaq sahəsini 5000 ABŞ dolları müqabilində Məlikşah Qəhərmanova satmamış, illik 500 ABŞ dolları müqabilində icarəyə vermişdir.Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X8, X4 və X1 Nizami Abbas oğlu ilə eyniməzmunlu izahat verdilər. Məhkəmə baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.60 hektar torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsini 30 sentyabr 1999-cu ildə X12 ilə aralarında olan razılaşmaya əsasən sonuncudan 5000 ABŞ dolları müqabilində birdəfəlik olaraq almış və aralarından olan alqı-satqını da yazılı qaydada bağlayaraq doğruluğunu X12 öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt Nizami Paşayev torpaq sahəsinə dair dövlət aktının əslini də ona vermişdir. Lakin bu yaxınlarda sosial yardım almaq adı ilə Nizami Paşayev dövlət aktının əslini ondan almışdır.İlk iddianı qəbul etmir. Çünki mübahisəli torpaq sahəsindən qanunsuz yox, əvəzini pul ödəyərək birdəfəlik aldığı üçün istifadə edir. Torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də torpaq mülkiyyətçiləri müxtəlif bəhanələr gətirib notariusa gəlmədikləri üçün bunu etmək mümkün olmamışdır. Bu yaxınlarda məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur ki, X10 Paşayev ona qarşı torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır. Bildirir ki, indiyədək aralarında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Torpaq mülkiyyətçiləri yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən onun açıq-aşkar və fasiləsiz istifadəsinə 23 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmişdir. O da torpağın mülkiyyətçilərinin bu davranışına güvənərək həmin torpaq sahəsinə külli miqdarda xərc çəkmişdir. Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin 26 fevral 2024-cü il tarixli arayışı da təsdiq edir ki, X9 məxsus 4,60 hektar pay torpaq sahəsi 30 noyabr 1999-cu ildən etibarən onun tərəfimdən əkilib-becərilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.60 hektar torpaq sahəsi X12, X3, İddiaçı, X8, X4, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 30 sentyabr 2001-ci il tarixli müqavilədən görünür ki, X12 özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4,60 hektar torpaq sahəsini birdəfəlik istifadə üçün Cavabdeh vermişdir. İşdə olan Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin 26 fevral 2024-cü il tarixli, 02 saylı arayışından görünür ki, Cavabdeh X9 məxsus olan 4.60 hektar torpaq sahəsini xx.xx.1999-cu il tarixdən etibarən hal-hazıradək istifadə edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 335.1 və 335.2-ci maddələrinə görə əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Həmin Məcəllənin 560.1-560.3-cü maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İstənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Mübahisəli torpaq sahəsi 1999-cu ildən etibarən hal-hazıradək qarşılıqlı iddiaçı Cavabdeh faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin Cavabdeh qanuni sahibliyinə verilməsi həm tərəflərin izahatı, həm də iş materiallarında olan müqavilə ilə tam təsdiq edilir. Göründüyü kimi, bu, işin mübahisəsiz halıdır.Digər tərəfdən, ilk iddiaçı qeyd edilən mübahisəli torpaq sahəsinin qarşılıqlı iddiaçıya icarəyə verildiyini bildirsə də, torpağın icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həm də nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçının özünün də bildirdiyi kimi, torpaq mülkiyyətçiləri yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən onun açıq-aşkar və fasiləsiz istifadəsinə 23 il ərzində hər hansı etiraz bildirməmiş, başqa sözlə, Cavabdeh torpaq sahəsini əkib-becərməsini, orada yaxşılaşdırma və başqa işlər aparmasını “seyr” etmişlər, yəni bütün bu işlər mülkiyyətçilərin “gözünün önündə” baş vermişdir. Lakin iddiaçı tərəf ötən bu müddət ərzində görülən işlərlə bağlı cavabdehə qarşı hər hansı etiraz etməmiş, görülən işləri sükutla qarşılamaqla bir növ bu işlərə öz razılıqlarını bildirmişlər və qarşılıqlı iddiaçı torpaın əsl sahibi qismində qəbul etmişlər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi ədalətsizdir və iddianın qanuni əsası mövcud deyildir. Odur ki, ilk iddia rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər hüquqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qarşılıqlı iddiaçı ilə alqı-satqı edilmədiyini göstərsə də, 30 sentyabr 1999-cu il tarixli müqavilə tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı edilməsi barədə imzalanmışdır. Məhkəmə işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı sənəd tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın (əqdin) onların iradəsi ilə əhatə edildiyini əks etdirir və tam sübut edir. Ona görə də qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X12, X3, İddiaçı, X8, X4, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə Cavabdeh ilə X12 arasında imzalanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh 100 manat dövlət rüsumu ödəmişdir. İlk iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu isə İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X12, X3, İddiaçı, X8, X4, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə Cavabdeh ilə X12 arasında imzalanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. 1-(055)-315/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X3, X8, X4 və X5 iştirakı ilə İlk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X12, X3, İddiaçı, X8, X4, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə Cavabdeh ilə X12 arasında imzalanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-315/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-315/2024
22.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver