Məhkəmə qərarları › İş №2(055)-43/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-43/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-43/2023 22.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadənin dayandırılmas, cavabdehin həmin torpaq sahəsindən çıxarılması,100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə Saatlı rayonunun Nərimankənd kəndi ərazisində 0.63 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən cavabdeh qanunsuz olaraq istifadə edir. Buna görə də, həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. Bununla bağlı cavabdehə öz etirazını bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Halhazırda cavabdeh israrla həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olması ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görə də göstərdiklərinin nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0053, KOD 90809018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə Saatlı rayonunun Nərimankənd kəndi ərazisində 0.63 ha. torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edimiş Azərbaycan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2431 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0053, KOD 90809018 saylı torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 0.63 ha torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə Saatlı rayonunun Nərimankənd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0.63 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslı olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2431 nömrəli ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2431 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-0053, KOD 90809018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Saatlı rayonunun Nərimankənd kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş 11 may 2023-cü il tarixli, 10/2431 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 manat Cavabdeh tutulub İddiaçı verilməli, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iş materiallarında olan bəzi sənədlərdə texniki yanlışlıq olaraq Cavabdeh ata adı səhvən “Seyidrza” kimi qeyd edilmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İƏDN-dən daxil olmuş 22 iyun 2023-cü il tarixli arayışdan da görünür ki, “Cavabdeh Seyidrza” kimi şəxs Saatlı rayonunun Novruzlu kəndində qeydiyyatda deyil və yaşamır. Odur ki, cavabdehin ata adı “Seyidağa” kimi qəbul edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-0053, KOD 90809018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Saatlı rayonunun Nərimankənd kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 (bir yüz doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar