Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-430/2023 02.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Novruzlu kəndində yerləşən ona və ailəsinə məxsus olan ümumi sahəsi 73 kvadratmetr olmaqla 2 otaqdan ibarət fərdi yaşayış evindən X2 əşyaları ilə birgə çıxarılması, 100 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu Novruzlu kəndində yerləşən ona və ailəsinə məxsus fərdi yaşayış evini üç ilə yaxındır ki, cavabdehə müvəqqəti yaşamaq üçün aylıq 60 manata kirayə vermişdir. Cavabdeh əvvəllər kirayə pulunu ödəsə də, iki ildir ki, kirayə pulunu ödəmir və bir ildən çoxdur ki, tələb etməsinə baxmayaraq evdən çıxmır. Bununla da, cavabdeh onun mülkiyyət hüququnu pozur. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh evdən çıxmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. O, oğlunu evləndirib həmin evə köçürmək istəyir. Ona görə də Saatlı rayonu Novruzlu kəndində yerləşən ona və ailəsinə məxsus olan ümumi sahəsi 73 kvadratmetr olmaqla 2 otaqdan ibarət fərdi yaşayış evindən X2 əşyaları ilə birgə çıxarılması, 100 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı məxsus evdə müvəqqəti yaşamaq üçün iddiaçı həmin evi ona 60 manata kirayə vermişdir. Lakin aralarında bununla bağlı heç bir müqavilə olmamışdır. Üç ildir ki, həmin evdə yaşayır, iki azyaşlı uşağı vardır və arvadı xəstədir. Maddi vəziyyəti pisdir. Buna görə də 5-6 aydır ki, kirayə pulunu ödəyə bilmir. Həmin evdən başqa qalmağa yerləri yoxdur. İddianın təmin edilməsinə etirazı yoxdur, lakin cavabdehdən ona vaxt verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 dekabr 2022-ci il tarixli 184 saylı arayışından görünür ki, İddiaçı Saatlı rayonu Novruzlu kəndində yaşayır. Novruzlu kənd sakinləri üçün tikilmiş qəsəbədə İddiaçı ailəsinə məxsus ümumi sahəsi 73 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evi vardır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.2 və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 692.2, 692.2.1 və 692.2.2-ci maddələrinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, Novruzlu kənd sakinləri üçün tikilmiş qəsəbədə İddiaçı ailəsinə məxsus ümumi sahəsi 73 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evi vardır. İddiaçı həmin fərdi yaşayış evini müvəqqəti yaşamaq üçün cavabdehə müddətsiz kirayəyə vermişdir. Cavabdeh həmin evdə kirayə qalmaqda davam etsə də, son bir neçə ayda ardıcıl olaraq kirayə pulunu ödəməmişdir. Nəticədə İddiaçı kirayə müqaviləsinə xitam vermək və cavabdehin həmin evdən çıxarılmasını tələb etmək hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ona və ailəsinə məxsus olan Saatlı rayonu Novruzlu kəndində yerləşən 73 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı və onun ailəsinə məxsus ümumi sahəsi 73 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə çıxarılmalıdır. İşdə olan 27 dekabr 2022-ci il tarixli 26295 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Saatlı rayon Vəkil Bürosuna 50 manat xidmət haqqı ödənilmişdir. İşdə olan 27 dekabr 2022-ci il tarixli 10109 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı və onun ailəsinə məxsus ümumi sahəsi 73 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 50 (əlli) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-430/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-430/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver