Məhkəmə qərarları › İş №2(055)-490/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-490/2023

07.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-490/2023 07.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.1068 ha torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz istifadənin dayandırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və 900 manat əldən çıxmış faydanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mübahisə predmeti olan 1.1068 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. Ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 12 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh uzun müddətdir ki, qeyd etdiyi torpaq sahəsindən istifadə edir. O, cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəni dayandırmasını tələb etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini qanunsuz istifadə etməkdə davam etmiş, eyni zamanda onu və ailə üzvlərini torpaqdan istifadə nəticəsində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun mərhum qardaşı Ələsgərin qızıdır. O, mərhum qardaşı Ələsgərlə təxminən 20 il bundan əvvəl qeyd edilən torpaq sahəsinin ona satılması barədə razılığa gələrək torpağı mərhum qardaşından almış, lakin aralarında torpağın alqı-satqısına dair hər hansı bir rəsmi sənəd olmamışdır. Qardaşı Ələsgər vəfat etdikdən sonra qızı Samirə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh torpaq sahəsinin alınmasına görə mərhum qardaşına pul verdiyini qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Saatlı şəhəri, Molday kəndində yerləşən 1.1068 ha torpaq sahəsi X2, X5, X3 1/5 hissə pay, İddiaçı isə 2/5 hissə pay olmaqla qeyd edilən şəxslərin ümumi paylı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 12 avqust 2020-ci ildə vəfat etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 12 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı şəhəri, Molday kəndində yerləşən 1.1068 ha torpaq sahəsi X2, X5, X3 1/5 hissə pay, İddiaçı isə 2/5 hissə pay olmaqla qeyd edilən şəxslərin ümumi paylı mülkiyyətindədir. Cavabdeh İddiaçı və onun ailə üzvləri olan X2, X5, X1 ümumi paylı mülkiyyətində olan 1.1068 ha torpaq sahəsindən istifadə etməsinə imkan vermədiyi və uzun müddət onların torpaq sahəsini istifadə etdiyi üçün iddiaçı cavabdehin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əldən çıxmış faydaya görə 900 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş 1.1068 ha torpaq sahəsindən Cavabdehnın qanunsuz istifadəsi dayandırılmalı, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 130 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 130 manat dövlət rüsumunun 100 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş 1.1068 ha torpaq sahəsindən Cavabdehnın qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar