Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-546/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Cavabdeh5, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Cavabdeh5, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Mahkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X6 ümumi birgə mülkiyyətlərinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 01 mart 2002-ci ildə cavabdeh X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X15 öz razılıqları ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini ******* AZM-ə birdəfəlik olaraq iddiaçıya satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Bundan bir müddət sonra iddiaçı aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehlərə onunla birlikdə notariat ofisinə getmələrini bildirsə də cavabdehlər iddiaçı ilə könüllü olaraq notariat ofisinə getmədiyindən iddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpaq mülkiyyətçilərindən X15 18 iyul 2004cü ildə vəfat etmişdir. İddiaçının cavabdehlərdən aldığı torpaq sahəsi 20 ildən artıq müddətdə açıq-aşkar və fasiləsiz olaraq iddiaçının sahibliyində olmuş və iddiaçı da həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir. Cavabdehlər olan torpaq mülkiyyətçiləri bu müddət ərzində torpaq sahəsinə dair iddiaçıya hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və göstərilən müddət ərzində torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər iddiaçıya heç bir məlumat vermədən torpaq sahəsini iddiaçının öz adına rəsmiləşdirmədiyindən sui-istifadə edərək 1,35 hektar torpaq sahəsini özbaşına zəbt etmişlər. Bundan sonra iddiaçı cavabdehlərin torpağın hələ də onların adında olduğundan sui-istifadə edərək mülki hüququn təməl pirinsipi olan vicdanlılıq pirinsipini pozduqlarını görüb torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı məhkəmə iclaslarının keçirilməsi barədə lazımi qaydada xəbərdar edilsələr də heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişlər. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi 3-21-3-38/2-878/2024 saylı bildirişlə iddiaçıya cavab göndərmişdir ki, mübahisəli torpaq sahəsi Saatlı Rayon Notariat Ofisinin xx.xx.2023-ci il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu qanunsuzluqlara görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilmir və iddiaçının mülkiyyət hüquqları pozulur. Məhkəmənin qətnaməsi çıxana qədər bu torpağın satılması barədə rəsmi məlumat almaq üçün iddiaçı dəfələrlə Cavabdeh1nə müraciət etmişdir. Lakin, həm iddiaçının, həmçinin də məhkəmənin sorğusuna cavab olaraq həmin orqandan bildirilmişdir ki, torpaq sahəsi satılmayıb və torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüququ yoxdur. İddiaçı bu mübahisəli torpaq məsələsinə görə Cavabdeh2 atası İsgəndər müəllimlə telefonla danışarkən İsgəndər müəllim bildirmişdir ki, onun torpaq almağa heç 500 manatı belə yoxdur, lakin qardaşı oğlu İsgəndər müəllimə torpaq alındıqdan sonra telefonla danışarkən bildirmişdir ki, oğlu Elşada bu torpağın mübahisəli olduğunu və bu torpağı almamasını demişdir. Ona görə də, iddianın təmin edilərək xx.xx.2023-cü tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq demişdir. O, bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanındadır. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 nümayəndəsi, Cavabdeh3, MəCavabdeh4, Cavabdeh5, MəCavabdeh6 məhkəmə iclasında iştirak etmirlər. Digər cavabdeh Saatlı Rayon Notariat Ofisinin xüsusi notariusu ərizə ilə məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasına baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Saatlı rayon Mollavazli bələdiyyəsinin sədridir. İddiaçı və cavabdehlər arasında olan həmin torpaq sahəsi hazırda bələdiyyənin “BAMS” tətbiqində İddiaçı istifadəsində olduğunu göstərir. Uzun müddətdir ki, həmin torpağı Ziyafətgil əkib-becərir. O, eşidəndəki həmin torpağı İsgəndərgil almaq istəyir, onda İsgəndərə zəng vurub həmin torpağın Ziyafətin olduğunu və alarsa mübahisəli olduğunu demişdir. İsgəndər isə cavabında ona torpaq almağa pulu olmadığını demişdir. Sonradan eşitmişdir ki, həmin torpağı İsgəndərin oğlu Elşad alıb. Rəsmiyyət üçün torpaq aldıqdan sonra alqı-satqı barədə bələdiyyəyə sənəd təqdim edilməlidir, həmin sənəd isə İsgəndərin oğlu Elşad tərəfindən bələdiyyəyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o mart ayında Cavabdeh2 atası Əsədov İsgəndərə bu torpaq məsələsinə görə zəng edərək həmin torpağın onlara məxsus olduğunu, bilə-bilə niyə aldıqlarını soruşmuş, İsgəndər müəllim isə oğlu Elşadın qeyd edilən torpağı aldığını sonradan bildiyini və ona bu barədə xəbərdarlıq etdiyini, torpağın mübahisəli olduğunu dediyini ona bildirmişdir. İsgəndər müəllim məhkəmə iclasına dəvət edilsəydi, o bu danışığımızı təsdiq edə bilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o bələdiyyə sədri olan zaman həmin torpağın alqı-satqısında iştirak etmişdir. 2002-ci ildə Ziyafətgil o torpağı alıb və o vaxtdan onlar əkib-becəriblər. Hazırda kimin əkdiyinə dair məlumatı yoxdur. 2-3 ay bundan əvvəl bilmişdir ki, torpağı İsgəndərgil alıb. Lakin, kənd camaatının hamısı bilir ki o torpaq Ziyafətgilə məxsusdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, torpağı satan Hacıməmməd onun bibisi oğludur. Hacıməmməd torpağı 22 il əvvəl Ziyafətgilə satıb və həmin vaxtdan qeyd edilən torpağı Ziyafətgil əkir. Bu torpağın satın alınması barədə söz-söhbətlər yayılan vaxtı Ziyafət müəllim onların yanında İsgəndərə zəng vurub bu məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. İsgəndər müəllim də cavabında onun torpaq almağa heç 1 qəpik də olsun artıq pulu olmadığını demişdir. Ziyafət müəllim zəng edən vaxt o, Misir müəllimin tikinti materialları mağazasının həyətində oturub çay içirmiş və Ziyafət müəllim yanında danışdığı üçün səsi eşitmişdir. Dəqiq yadında deyil, amma yaddaşı onu aldatmırsa Ziyafət müəllim danışığı aprel ayında, ya da sentyabrda olub. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 20-22 il bundan əvvəl Ziyafət müəllim Hacıməmməddən bu torpağı satın almışdır. Hansı formada sənədləşmə aparılmasından isə məlumatı yoxdur. Onlar Ziyafətlə vaxtaşırı oturub çay içirlər. Bu torpağın satışa çıxarılması və İsgəndər müəllimin bu torpağı alması barədə məlumatlar dolaşdığı ərəfədə payız aylarında, ya sentyabr, ya da oktyabr ayında Ziyafət müəllimin tikinti materialları mağazasının həyətində oturub yenə çay içərkən, Ziyafət müəllim şəxsən onun yanında İsgəndər müəllimə zəng vurmuş, söhbət əsnasında Ziyafət müəllim İsgəndər müəllimə irad tutaraq, bu torpağın ona məxsus olduğunu, tək sən deyil, bütün kənd camaatı bildiyi halda, niyə o torpağı sənin oğlunun satın alması barədə məlumatlar dolaşdığını soruşmuşdur. Ziyafət torpağın pulunun 22 il əvvəl verildiyini, bu torpağa görə aralarında mübahisə yarana biləcəyini bildirmişdir. Həmin vaxt çay içərkən X4 da onların yanında olmuşdur. Onun başa düşdüyü qədəri ilə İsgəndər müəllim cavabında torpaq almaq üçün pulunun olmadığını, heç bir torpaq almaq barədə fikirləşmədiyini Ziyafət müəllimə bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o bu işlə son 1 həftə ərzində maraqlanmışdır. Hacıməmməd və arvadı onun direktoru olduğu məktəbdə işləyirlər. Təxminən payız aylarında Ziyafət müəllim bu torpaq məsələsinə görə ona zəng edəndə, onun bu torpağı oğlu Elşadın alması ilə əlaqədar heç bir məlumatı olmamışdır. O, Ziyafət müəllimə demişdir ki, onun Respublika banka on min manat borcu var, onun torpaq alacaq dərəcədə maddi imkanı yoxdur və bu barədə ümumiyyətlə heç bir məmulatı yoxdur. Oğlu Elşad ümumiyyətlə ailə içində öz planları barədə danışmır, hətta onlar Elşadın Bakı şəhərindən ev almasını da bir il sonra öyrənmişlər. Hacıməmməd niyə məhz onun oğluna o mübahisəli torpağı təklif etməsi barədə heç nə deyə bilmir, bu işlə bağlı Hacıməmmədin evinə qədər getmişdir. Hacıməmmədin torpağının yanında Misir müəllimin kəndçisi Qüdrətin torpağı var idi, həmin torpağı oğlu satın aldıqdan sonra Hacıməmməd onun oğlu Elşada zəng vuraraq həmin torpağın yanında onun torpaq sahəsi olduğunu və satdığını bildirib. Oğlu da cavabında bütün sənədləri düzgündürsə satın ala biləcəyini demişdir. Hacıməmməd oğlundan torpağın sənədlərinin çıxarışını düzəltmək üçün əvvəlcə 1000 manat istəmiş, oğlu da həmin məbləği ona vermişdir. Oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmamış, amma aldıqdan sonra bilmişdir. Əgər vaxtında bilsəydi, oğlunun o torpağı almaması üçün tədbirlər görərdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 mart 2002-ci il tarixli aktdan görünür ki, X15, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 01 mart 2002-ci il tarixdə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,35 hissəsini birdəfəlik olaraq ******* manata İddiaçı satmışlar. Həmin akt Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Mollavaizli kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş və cavabdehlərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2- 3774/2023 saylı məktublarından görünür ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X15 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X6 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X6 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə 23 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 01 aprel 2024-cü il tarixli 3-21- 3-38/2-876/2024 saylı bildirişin surətindən görünür ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsi Saatlı rayon notariat ofisinin 28 sentyabr 2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin hüquqları dövlət qeydiyyatına alınmışdır. Göstərilən səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamış və icrasından imtina edilmişdir. Məhkəmənin sorğusu əsasında Saatlı rayon notariat ofisindən məhkəməyə daxil olmuş və məhkəmə iclasında elan edilmiş 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışın və 13 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini Cavabdeh2 satmışlar və 18 iyul 2004-cü ildə vəfat etmiş X6 vərəsələri Saatlı rayon Mollavaizli kəndində qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsindən məhkəməyə daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini Cavabdeh2 satmışlar və həmin torpaq sahəsi 24 oktyabr 2023cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydi daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla, həmçinin də tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri, hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X1 təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə köhnə manatla ******* AZM-ə birdəfəlik olaraq İddiaçı satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Sonradan cavabdehlər iddiaçı ilə birlikdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə getmədiklərindən iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3- 21-3-38/2-3774/2023 saylı məktublarında qeyd olunmuşdur ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X15 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsinə dair sənədlərin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Bundan sonra İddiaçı iddiası Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu səbəblərə görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddianı ona görə əsaslı hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X15 ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə birdəfəlik olaraq İddiaçı satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə şahidlərin ifadələri ilə birmənalı müəyyən edilir ki, bütün kənd camaatına və kəndin bələdiyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X15 cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmişlər, iddiaya qarşı etirazlarını bildirməmişlər, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2-3774/2023 saylı məktublarında mübahisəli torpaq sahəsinin X15 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırki məhkəmə prosesində məlum olmuşdur ki, 13 saylı Şirvan ərazi idarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş, cavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. Lakin, iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, 28 sentyabr 2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə hazırki iş üzrə digər Cavabdeh2 olğuna satmışlar. Göründüyü kimi, hazırki iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X13ən hərəkətləri qanunsuz olmuşdur. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş Cavabdeh2 vicdanlı əldə edən olması təşkil edə bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsini isə alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırki iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırki iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olmuşlar. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Saatlı rayonunun Mollavaizli kəndində yerləşən və mübahisələndirilən torpaq sahəsindən iyirmi ildən artıq müddət ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etmişdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə sübut olundu ki, iddiaçı 20 il əvvəl mülkiyətçilərdən razılıq əsasında aldığı və bu müddətdə sahiblik və isitifadə etdiyi (bu hallar işin mübahisəziz tərəfidir) torpaq sahəsini qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında adına rəsmiləşdirmək istəməsinə baxmayaraq, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla Saatlı rayon notariat ofisində bağlanan 28 sentyabr 2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə gözlənilən mülkiyyət hüquqlarını həyata keçirə bilmir. “X20rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Buradan da görünür ki, İddiaçı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında Cavabdeh2 adına aparılmış qeydiyyatın çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Saatlı rayon notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli qeydiyyat çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 05 aprel 2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkil bürosuna 100 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Saatlı rayon notariat ofisində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli qeydiyyat çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-546/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-546/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver