Məhkəmə qərarları › İş №2(055)-564/2022

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-564/2022

18.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-564/2022 18.07.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı Saatlı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Saatlı Bələdiyyəsinin cavabdeh X2 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, oradan çıxarma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Saatlı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.mlik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Saatlı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.mlik torpaq sahəsi cavabdeh X1 istifadəsindədir. Belə ki, cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsini mişar daşından olan hasarla çəpərləməklə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin Saatlı Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X4 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDN-ə müraciət etmiş və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilmişdir. Elçin Quliyev 2001-ci ildə vəfat etmişdir. Torpaq sahəsi 1999-cu ildən Cavabdeh2 istifadəsində olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha-dır. Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikmiş, imkanı olmadığından qalan hissə istifadəsiz qalmışdır. Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində ona satmış, o da bu barədə Saatlı şəhər bələdiyyəsinə şifahi məlumat verərək tikinti işlərinə başlamış və qızı Aynur üçün birmərtəbəli olmaqla dörd otaqdan ibarət və təxminən 110 kv sahəsi olan ev tikmişdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. 2(055)-951/2021 saylı mülki iş üzrə təyin olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə(baxış) aktının surətindən görünür ki, 0,0024 ha torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı olmaqla bələdiyyə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ƏMDK-nin 7 saylı Ərazi şöbəsinin 15 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, sahibkarlığın inkişafı məqsədilə hərrac və ya müsabiqəyə çıxarılaraq satılması nəzərdə tutulan 24 kv.m torpaq sahəsi Saatlı bələdiyyəsinin mülkiyyətinə aid, yaşayış məntəqələri torpaqları kateqoriyalı, İ zonaya daxil olmaqla alqı-satqı predmetidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin hüdudları daxilində olmaqla bələdiyyənin mülkiyyətindədir. Cavabdeh X3 məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf etməsə də, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatl şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçı Saatlı Bələdiyyəsi cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlıdırlar. Cavabdeh tərəf məhkəməyə ünvanladığı etirazında mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyini, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericlikdlə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirildiyini, iddiaçının isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını və nəticədə mübahisə predmeti olan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququnun olmadığını bildirərərk iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə diqqətə çatıdırır ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da, 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatl şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Belə olan halda iddiaçının ən azından gözlənilən mülkiyyət hüququ var. İddaçı da həmin hüququndan istifadə edib məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə etirazın dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmalı və 24 kv.m torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlışəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsi dayandırılsın, o həmin torpaq sahəsindən çıxarılsın və həmin 24 kv.m torpaq sahəsi iddiaçıya qaytarılsın. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar