Məhkəmə qərarları › İş №2(055)-59/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-59/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-59/2024 22.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mal ferması və çoban evindən çıxarma, həmin ərazilərin cavabdehin vəsaiti hesabına boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Saatlı rayonunun Nərimankənd kəndi ərazisində yerləşən mal ferması və çoban evindən çıxarılması, həmin ərazinin cavabdehin vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hazırkı iddiaçının əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsi təklif edilmiş, iddiaçı məhkəməyə ərizə təqdim edərək onun əsl İddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçı Qanuni nümayəndə əsl iddiaçı olan İddiaçı ilə əvəz etmiş və İddiaçı yetkinlik yaşına çatmayan şəxs olduğunu nəzərə alaraq Qanuni nümayəndə hazırki iddiaçının qanuni nümayəndəsi kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Araz çayının sol sahilində yerləşən mal ferması və çoban evi mərhum X1na məxsus olmuşdur. Belə ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 1998-ci il tarixli sərəncamı ilə mərhum atasına torpaq sahəsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli 07 saylı iclas protokolu ilə mərhum atasına və digər payçılara mal ferması və çoban evi verilmiş, daha sonra mərhum atası həmin əmlakların digər mülkiyyətçilərə düşən hissəsini akt əsasında onlardan birdəfəlik almışdır. X1 13 noyabr 2014-cü il tarixdə qeyd etdiyi mal ferması və çoban evini qarşılıqlı razılaşaraq etibarnamə əsasında Cavabdeh istifadəsinə vermiş, 27 fevral 2017-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmiş və mal ferması ilə çoban evini cavabdehdən tələb etmişdir. Mərhum X1 15 may 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda cavabdeh onun mərhum atasına məxsus olan mal ferması və çoban evindən istifadə etmələrinə imkan vermir. Dəfələrlə cavabdehdən həmin mal ferması və çoban evindən çıxmasını tələb etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qeyd edilən mal ferması və çoban evi iddiaçının mərhum atasına deyil, cavabdehə məxsusdur. Belə ki, cavabdeh həmin mal ferması, çoban evi və yerləşdiyi torpaq sahəsini 2014-cü ildə iddiaçının mərhum X1ndan 50000 ABŞ dolları verməklə almış, daha sonra isə mal ferması və çoban evinin yerləşdiyi torpaq sahəsini ətraf ərazilərlə birlikdə Saatlı Bələdiyyəsindən 10 mart 2014-cü il tarixli torpaq icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Həmin vaxtdan cavabdeh qeyd etdiyi torpaq sahəsinə görə hər il bələdiyyəyə icarə haqqı ödəyir. O torpaq sahəsi heç vaxt rəsmi olaraq iddiaçının mərhum X1na məxsus olmamışdır. Mal ferması və çoban evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlaklar cavabdehin mülkiyyəti hesab olunur. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 may 2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi kimi İddiaçı ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.20 kv/m olan fərdi yaşayış evindən 1/3 hissədə pay almalıdır. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilmiş 12 oktyabr 2014-cü il tarixli aktın surətindən görünür ki, X9 50000 ABŞ dolları müqabilində Araz çayının sol sahilində yerləşən bələdiyyə mülkiyyətinə aid 21 hektar torpaq sahəsini (sağıcı evi, mal ferması, az yararlı əkin sahələri) X8 birdəfəlik satmışdır. Həmin aktı X9, X11, şahidlər X6, Cavabdeh Ponuq oğlu, X12 imzalamış, icra nümayəndəsi tərəfindən möhürlə təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsi mahiyyət etibarı ilə İddiaçı qanun üzrə vərəsəlik qaydasında qəbul etməli olduğu miras əmlak hesab etdiyi əmlak tələbi ilə (mal ferması və çoban evi) bağlıdır. Yuxarıda sadalanan qanunvericilik nomalarının tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Bundan başqa, sadalanan qanunvericilik nomalarının tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxildir, həmin hüquqlar vərəsəlik qaydasında vərəsəlik şəhadətnaməsi əsasında başqa şəxslərə keçə bilər və vərəsəlik haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, vərəsənin o halda miras əmlak üzərində mülkiyyət hüququ yaranır ki, miras əmlak mövcud olur, qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır, miras əmlakın sahibi olan şəxs, yəni miras qoyan öldükdən sonra həmin hüquqlar vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə keçir, həmin vərəsəlik şəhadətnaməsi əsasında isə yenidən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İddiaçı Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 1998-ci il tarixli sərəncamı ilə mərhum atasına torpaq sahəsinin, Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli 07 saylı iclas protokolu ilə mərhum atasına və digər payçılara mal ferması və çoban evinin verildiyini, daha sonra mərhum atasının həmin əmlakların digər mülkiyyətçilərə düşən hissəsini akt əsasında onlardan birdəfəlik aldığını göstərərək sübut növü kimi Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 1998-ci il tarixli sərəncamının və Saatlı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli 07 saylı iclas protokolunun surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə aidiyyəti üzrə Saatlı rayon İcra Hakimiyyətinə və Saatlı rayon Dövlət Arxivinə sorğular vermiş, lakin qeyd edilən sənədlərin əsilləri mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamış və sözügedən sənədlərin surətləri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Əvəz edilmiş ilkin iddiaçı Qanuni nümayəndə onunla Saatlı Bələdiyyəsi arasında bağlanmış 1.8 hektar torpaq sahəsinin icarəyə götürülməsinə dair 11 oktyabr 2023-cü il tarixli icarə müqaviləsini məhkəməyə təqdim etsə də, həmin müqavilə iddia tələbində göstərilən mal ferması və çoban evindən cavabdehin çıxarılması üçün əsas deyildir. Göründüyü kimi, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair beynəlxalq təcrübə də mühüm əhəmiyyət kəsb edir. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir(§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qanun üzrə vərəsəlik qaydasında ona çatmalı olan miras əmlakın (mal ferması və çoban evi) cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, iddiaçı həmin əmlakın vərəsəlik qaydasında ona keçməli olduğunu, həmin daşınmaz əşyaya mülkiyyət hüququnun yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, hazırki iş üzrə iddiaçının sözügedən əmlaklara münasibətdə subyektiv hüququ olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının subyektiv hüququ olmadığına görə iddia rədd edilməli olduğundan cavabdehin mübahisə predmetinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmamasının da iş üçün əhəmiyyəti yoxdur. Bu baxımdan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş digər sənədlər (torpaq icarə müqaviləsi, ödəniş qəbzləri və s.) sənədlər araşdırılmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin Saatlı rayonunun Nərimankənd kəndi ərazisində yerləşən mal ferması və çoban evindən çıxarılması, həmin ərazinin cavabdehin vəsaiti hesabına boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş 28 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılarkən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehin Saatlı rayonunun Nərimankənd kəndi ərazisində yerləşən mal ferması və çoban evindən çıxarılması, həmin ərazinin cavabdehin vəsaiti hesabına boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar