Məhkəmə qərarları › İş №2(055)-63/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-63/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-63/2023 24.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhərrəmova Zülfinaz Xudam qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mərhum atası X6 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməyi, əlavə olaraq cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1973-cü ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşdur. Mərhum atası X10 24 dekabr 2012-ci ildə, mərhum anası X3 03 yanvar 2020-ci ildə vəfat etmişdir. O bacısı X7 ilə birlikdə mərhum atası X6 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatdadırlar. Cavabdeh doğma qardaşıdır. Cavabdeh, həmin evdə qeydiyyat olmadan yaşamasına baxmayaraq, bir nəfər qadını da həmin evə köçürməklə qanunsuz olaraq həmin evdə yaşayır. Hazırda cavabdeh ona qeyd etdiyi evə köçərək yaşamağa imkan vermir. O, bu səbəbdən də kirayə evdə yaşamaq məcburiyyətində qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı doğma qardaşıdır. İddiaçı əvvəllər, həqiqətən də, mübahisə predmeti olan evdə yaşamışdır. Lakin sonradan iddiaçı o və bacısı ilə yola getmədiyindən iddiaçını evdən çıxarmışlar. Həmçinin iddiaçının zərərli vərdişləri də vardır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üşüncü şəxs X7 Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Saatlı rayon Qara Nuru kənd İƏD tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, 974 saylı arayışından görünür ki, İddiaçı Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X10 24 dekabr 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X1 03 yanvar 2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Saatlı rayon Qara Nuru kənd İƏD tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 1068 saylı arayışından görünür ki, İddiaçı hazırda Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda mərhum atası X4 qalan evdə bacısı X7 ilə birlikdə qeydiyyatdadır. Həmin evdə başqa heç kim qeydiyyatda deyildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1138A, Kod-90806018 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı Qərarına əsasən 0.20 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmiş və mübahisə predmeti olan fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-822A, Kod-90806018 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı Qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X10 və X2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında işin araşdırılan hallarından yəni, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, İddiaçı mübahisə predmeti olan evdə qeydiyyatdadır, həmin evdə doğulub boya-başa çatmış, həmin evdə yaşayaraq birgə təsərrüfatı idarə etmişdir. Buradan görünür ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmək hüququna malik olmaqla tələbində haqlıdır. Cavabdeh tərəfindən göstərilmiş hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilərək, İddiaçı mərhum atası X6 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməlidir. İşdə olan 30 noyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu və 100 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 100 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mərhum atası X6 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülsün. İddiaçı ödədiyi 100 manat məbləğində dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 200 (iki yüz) manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar