Məhkəmə qərarları › İş №2(055)-69/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-69/2023

06.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-69/2023 06.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlərin və digər mülkiyyətçilərin arasında olan torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1.96 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 10 saylı qərarı ilə JN-0041, KOD 90802038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Saatlı rayonunun Bəylər kənd sakinləri X2, X1, Cavabdeh2, Allaverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə 1.96 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Təxminən 01 dekabr 1998-ci ildə mülkiyyətçilər qeyd edilən torpaq sahəsini satmaq istədiklərini ona bildirmiş, o da, öz növbəsində torpağı almağa razı olduğunu bildirdikdən sonra qarşılıqlı razılıq əsasında həmin torpağı mülkiyyətçilərdən 10000000 (on milyon) manata (hazırki məzənnə ilə 200000 manat) birdəfəlik olaraq almışdır. Həmin vaxt torpaq alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün mülkiyyətçilərlə birlikdə Saatlı Rayon Dövlət Notariat Kontoruna müraciət etsələr də, Notariat Kontorundan torpağın alqısatqısının onlar tərəfindən həyata keçirilməsinə icazələrinin olmadığı bildirilmişdir. Buna baxmayaraq o, torpağı həmin şəxslərdən aldıqdan hazırki dövrə qədər öz mülkiyyəti kimi istifadə etmişdir. Mülkiyyətçilərdən X2, X1 və Allaverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı vəfat etmişdir. Digər müllkiyyətçilər yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən torpaq sahəsini rəsmiləşdirmək üçün onunla birlikdə notariat kontoruna getməli olduqlarını bildirsə də, cavabdehlər notariat kontoruna gedə bilməmişlər və bu səbəbdən də həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək mümkün olmamışdır. Qeyd edilən səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ona və Cavabdeh2 qarşı cavabdehlərin və digər mülkiyyətçilərin arasında olan torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1.96 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddiasının təmin edilməsinə heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 iyun 1997-ci il tarixli, 10 saylı JN- 0041, KOD 90802038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Saatlı rayonunun Bəylər kəndində yerləşən 1.96 hektar torpaq sahəsi X2, X1, Cavabdeh2, Allaverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx.xx.2000-ci ildə, X1 xx.xx.2008-ci ildə, Allaverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı xx.xx.1999-cu ildə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayonunun Bəylər kəndində yerləşən 1.96 hektar torpaq sahəsi X2, X1, Cavabdeh2, Allaverdiyeva (Allahverdizadə) Gülnarə Qabil qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və iddiaçı hazırda həmin torpaq sahəsindən istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir.Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. İddiaçı torpaq sahəsini 01 dekabr 1998-ci ildə 10000000 (köhnə məzənnə ilə) manata aldığını bildirsə də, bununla bağlı kifayət qədər inandırıcı sübut təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi akt isə əsaslılığı hər hansı bir hal ilə təkzib edilə bilən olduğundan məhkəmə sözügedən aktı tərəflər arasında torpaq alqı-satqı münasibətinin yaranmasını, o cümlədən 2005-ci ildən əvvəl yaranmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı ilə cavabdehlərin və digər mülkiyyətçilərin arasında bağlanan torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1.96 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı ilə cavabdehlərin və digər mülkiyyətçilərin arasında bağlanan torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək 1.96 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar