Məhkəmə qərarları › İş №2(055)-714/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-714/2024

12.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-714/2024 12.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 1992-ci ildə ailə həyatı qurmaqla nikahlarını rəsmiləşdirmiş və birgə təsərrüfat aparmışdır.Birgə nikahlarından 26 avqust 1997-ci ildə X3 və 09 iyul 1999-cu ildə X2 adlı iki nəfər uşaqları doğulmuşdur. Xasiyyətləti düz gəlmədiyindən xx.xx.2023-cü il tarixdə qarşılıqlı razılıq əsasında 5 saylı Bakı “ASAN” xidmət mərkəzində nikahlarını pozmuşlar. Bildirir ki, 2022-ci ilədək cavabdehlə birlikdə Bakı şəhərinin Ramana qəsəbəsində yaşasalar da, ev darısqal olduğundan həmin evi satıb 2022-ci ilin sentyabr ayında Maştağa qəsəbəsində yerləşən hazırki evi almışlar. Təxminən 6-7 ay həmin evdə yaşadıqdan sonra cavabdehlə aralarında mübahisə olduğu üçün cavabdeh onu həmin evdən qovmuş və hazırda da həmin evə buraxmır.Halbuki, həmin evi birlikdə almışlar. Hal-hazırda qalmağa yeri yoxdur və kirayədə yaşayır.Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçı ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər 1992-ci ildə ailə həyatl qurmaqla nikahlarını rəsmiləşdirmiş və birgə təsərrüfat aparmışlar.Tərəflərin birgə nikahlarından 26 avqust 1997-ci ildə X3 və 09 iyul 1999-cu ildə X2 adlı iki nəfər uşaqları doğulmuşdur. İddiaçı və cavabdeh qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə nikahlarını pozmuşlar.Həqiqətən də, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikahda olduğu dövrdə əldə edilmiş və iddiaçı əvvəllər cavabdehlə birgə həmin evdə yaşamışdır. Lakin iddiaçı cavabdehin adına, ləyaqətinə yaraşmayan hərəkətlər etdiyinə görə cavabdeh iddiaçını həmin evdən çıxarmış və bu səbəbdən də evə köçürülməsinə razı deyil. Bundan başqa, sözügedən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan "xxxx" MMC-nin 02 sentyabr 2022-ci il tarixli beh müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evi 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən 40000 manat müqabilində alınmışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydinə xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzində xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinad etsə də, hazırki iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə əlaqəlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında işin araşdırılan hallarından yəni, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evi rəsmi qeydiyyata alınmasa da, həmin ev iddiaçı və cavabdehin birgə nikahda olduğu dövrdə ailənin yaşaması üçün alınmış, iddiaçı da cavabdehlə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfatı idarə etmişdir. Lakin sonradan tərəflər arasında münasibətlər kəskinləşdiyindən cavabdeh iddiaçını evdən çıxarmışdır. Bu halı cavabdeh tərəf də qəbul edir.Göründüyü kimi, fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, cavabdehlə yanaşı, iddiaçının da həmin evə sahiblik hüququ mövcud olduğundan iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmək hüququna malik olmaqla tələbində haqlıdır. Cavabdeh tərəfindən göstərilmiş hallar isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu və 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 60(altmış) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. № 2(055)-714/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 12 iyul 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa şossesinin sağ tərəfində 500 kv.metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 120 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 60(altmış) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar