Məhkəmə qərarları › İş №2(055)-728/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-728/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-728/2024 22.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 28 mart 2000-ci ildə Saatlı rayonunun Potubəyli kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, o, 28 mart 2000-ci ildə Saatlı rayonunun Potubəyli kəndində ev şəraitində anadan olmuş və Saatlı rayonunun Potubəyli kəndində yaşayır. Onun doğum haqqında şəhadətnaməsi olmadığından bəzi sənədləşmə işlərində çətinlik çəkir. Odur ki, o doğum haqqında şəhadətnamənin alınması üçün Saatlı rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, lakin bununla bağlı ona doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra doğum haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığını bilmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb onun yəni, X1 28 mart 2000-ci ildə Saatlı rayonunun Potubəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi xx.xx.2000-ci ildə ev şəraitində anadan olmuşdur. Maddi vəziyyətlər yaxşı olmadığı üçün xəstəxanaya gedə bilməmişlər. Məhkəmə baxışı zamanı şahid X5 digər şahid X2 ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi qardaşı qızıdır. Ərizəçi təxminən 20 il bundan əvvəl anadan olduğunu xatırlayır, hansı ay gün olduğunu xatırlaya bilmir. Bənövşə ev şəraitində doğulmuşdur. Doğuşda o, da iştirak etmişdir. İşdə olan Saatlı rayon İHB-nın Əlisoltanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli aktdan görünür ki, X3 28 mart 2000-ci ildə Saatlı rayonunun Potubəyli kəndində uşaq dünyaya gətirmişdir. Uşağın adı Ərizəçidır. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsinin 15 may 2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi doğumunun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi Ərizəçi 28 mart 2000ci ildə Saatlı rayonu Potubəyli kəndində doğulmuşdur, lakin o, doğum haqqında haqqında şəhadətnamə almamışdır. Ona görə də ərizəçi doğum faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 28 mart 2000-ci ildə Saatlı rayonu, Potubəyli kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 28 mart 2000-ci ildə Saatlı rayonu, Potubəyli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar