Məhkəmə qərarları › İş №2(055)-887/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-887/2025

04.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-887/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə1, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı Rayon Notariat Ofisinə qarşı mirasın faktiki qəbulunun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN - 433A (KOD ********) nömrəli şəhadətnamə əsasında atası X3 mülkiyyətinə verilmiş 0,54 hektar torpaq sahəsinə dair vərəsəliyin onun və qardaşı tərəfindən faktiki qəbul edilməsini və həmin əmlaka dair 1/2 hissədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Saatlı rayonu Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN - 433A (KOD ********) nömrəli şəhadətnamə əsasında atası X3 mülkiyyətinə verilmiş 0,54 hektar torpaq sahəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsini və həmin əmlaka dair 1/2 hissədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Saatlı rayonu Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə X2nun mülkiyyətinə JN-433A (KOD ********) nömrəli şəhadətnamə əsasında 0,54 ha torpaq sahəsi verilmişdir. Atası İddiaçı həmin torpaq sahəsində 2005-ci il tarixdən fərdi yaşayış evi tikmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə yaşamışdır. X6 da həmin torpaq sahəsində mərhum babası tərəfindən tikilmiş fərdi yaşayış evində babasıyla yaşamış və hal-hazırda da orada yaşamaqdadır. X2 02 oktyabr 2014-cü il tarixdə vəfat etməsindən sonra İddiaçı, X15, X16, X9, X10 və X14 vərəsələri olaraq qalmışlar. Atası İddiaçı və əmisi Habil Hüseynov torpaq sahəsinin özlərinə düşən hissələrini rəsmiləşdirmək məqsədi ilə Saatlı rayon Notariat Ofisinə müraciət etmişlər. Orada onlara mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini, digər vərəsələrin razılığının tələb olunması əsası ilə notariat əməliyyatlarının aparılmasının mümkün olmadığı bildirilmiş və xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının üçüncü şəxs X15 izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində atası öləndən sonra o, və qardaşı Əbilağa yaşamışlar. Digər bacı və qardaşları həmin torpaqda yaşamamışlar. Torpaq sahəsinin onun və qardaşı Əbilağanın ½ hissə paylarının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Saatlı rayon notariat ofisinin nümayəndəsi və digər üçüncü şəxslər məhkəməyə gəlməmişlər. Saatlı rayon notariat ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin və gəlməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, üçünçü şəxsin izahatlarını dinləyərək, iddianın dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159-cu maddəsində isə qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda onların nəvələri, nəticələri və uşaqları) - birinci növbə vərəsələr sayılırlar. Qeyd edilən müddəalardan da göründüyü kimi, miras əmlak vərəsələrə 2 yolla qanun üzrə və vəsiyyət üzrə keçir. Qanun üzrə vərəsləliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamailə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtlərdir. İşin faktiki hallarına görə, Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən 0,54 ha torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-433A (KOD ********) nömrəli şəhadətnamə əsasında iddiaçının atası X3 mülkiyyətinə verilmişdir. X5 ilə X4 birgə nikahlarından İddiaçı və iş üzrə üçüncü şəxslər X15, X16, X9, X10 və X14 doğulmuşdur. X5 xx.xx.2014-cü il tarixdə, X7 isə xx.xx.1992-ci il tarixdə vəfat etmişlər. X5 ona verilmiş torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, daha sonra isə 2005-ci il tarixdə həmin torpaq sahəsində İddiaçı başqa bir fərdi yaşayış evi inşa etmişdir. X1 inşa etdiyi fərdi yaşayış evində X15, İddiaçı inşa etdiyi fərdi yaşayış evində isə iddiaçı özü yaşayır. İşin mübahisəsiz halıdır ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmuş X3 övladıdır. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, torpaq sahəsinin mülkiyyətçisi olmuş X5 (iddiaçının atası) xx.xx.2014-cü il tarixdə ölmüşdür. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının torpaq sahəsinin mülkiyyətçisi X5 arasında qohumluq bağları (övladı) olmuş, X3 ölümündən sonra isə iddiaçı sağ olmuşdur. X5 tərəfindən torpaq sahəsinə dair vəsiyyətnamənin verilməsi, yaxud olduğu halda tam və ya qismən etibarsız hesab edilməsi isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, iddiaçı X3 qanun üzrə birinci növbəli vərəsəsi olmuşdur. İddia ərizəsində miras əmlakın qəbul edilmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (MM, 1243.1, 1243.2 və 1243.3-cü maddələri). Qeyd edilən müddəalar əsasında məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Göstərilən müddəalarda da, miras əmlakın qəbul edilməsinin əsasları, qaydası əks olunmuşdur. Mirasın qəbul edilməsi miras əmlakın açılması ilə başlanır. Mirasın açılması anını qanun miras qoyanın ölümü (məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi) ilə şərtləndirir (MM, 1145-ci maddə). Miras əmlakın qəbul edilməsinin isə iki qaydası mövcuddur: birinci, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Bu zaman, vərəsə(lər) mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verməklə vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər(lər). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. (Mülki Məcəllənin 1321.1 və 1322-ci maddələri). İkincisi, vərəsə(lər) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalı, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirməlidir. Başqa sözlə, vərəsə əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Eyni zamanda, qanun onu da müəyyən edir ki, miras əmlakın hamısının deyil, bir hissəsinə faktiki sahiblik etməklə qəbul edilməsi, əmlakın (əmlakların) başqa-başqa yerlərdə olmasından asılı omayaraq, mirasın tamamilə qəbul edilməsi hesab edilir. Konkret mübahisəyə gəldikdə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, miras qoyan X5 xx.xx.2014-cü il tarixdə öldükdən sonra torpaq sahəsindən onun övladlarından İddiaçı və X15 və onun ailə üzvləri, yəni arvadı və övladları yaşamış, həmin torpaq sahəsinə sahiblik etmiş və ondan istifadə etmişlər. Belə ki, iş materiallarında olan Saatlı RİB-nın Dədə Qorqud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 01/204 və 01/205 saylı arayışlardan görünür ki, mərhum X5 xx.xx.2014-cü il tarixində, X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişlər. Vəfat etdikdən sonra 6 ay müddətində İddiaçı və X15 birgə yaşamışlar. Həmçinin, iş üzrə üçüncü şəxslər X16, X9, X10 və X14, yəni digər vərəsələr məhkəmə iclasında verdikləri izahatlarında bildirmişlər ki, ataları X5 öldükdən sonra torpaq sahəsində heç vaxt yaşamamışlar, ona sahiblik etməmiş və ondan istifadə etməmişlər. Şərh edilənlərdən də göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçisi olmuş X3 xx.xx.2014-cü il tarixdə ölməsi ilə torpaq sahəsinə dair vərəsəlik işi açılmasa da, iş materialları, eləcə də üçüncü şəxslərin izahatları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsini İddiaçı və üçüncü şəxs X15 faktiki olaraq qəbul etmişlər, uzun müddət torpaq sahəsinə sahblik və ondan istifadə etməklə miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Digər vərəsələr, iş üzrə üçüncü şəxslər X16, X9, X10 və X14 atalarının ölümündən sonra qanunla müəyyən edilmiş altı ay müddətində nə torpaq sahəsinə dair vərəsəlik şəhdətnaməsinin verilməsi üçün notariat orqanına müraciət etmişlər, nə torpaq sahəsinə tam, yaxud onun bir hissəsinə sahiblik etmiş nə də torpaq sahəsindən, yaxud onun bir hissəsindən istifadə etməmişlər, bununla da mirası qəbul etməmişlər. Ona görə də, şərh edilən hallara və adı çəkilən müddəalara əsasən məhkəmə belə qənaətə gəlir ki, torpaq sahəsi yalnız iddiaçı və onun qardaşı atası X15 tərəfindən qəbul edildiyindən iddia miras əmlakın faktiki qəbul edilməsi hissəsində təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia iddiaçıya miras əmlaka dair ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə müvafiq olaraq miras əmlak olan torpaq sahəsini iddiaçı və onun qardaşı X15 qəbul etmişlər. Bu halda isə, iddiaçının və onun qardaşı X15 torpaq sahəsinə dair ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq hüquqları yaranmışdır. Mülki Məсəlləsinin 1324-cü maddəsinə əsasən, əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçı və onun qardaşı X15 tərəfindən qəbul edildiyindən, digər vərəsələr isə miras əmlakı qəbul etmədiklərindən, eləcə də, iddiaçı və onun qardaşı X15 qanun üzrə birinci növbə vərəsələr olduğundan İddiaçı və X11 torpaq sahəsinə dair ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-433A (KOD ********) nömrəli şəhadətnamə əsasında X3 mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsi İddiaçı və X15 tərəfindən faktiki qəbul edilmiş hesab edilsin. Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-433A (KOD ********) nömrəli şəhadətnamə əsasında X3 mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsi dair İddiaçı ½ hissədə, X11 ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar