Məhkəmə qərarları › İş №2(055)-926/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-926/2025

07.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-926/2025 07.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və İddiaçı2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin və onlara məxsus əmlakların fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə iddia ərizəsi ilə məhkəməyə müracitə edərək Saatlı rayonu Azadkənd kəndində yerləşən, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 Mehdi qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus olan əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən digər iddiaçıların nümayəndəsi və İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında fərdi yaşayış evləri vardır və həmin ev hazırda onun və digər iddiaçıların adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmışdır. Bu barədə onlara Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətinin 13 saylı Ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Hazırda onlar mülkiyyətlərində olan qeydi etdiyi fərdi yaşayış evindən və yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Buna səbəb isə bibisi oğlu Cavabdeh2 və digər cavabdehlərdir. Cavabdehlər fermada yaşadıqları üçün 2014-cü il tarixdə atası X2 onları öz yaşadığı evə gətirmişdir. Bir müddət keçdikdən sonra cavabdehlər başqa evə köçüb orada yaşamışlar. Daha sonra onlar Bakı şəhərinə getdikləri üçün evi cavabdehlərə satmışlar. Evin dəyəri ilə bağlı Cavabdeh2lə 24000 manata razılaşmışlar və Elçin 2 il müddətində hissə-hissə olmaqla onlara 4000 manat pul vermişdir. Lakin, qalan 20000 manat pulu verməmişdir. Bu müddətdə Elgün və digər cavabdehlər onların evlərinə köçərək yaşamağa başlamışlar. Hazırda Cavabdeh2 nə onların qalan 20000 manat pulunu verir, nə də ki, evlərindən digər cavabdehlərlə birlikdə çıxmır. Beləliklə, cavabdehlər evlərindən qanunsuz istifadə edirlər, onların mənzil toxunulmazlığı və mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Dəfələrlə cavabdehlərə evlərindən çıxmalarını bildirsə də onlar onun tələbinə məhəl qoymamışlar. Əlavə olaraq bildirir ki, cavabdehdən evi tələb etdikdə, ona 10000 manat pul təklif etmişdir. Odur ki, iddiası əsaslıdır və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 18 ildir ki, iddiaçının mübahisələndirdiyi evdə yaşayır. Hazırda onun və digər cavabdehlərin evdən çıxmaq fikirləri yoxdur. Çünki, onlar evi pul qarşılığında almışlar. Bildirmək istəyir ki, mübahisələndirilən evi dayısı Şakir onlara satmışdır. Onlarda də qərara gəlmişlər ki, həmin evi alsınlae və 4000 manat qarşılığında evi almışlar. Onların aralarında 24000 manat məbləğində razılaşma olmamışdır. Həmçinin o, evə xərc çəkmiş və evin ondan alınacağı təqdirdi həmin xərcləri də tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddianı qəbul etməyərək Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********41-10301 reyest nömrəli Çıxarışdan görünür ki, Saatlı rayonu, Azədakənd kəndi (yeni qaydalarla: Saatlı rayonu, Azədakənd kəndi, Həsən bəy Zərdabi küçəsi giriş 166) yerləşən fərdi yaşayış evi İddiaçı1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətindədir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövcudluğu iş materialları ilə tam sübuta yetirlir. İşin mübahisəsiz halıdır ki, iddiaçılar fərdi yaşayış evinin mülkiyyətçiləridir və onların fərdi yaşayış evinə mülkiyyət hüquqları qeydiyyata alınmaqla bu barədə Çıxarış verilmişdir. İkinci dispozitiv şərtin olması, yəni fərdi yaşayış evinin başqa şəxslərin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki cavabdeh izahatında, mülkiyyət hüququnun iddialarda olmasına baxmayaraq fərdi yaşayış evinin onlara məxsus olmasını iddia edirlər, lakin bunu təsdiq edəcək heç bir sübut təqdim etmir. Bu isə əmlakın (fərdi yaşayış evinin) cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, bütün şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar hazırkı iddia tələbini irəli sürməklə fərdi yaşayış evini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçılar fərdi yaşayış evinin mülkiyyətçiləridir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus əmlaklarla birlikdə Saatlı rayonu, Azədakənd kəndində (yeni qaydalarla: Saatlı rayonu, Azədakənd kəndi, Həsən bəy Zərdabi küçəsi giriş 166) yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus əmlaklarla birlikdə Saatlı rayonu, Azədakənd kəndində (yeni qaydalarla: Saatlı rayonu, Azədakənd kəndi, Həsən bəy Zərdabi küçəsi giriş 166) yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar