Məhkəmə qərarları › İş №2(056)-104/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-104/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-104/2023 24.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı Sabirabad rayon Quruzma bələdiyyəsinin sədri X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Sabirabad rayon Quruzma bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək icarəyə verilmiş torpaq sahəsinin bələdiyyəyə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Sabirabad rayon Quruzma bələdiyyəsi Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək icarəyə verilmiş torpaq sahəsinin bələdiyyəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Quruzma bələdiyyəsinin mülkiyyətinə aid 10.84 ha örüş torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi ilə bağlı bağlanılmış xx.xx.2019ci il tarixli icarə müqaviləsinə xilam verilərək torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sabirabad rayon Quruzma bələdiyyəsinin sədri X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Sabirabad rayon Quruzma bələdiyyəsi tərəfindən Kovlar kəndində yerləşən 10,84 ha örüş torpaq sahəsi 15 il müddətinə Cavabdeh icarəyə verilmiş və bələdiyyə arasında xx.xx.2019-cu il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə verilmişdir. Lakin icarəçi torpaq sahəsinin təyinatını qanunsuz dəyişdirərək əkin işləri həyata keçirmişdir Bələdiyyə tərəfindən edilmiş rəsmi və şifahi xəbərdarlığa baxmayaraq heç bir nəticə olmamışdır. Əraziyə ƏMDXnin Şirvan Ərazi Şöbəsinin əməkdaşları tərəfindən də baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, 10,84 ha torpaq sahəsi təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilərək kənd təsərrüfatı məhsulları əkilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Hazırda o, göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Kovlar kəndində yerləşən 10,84 ha örüş torpaq sahəsi 15 il müddətinə Quruzma Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamaqla icarəyə götürmüşdür. O, keçirilmiş hərrac qalibi olduğu üçün icarə müqaviləsi onunla bağlanmışdır. Hərracı udarkən icarəyə götürdüyü torpaq sahəsinin təyinatının əkin təyinatı olduğunu zənn etmiş, torpaqla bağlı çıxarış əldə etdiyi zaman ona torpağın təyinatının örüş otlaq təyinatlı olduğunu bilmişdir. Buna baxmayaraq, X1 əvvəlki Bələdiyyə sədri ona torpağı əkməklə bağlı problem oldmadığını, əkə biləcəyini bildirmiş, o da həmin torpaqda əkin əkmişdir. Sonradan torpaq sahəsinə yoxlama gəlib yoxlama işləri aparmış, Torpaqda əkin işləri apardığına görə onu 500 manat cərimə etmişlər və o, həmin cəriməni tam olaraq ödəmişdir. Məhsullarını yığandan sonra torpağın təyinatını pozmamışdır. Dekabrda pambıq yığmışdır. Həmin torpaq sahəsi ona icarəyə verilməmişdən əvvəl də əkilmişdir. O da torpağı əkinə görə almışdır. Xeyli torpağa xərc çəkmişdir. Həmin torpaq sahəsinə kollektor atdırmış və su çəkdirmişdir. Odur ki, məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 11 dekabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən Quruzma bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qısa müddətə, yəni 15 il müddətə 10,84 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad Rayonunun Quruzma Bələdiyyəsinin mülkiyyətində olan Sabirabad rayonu Kovlar kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı (örüş otlaq) 10.84 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli İcraə müqaviləsi əsasında Cavabdeh xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Quruzma bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 saylı iclas protokolundan görünür ki, X4 Sabirabad Rayonunun Quruzma Bələdiyyəsinin sədri vəzifəsindən azad olunması, X2 Sabirabad Rayonunun Quruzma Bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Quruzma bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 29 saylı iclas protokolundan görünür ki, gündəlikdə olan digər məsələlərlə yanaşı Cavabdeh ilə bələdiyyə arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş torpaq sahəsinin bələdiyyəyə qaytarılması üçün Sabirabad rayon məhkəməsində iddia qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN No ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabirabad rayon Quruzma bələdiyyəsinin ərazisindən bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı, örüş kateqoriyalı heyvandarlıq məqsədi ilə icarəsinə verilmiş 10,84 ha torpaqdan Cavabdeh təyinatı üzrə istifadə etməmiş, həmin torpaq sahəsini şumlamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh 500 manat cərimə məbləğini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan və əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.2-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, torpaq sahələrinin məhdudiyyətli istifadəsi 0 torpaq sahəsində onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. 11.4-cü maddəsinə əsasən, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. 73.1-ci maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə xitam verilir. 75.1-ci maddəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna is müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Beləliklə, məhkəmə işin hallarını sadalanan qanunvericilik normaları kontekstində qiymətləndirərək hesab edir ki, Cavabdeh iddiaçı Quruzma Bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl etməməsi, yəni onun tərəfindən icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi cavabdehin özünün məhkəmə iclasında vermiş olduğu izahatı, onun yol vermiş olduğu inzibati xəta pozuntusu, bu xüsusda barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi, bu pozuntu ilə razılaşıb təyin edilmiş cərimə tənbehini ödəmiş olması ilə tam təsdiqini tapır. Ona görə də iddia tələbi tam əsaslı hesab edilərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməli, icarə müqaviləsinə xitam verilmiş olması halı nəzərə alınaraq artıq cavabdehin qanunsuz istifadəsində qalmış hesab edilən Quruzma Bələdiyyəsinin mülkiyyətində olan və Kovlar kəndində yerləşən 10,84 ha örüş torpaq sahəsi Quruzma Bələdiyyəsinin sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Sabirabad rayon Quruzma bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilsin və Quruzma Bələdiyyəsinin mülkiyyətində olan və Kovlar kəndində yerləşən 10,84 ha örüş torpaq sahəsi Quruzma Bələdiyyəsinin sahibliyinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar