Məhkəmə qərarları › İş №2(056)-1133/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1133/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1133/2024 15.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh Sabirabad şəhəri, S.Vurğun adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad şəhəri, S.Vurğun adına 3 saylı tam orta məktəbinə qarşı “intizam tənbehi olan töhmətin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabirabad şəhəri, S.Vurğun adına 3 saylı tam orta məktəbinə qarşı “intizam tənbehi olan töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad şəhər, Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən 6 nömrəli əmrlə onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli töhmət-intizam tədbirinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Sabirabad şəhərində yerləşən Səməd Vurğun adına 3 saylı tam orta məktəbin rus dili müəlliməsi vəzifəsində çalışır. Həmçinin həmin məktəbdə 2015-ci ildən tərbiyə işləri üzrə direktor müavini vəzifəsini də icra edir. Ali təhsillidir və 37 il pedoqoji stajı vardır. xx.xx.2024-cü il tarixdə işlədiyi məktəbin direktoru Cavabdeh tərəfindən 06 nömrəli əmrlə ona intizam cəza tədbiri olaraq töhmət verilmişdir. Ona verilən töhmət intizam cəzası əsassız və qanunsuzdur. O, Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ilk olaraq fərdi əmək mübahisəsini həll edən orqan kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsininə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq ona verilən xx.xx.2024-cü il tarixli, 3-29-41/2-M-24-4/2024 saylı məktubda göstərilmişdir ki, onun müraciətinə Mil-Muğan Regional Təhsil İdarəsində aidiyyəti üzrə baxılmış, məktəbdə araşdırma aparılmış və nəticədə töhmətin ləğv edilməsi zəruri hesab edilməmişdir. Bundan sonra o, 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış təqdim olunmuşdur. Ona verilən töhmət əsassızdır. Əmrdə qeyd edilmişdir ki, o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi müəllimlərlə qərəzli rəftar etmiş, mütəmadi olaraq işə gecikmiş, müəllimlərin etik davranış qaydalarına riayət etməmiş, bəzi dərsləri boş buraxmış, xx.xx.2024-cü il tarixdə 9-cu sinifdə boş qoyduğu dərsdə şagirdlər yaranmış boşluqdan istifadə edərək kart oynamışlar. Cavabdeh tərəf Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq ondan izahat alınmasını da zəruri hesab etməmişdir. Sübut etmə vəzifəsi töhmət verən orqanın üzərinə düşür. Göstərilənlər hamısı yalandır. Bu məktəbin direktoru Cavabdeh ona qarşı olan qərəzli münasibətinin nəticəsidir. Hesab edir ki, cavabdehin məqsədi məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini kimi onun nüfuzunu alçaltmaqdır. Cavabdehin onunla qərəzli olmasının səbəbləri direktor müavini kimi bəzi müəllimlərin dərsə davamiyyəti barədə verdiyi təqdimatlarla bağlıdır. İntizam tənbehi intizam hadisəsi baş verəndən sonra 1 ay ərzində tətbiq olunmalıdır. Lakin töhmət verilməsi barədə əmrdə göstərilənlərin nə vaxt baş verməsi məlum deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixində onun guya boş qoyduğu dərsdə uşaqların kart oynamasının təsdiqi olaraq uşaqlar tərəfindən akt tərtib edilərək imzalansa da, həmin aktda adı çəkilən uşaqların bir neçəsi dərsə gəlməmiş, buna görə jurnalda “qaib” işarəsi qoyulmuşdur. Bu hal da onu göstərir ki, uşaqlara həmin akt sonradan tərtib etdirilib imza etdirilmiş, saxta akt tərtib olunmuşdur. İddia tələbində də qeyd etdiyi kimi onun barəsində verilmiş töhmət tənbehi yalnız qərəzli olaraq tərtib edilmişdir. Hazırda o, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Sabirabad şəhəri S.Vurğun adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, əmrdə qeyd edildiyi kimi iddiaçı direktor müavini vəzifəsini icra etməsindən istifadə edərək məktəbin müəllimləri ilə kobud rəftar edir, bir neçə dəfə dərslərə gecikmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində 9-cu sinifdə dərsini boş qoymasının nəticəsi olaraq şagirdlər kart oynamışlar. O, bu faktı aşkar etmiş, şagirlərin izahatını almış, müvafiq sənədləşmə işlərini həyata keçirmişdir. İddiaçının pedaqoq olmasını və məktəbin nüfuzunu fikirləşərək həyata keçirdiyi sənədləşməni polis orqanına tədbir görülməsi üçün təqdim etməmiş, müəllimə barəsində töhmət tənbehi verilmişdir. Xatirə müəllimə töhmət tənbehindən narazı qalıb Təhsil İdarəsinə də məhkəmədən əvvəl müraciət etmiş, orada da araşdırma aparılmış, töhmətin əsaslı olduğu öz təsdiqini tapmışdır. Müəllimə ona qarşı qərəzli mövqe nümayiş etdirilməsini bildirsə də, bu dəqiqə məktəbin bütün müəllim kollektivi dinlənilərsə, müəllimənin kollektivə qarşı münasibəti tam aydın olar. Hazırda da həmin müəllimlərdən bir neçəsi iddiaçının məktəbdə yaratdığı şərait, davranışları ilə bağlı izahat verə bilmək üçün məhkəməyə gəlmişlər. Əgər uyğun hesab edilərsə o, həmin müəllimlərin də dindirilməsini istəyər. Bundan əlavə, müəllimə iddia edir ki, xx.xx.2024-cü il tarixdə şagirdlərin kart oynaması ilə bağlı şagirdlər tərəfindən tərtib edilmiş aktda adı keçən şagirlərdən bir neçəsi həmin gün ümumiyyətlə dərsdə olmamışdır. Lakin o, məhkəmənin təklifi ilə jurnalı məhkəməyə gətirmiş, jurnal xx.xx.2024-cü il tarixinə münasibətdə tədqiq edilərkən müəyyən edilmişdir ki, üzrlü səbəblə əlaqədar məktəbə daimi gələ bilməyən Qasımova Yenigül və Nəsirov Musa adlı şagirdlərin adları qarşısında yazılmış “qaib” işarəsinin yazıldığı qələm yazısı Hüseynli Əfsər, Hüseynli Fərhad və Kərimli Paşa adlı şagirdlərin adları qarşısında yazılmış “qaib” işarəsinin yazıldığı qələm yazısında tamamilə fərqlənir. Məhkəmə bu fərqin səbəbi barədə iddiaçıya sual verəndə iddiaçı qələmin boyasının bitmiş ola bilməsi ilə səbəbi əlaqələndirməyə çalışmışdır. Jurnal qeyd edilən gün tarixinə münasibətdə tam dəqiq ediləndə də müəyyən edildi ki, adları qarşısında sonradan “qaib” işarəsi yazılmış şagirdlər məktəbdə və digər dərslərdə olmuşlar. Həmçinin o da qeyd edilməlidir ki, jurnal tədqiq ediləndə müəllimənin tədris etdiyi Rus-dili fənni üzrə kiçik summativ olduğu müəyyən edilmiş, adları çəkilən şagirdlər də digər şagirdlər kimi summativdən qiymət almışlar. Dərsdə iştirak etməmiş şagirdin kiçik summativdən qiymət alması da absurd haldır. Bütün bunlar onu göstərir ki, müəllimə sonradan jurnala düzəliş etmiş, göstərilən şagirdlərin adları qarşısına “qaib” işarəsini əlavə etmişdir. Müəllimə ona verilmiş töhmət tənbehinin əsassız olduğunu iddia etsə də, göründüyü kimi, digər hallar kənara qoyulduqda belə müəllimənin etdiyi saxtakarlıq göz önündədir. Hazırda o, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, o, həmin məktəbdə 9-cu sinifin sinif rəhbəri vəzifəsində müəllim işləyir. Cavabdeh 2 ildir ki, qeyd olunan məktəbdə direktor vəzifəsində işləyir və vəzifə borcunu layiqincə yerinə yetirir. İddiaçı Cavabdeh əvvəl məktəbin direktoru vəzifəsini icra etmiş, Cavabdeh məktəbə direktor təyin olunandan sonra sanki vəzifəsini itirmənin səbəbini Rəvanə müəllimədə və digər müəllimlərdə görməyə başlamış, dərsə davamiyyət qaydalarını pozmağa, dərslərini boş qoymağa, müəllimlərlə kobud rəftar etməyə başlamışdır. Xatirə müəllim xx.xx.2024-cü il tarixdə dərsini boş qoymuş, bunun nəticəsi olaraq sinif rəhbəri olduğu uşaqlar onun boş dərsində kart oynamışlar. O, şəxsən özü kart oynamalarının səbəbi barədə uşaqlardan soruşmuş və uşaqlar səbəb olaraq dərsin boş olmasını və buna görə də kart oynadıqlarını bildirmişlər. Bu barədə aktda da imza etmişlər. İddiaçı sonradan jurnala düzəliş etmiş və xx.xx.2024-cü il tarixdə uşaqların bir neçəsi dərsdə ola-ola onlara qayıb yazmışdır. Bundan əlavə, İddiaçı daim koridorda qışqıra-qışqıra gəzir, nəticədə sakitliyi pozaraq dərslərin keçirilməsinə maneə yaradır. Xatirənin müəllimənin digər müəllimlərlə də münasibəti normal deyil. O, dərs bölgüsünü də müəllimlər arasında qərəzli bölmüş, buna görə də daim müəllimlər narazılıqlarını ifadə etmişlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sabirabad rayon S.Vurğun adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 06 nömrəli əmrin surətindən görünür ki, İddiaçı – məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi müəllimlərlə qərəzli rəftar etdiyinə, mütəmadi olaraq işə gecikdiyinə, vəzifə funkisyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyinə, bəzi dərsləri “direktorun yanında işim var, o çağırıb” bəhanəsi ilə boş qoyduğuna, xx.xx.2024-cü il tarixdə 9-cu sinifdə boş qoyduğu dərsində şagirdlər yaranmış boşluqda istifadə edərək kart oynamasına görə “Töhmət” verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-41/2-M-24-4/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin İX sinif şagirdləri təsviri incəsənət müəllimi Tünzalə Mehralıyeva və İddiaçı dərsi zamanı nəzarətsiz qalmışlar, bundan istifadə edərək məktəbin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş və eyni zamanda mobil telefon vasitəsi ilə sosial şəbəkələrdə paylaşım etmişlər. Bu səbəbdən də, Tünzalə Mehralıyeva və İddiaçı məktəbin direktoru Cavabdeh tərəfindən töhmət elan olunmuşdur. İş materiallarında olan təqdimatlardan görünür ki, İddiaçı tərəfindən məktəbin direktoru Cavabdeh müraciətlər edilmiş və təqdimatda qeyd olunan şəxslər barəsində akt tərtib edilərək onların izahatları alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, İddiaçı işə gecikməsi, “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyinə, bəzi dərsləri boş qoyduğuna, xx.xx.2024-cü il tarixdə 9-cu sinifdə boş qoyduğu dərsində şagirdlər yaranmış boşluqda istifadə edərək kart oynamaları barədə aktlar tərtib edilmiş, həmçinin İddiaçı qeyd olunan hallarla bağlı izahat verməkdən imtina etməsi barədə də akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sinif jurnalından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Hüseynli Əfsər, Hüseynli Fərhad və Kərimli Paşa adlı məktəbin şagirdləri dərsdə olduqları halda onlara qayıb qoymuşdur. Eyni tarixdə isə digər müəllimlər tərəfindən sinif jurnalında olan qeydlərdən görünür ki, həmin şagirdlər həmin gün bütün dərslərdə olmuşlar. Qeyd olunan jurnaldan çıxarışdan həmçinin görünür ki, xx.xx.2024-cü il tarixində 9-cu sinifdə Rus-dili fənnindən kiçik summativ olmuş, qiymətləndirmə hissəsində həmin tarixə adları qarşısında “qaib” işarəsi qoyulmuş Hüseynli Əfsər, Hüseynli Fərhad və Kərimli Paşa adlı məktəbin şagirdləri qiymət almışlar. Məhkəməyə həmçinin Sabirabad rayon S.Vurğun adına 3 saylı tam orta məktəbin müəllimləri X2,X3 və X1 məktəbin direktoru Cavabdeh İddiaçı barəsində ünvanlanmış 2023cü ilin dekabr ayına aid ərizələr, xx.xx.2024-cü il tarixli 9-cu sinif şagirdlərinin tərtib etdiyi akt və onların izahatları, həmçinin fotoşəkillər təqdim edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Beləliklə məhkəmə izahatları dinlədikdən sonra iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı onun barəsində tətbiq edilmiş “töhmət” tənbeh tədbirinin əsassız olaraq tətbiq edildiyini bildirmiş olsa da, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı intizam tənbehi əmrinin əsassızlığı barədə hər hansı mötəbər sübuta istinad edə bilməmiş, əksinə, təqdim edilmiş sübutlarla İddiaçı sinif jurnalında dəyişiklik etməsi (və ya etdirməsi), məktəbin bir neçə müəlliminin hələ 2023-cü ilin dekabr ayında İddiaçı barəsində məktəbin direktoruna şikayət xarakterli müraciətlər etməsi, sinif otağında şagirdin Xatirə müəlliməyə arxası dönük şəkildə oturması, müəllimənin isə telefonla məşğul olması, şagirdlərin dərsdə kart oynamış olması faktı müəyyən edilmişdir. Odur ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar