Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-123/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehə satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «cavabdehə satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə verilməli olan pul öhdəliyinin icrası ilə əlaqədar ödənilməmiş qalmış 3450 (üç min dörd yüz əlli) manat, ödənilmiş dövlət rüsumu əvəzində 54 manat 50 qəpik, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 60 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasnıda iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Kürdəmir şəhərində mebel və digər cehiz əmlakları satışı ilə məşğul olan mağazada işləyir. Vergi ödəyicisidir. Cavabdeh, Sabirabad rayonu, Axısxa kəndində yaşayan Cavabdeh 24 mart 2022-ci ildə mağazadan yataq və qonaq dəstindən ibarət mebel və digər cehizlik malları nisyə olaraq almışdır. Onun götürdüyü malın cəmi qiyməti 4410 manat manat təşkil edirdi. Mebel dəstlərinin qiyməti 2690 manat, künc divanının qiyməti 560 manat, taxt döşəyinin qiyməti 100 manat, «kitayka» stulun qiyməti 300 manat, LSD «Fişer» 650 manat, gecə lampası 30 manat təşkil edirdi. Bundan əlavə ona satılmış qeyd olunan malların onun Saatlı rayonunda yaşayan qudasının evinə aparılması və quraşdırılması üçün tərəfindən 80 manat pul ödənilmişdir. Cavabdehla belə razılaşmışlar ki, ilk 4 ay müddətində 2000 manat, bir il ərzində isə qalan 2410 manatı qaytarmalı idi. Bu günə kimi cavabdeh tərəfindən hissə hissə, yəni 150 manat, 150 manat, 160 manat, 150 manat, 150 manat, 200 manat olmaqla, cəmi 960 manat ödənilmiş, 24 mart 2023-cü ildən hal hazıra kimi 3450 manat ödənilməmiş qalmışdır. 24 mart 2023-cü ildə cavabdehlə armızda nisyə alqı satqı müqaviləsi əsasında onun 3450 manat borclu qalmasını təsdiq edən sənəd tərtib edərək hər ikisi tərəfindən imzalanmışdır. Lakin Cavabdeh bu günə kimi satılmış mala görə verilməli olan pul öhdəliyini tam şəkildə icra etməmişdir. Cavabdeh ona borclu olduğunu etiraf edərək ödəyəcəyini söz versə də, bu günə kimi ödəməmişdir. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malları qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyinə tam əməl etməmişdir. Cavabdeh mağazadan aldığı mebel dəstləri və digər əmlakları natura formasında qaytara bilər. Hazırda o, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı onun dostudur. Cavabdeh isə onun həmkəndlisidir. Səhv etmirsə 2022-ci ildə Əlixan qızını evləndirib gəlinin köçürürdü və cehiz almaq istəyirdi. Lakin cehizi nağd almağa pulu yox idi. Əlixan ona onun mebel satıcısı tanışının olduğunu eşitdyini, nisyə mebel almaq istədiyini bildirmiş və ona köməklik göstərməsini xahiş etmişdir. O, bundan sonra Teyfurla danışıb Əlixanı Teyfurun yanına aparmış, Əlixanın qızı və arvadı da getmişdir. Onlar mebel dəstinə baxaraq bəyənib qiyməti barədə razılaşmışlar. Həmin günü günortadan sonra və ya səhəri Teyfur Əlixana mebel dəstini göndərmiş, həmin vaxt ödəniş edilməmişdir. Danışığa görə toydan sonra 2000 manat, qalanını isə hissə-hissə ödəməyi Əlixan öhdəsinə götürmüşdür. Mebel dəstinin ümumi məbləği 4000 manatdan yuxarı olmuşdur. Teyfur onunla danışan zaman Əlixanın ödəniş etməməsini, Əlixana pulunu ödəməsini bildirəsini xahiş etmiş, o, Əlixana Teyfura borclu olduğu pulu ödəməsini dedikdə, Əlixan ilk əvvəl hər ay 100 manat ödəyəcəyinə söz versə də, sonradan verdiyi vədə əməl etməmişdir. Sonuncu dəfə Teyfurun xahişi ilə o, Əlixanla danışanda Əlixan pulu olmadığını, ödəniş edə bilməyəcəyini, Teyfur istəyirsə gedib mebelləri qızının evindən götürməsini bildirmişdir. Əlixanın arvadı işləyir, oğlu pensiya alır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materillarında olan satıcı və alıcı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, satıcı qismində İddiaçı yataq mebeli, qonaq dəsti və qeyri cehizlik malları cəmi 4410 manata alıcı qismində Cavabdeh satmış, hər ay ödənilən məbləğ bölməsində 4 aya 2000 verəcək, qalanını 1 il qeydi aparılmış, aşağı hissəsində isə 150-150-160-150-150-200=3450 yazısı, cəm borcun ödənilmə tarixi bölməsində isə xx.xx.2023-cü yazılmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2023-cü ildə 4410 manat dəyərində mebel dəstini Cavabdeh nisyə olaraq satmışdır. Borcun ödənilmə qaydası 4 aya 2000 manat, qalan borcun 1 ilə ödənilməsi kimi tərəflər arasında müəyyənləşdirilmiş, cavabdeh həmin borcdan 960 manat ödəniş etmiş, qalan 3450 manatını isə ödəməmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. İş üzrə iddiaçının izahatından və şahidin ifadəsindən görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibəti olmuş, iddiaçı satmış olduğu mebelləri cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək satın almış olduğu mebelıərin dəyərini iddiaçıya tam qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 3450 manat pulun qaytarılması hissəsində tam əsaslı hesab edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,50 manat pulun və MPM-nin 121.1-ci maddəsinə əsasən çəkilmiş xərc olaraq 60 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, həmçinin qeyd edilən tələblər üzrə də müvafiq ödənişlərin həyata keçirilmiş olması iş materialları ilə tam təsdiqini tapdığından iddia tələbi bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 3450 manat, hüquqi yardıma görə 60 manat və ödənilmiş dövlət rüsumu 54,50 manat olmaqla, cəmi 3564,50 (üç min beş yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-123/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-123/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver