Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1455/2023 22.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, iddiaçı Sabirabad rayonu Quruzma Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sabirabad rayonu Quruzma Bələdiyyəsinin Cavabdeh qarşı «özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sabirabad rayonu Quruzma Bələdiyyəsi Cavabdeh qarşı «özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid Sabirabad rayonu Qəzli kəndində yerləşən 250 kv.m torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Qəzli kənd sakini X4 ƏMDK Şirvan Ərazi Şöbəsinə daxil olmuş müraciəti ilə əlaqədar bələdiyyə sədrinin, ƏMDX Şirvan Ərazi Şöbəsinin məsləhətçilərinin, müraciət müəlliflərinin və cavabdehin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən istifadə olunan təmir sexinin yerləşdiyi 250 kv.m torpaq sahəsi baza xəritə materiallarında bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları kateqoriyalı, ictimai tikili uqodiyalı olaraq göstərilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin sahə zəbt edilmişdir. Baxışın nəticəsinə dair müvafiq aktlar tərtib edilmişdir. Cavabdehə torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Odur ki, Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 250 kv.m torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyə sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Sabirabad rayonu Quruzma Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması barədə bildiriş göndərilmiş və əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçisi Vəli Əliyevin, Sabirabad rayonu Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərovun, Sabirabad rayon Quruzma bələdiyyəsinin nümayəndəsi Baba Məmmədovun, Sabirabad rayon Qəzli kənd sakini Murad Məmmədovun, Sabirabad rayon Qəzli kənd sakini Sədyar Xankişiyevin iştirakları ilə akt tərtib edilmişdir. Akt tərtib edilmişdir ondan ötrü ki, Sabirabad rayon Qəzli kənd sakini X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında olan tikintidən həmkəndlisi Sədyar Xankişiyev qanunsuz istifadə etdiyini bildirmiş, həmin müraciətlə əlaqədar Quruzma bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazinin Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz olaraq istifadə edildiyi müəyyən olunmuşdur. Aktın doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayonu, Quruzma bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, iclas protokolundan çıxarışdan görünür ki, zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin zəbtdən azad olunması və həmin sahələrin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-nın 4.1-ci və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, həqiqətən də Sabirabad rayonu Quruzma Bələdiyyəsinin balansında olan 250 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən hər hansı əsas olmadan təmir sexi inşa edilməklə istifadə edilməkdədir. Bu barədə akt tərtib edilərkən həmin aktı da cavabdeh imza etməklə aktda göstərilən halların doğru olmasını dolayısı ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14.1-ci maddəsinə əsasən “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi, bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması, dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi yolu ilə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini əldə edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, Sabirabad rayonu Quruzma bələdiyyəsinin mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsində yerləşən təmir sexi Cavabdeh istifadəsinə verilməsi barədə hər hansı bir sənəd müəyyən edilməmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, boşaldılması tələb olunan 250 kv.m torpaq sahəsi iddiaçı Sabirabad rayonu Quruzma bələdiyyəsinin mülkiyyətində olduğundan, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə və torpağın üzərindəki hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı torpağın mülkiyyətçisi və sahibi kimi əmlakına qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və həmin əmlakın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının mülkiyyətində olan 250 kv.m torpaq sahəsindən cavabdeh çıxarılmalı və həmin əmlak iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh tərəfindən zəbt olunmuş Sabirabad rayonu, Quruzma bələdiyyəsinin mülkiyyətinə aid 250 kv.m torpaq sahəsi zəbtdən azad olunsun və həmin sahə Sabirabad rayonu, Quruzma bələdiyyəsinin sahibliyinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1455/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1455/2023
22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver