Məhkəmə qərarları › İş №2(056)-15/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-15/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-15/2023 14.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbi barədə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X8 - Cavabdeh qarşı“torpaq sahəsinin boşaldılması və qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad RAİK-ın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında onların mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında fərdi yaşayış evi tikilməsi üçün onların (iddiaçıların) mülkiyyətinə 0,36 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini cavabdeh olan həmkəndliləri Cavabdeh qanunsuz istifadə edərək onların mülkiyyət hüquqlarını pozur. Torpağın Mülkiyyətə Verilməsinə dair JN267A KOD 90914038 nömrəli şəhadətnamədə adı qeyd olunan X6 ölmüş və bu barədə ölüm haqqında şəhadətnamə işə əlavə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçılar İddiaçı4 və X8 iddianı müdafi edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək, etirazının əsası kimi mübahisəli torpaq sahəsininTorpağın mülkiyyətə verilməsinə dair JN270A KOD 90914038 nömrəli Şəhadətnamə əsasında onun mülkiyyətində olmasını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-267A, KOD 90914038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan JN270A KOD 90914038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,45 ha. torpaq sahəsi Cavabdeh və 5 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş Smetadan görünür ki, ekspertiza xərclərinin dəyəri 95 manat təşkil edir, həmçinin iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, qeyd olunan məbləğ iddiaçılar tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnaməyə əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0.36 ha. (0,42 ha) torpaq sahəsinin mübahisəli 78 kv.m. hissəsi cavabdeh G.B.Baxışevin və ya hərhansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçilərin razılığı olmadığı halda, cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçıların ümumi birgə mülkiyyəti hesab edilən Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. (0,42 ha) torpaq sahəsinin boşaldılması tələb olunan mübahisəli 78 kv.m. hissəsi iddiaçıların mülkiyyəti olduğu üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə bu hüququ həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsinin mübahisəli 78 kv.m. hissəsindən istifadə olunması cavabdeh tərəfindən dayandırılmalı, o, həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci və 124.2-ci maddələrində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə çəkilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçılara qaytarılsın. xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95(doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh müştərək qaydada tutulub İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar