Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1788/2024 23.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi, İddiaçı və həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Beşdəli kəndində yerləşən və paylı mülkiyyətlərində olan 0.13 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılaraq torpaq sahəsi və üzərində yerləşən evin onlara təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ataları X1 xx.xx.2004-cü ildə, anaları X2 xx.xx.2012-ci ildə vəfat etmişdir. Onlar birgə nikahları dövründə Yaxa-Dəllək kəndində ev tikərək orada yaşamışlar. Ataları vəfat edəndən sonra ev analarının adına rəsmiləşdirilmiş, analarının ölümündən sonra kimsənin adına rəsmiləşdirilməmişdir. Sonradan Kür və Araz çaylarının daşması ilə əlaqədar ev qəzalı vəziyyətə düşmüş, bu səbəbdən həmin evin yerində iki otaqlı fərdi yaşayış evi tikilərək onlara verilmişdir. 2022-ci ildə evin yerləşdiyi torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. Yəni evin yerləşdiyi torpaq sahəsi hazırda onların paylı mülkiyyətindədir. Cavabdeh həmin evi zəbt edərək orada ailəsi ilə yaşayır. Dəfələrlə çıxmalarını tələb etsələr də, buna nailə ola bilməmişlər. Göründüyü kimi, onların mülkiyyət hüquqları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, rəsmi sənədləri olmasa da, çıxarılması tələb edilən evi iddiaçının qardaşları mərhum Arif və digər iddiaçı Habildən 10 ildən çox olar ki, 9000 manata satın almışdır. Onlar əslində qohumdurlar, yəni dayıoğlu və bibioğludurlar. Əslində həmin zamanlar onun iddiaçıların evini almaq fikri yox idi. Onu pula ehtiyacları olmasını bildirib evi satın almağa məcbur etmişlər. Həmin evi almaq üçün o, bankdan kredit götürmüş, həmçinin mal-qarasını, özünün pay torpağını satmış, pulu hissə-hissə Arif və Habilə vermişdir. Həmin zamanlar evin sənədləri olmadığı üçün ona evin sənədlərini düzəltməyi tapşırmışlar ki, sənədlər düzələndən sonra notariusda alqı-satqı müqaviləsi bağlasınlar. O, sənədləri düzəltdikdən sonra Akif notariusa getməkdən imtina etdi. Hazırda o, evi və torpaq sahəsini dəyərini ödəməklə satın aldığı üçün iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Beşdəli kəndində 0,13 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil olan torpaq sahəsi 8/27 hissədə İddiaçı2, 19/27 hissədə İddiaçı1 xüsusi mülkiyyətindədir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə izahatları dinləyib, iş materialına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar olduğundan və iddiaçıların mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, Sabirabad rayonu Beşdəli kəndində 0,13 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil olan torpaq sahəsi 8/27 hissədə İddiaçı2, 19/27 hissədə İddiaçı1 xüsusi mülkiyyətindədir və cavabdeh özü də məhkəmə iclasında hazırda həmin torpaq sahəsində yerləşən evdə yaşamasını etiraf etmişdir. Cavabdehin iddia tələbinin təmin edilməməsinin əsası kimi istinad etdiyi hallara gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh hazırda mübahisələndirilən torpaq sahəsi və evə dair iddiaçılardan Habil və onun mərhum qardaşı Akif adlı şəxslə şifahi alqı-satqı müqaviləsi bağlamasına istinad etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi Mülki qanunvericiliyin tələbinə görə yazılı və notarial qaydada bağlanmalıdır. Odur ki, cavabdehin dəlilləri hazırki iddia tələbinin rədd edilməsinin əsasını təşkil edə bilməz. Cavabdehin mülkiyyətdə olan torpaq sahəsi ilə yanaşı, onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlı tələbə münasibətdə isə qeyd edilməlidir ki, hər iki tərəf xüsusi mülkiyyətdə olan və hazırda çıxarla tələbi irəli sürülmüş torpaq sahəsi üzərində fərdi yaşayış evi olmasını etiraf etmişdir. Həmin evin xüsusi mülkiyyətdə olmasına dair sübut mövcud olmasa da, iddiaçıların həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sabirabad rayonunun Beşdəli kəndində yerləşən və iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan 0.13 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılaraq torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1788/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1788/2024
23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver