Məhkəmə qərarları › İş №2(056)-19/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-19/2025

24.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-19/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin payına düşən hissəyə istifadə hüququna 3600 (üç min altı yüz) manat kompensasiya verilməklə fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən məcbur çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması, belə bölgü mümkün olmadıqda cavabdehin payına düşən hissənin qiymətləndirilərək tərəfindən ödənilməsi, bu mümkün olmadıqda cavabdehə məxsus hissənin açıq hərracda satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198,6 kv.m, yaşayış sahəsi, 127.3 kv.m-dən və köməkçi sahəsi 71,3 kv.m olan 5 otaqlı yaşayış evinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1214/2021 saylı qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada cavabdehə 1/12, ona 11/12 hissədə payların naturada bölgüsünün aparılması, belə mümkün olmadığı halda cavabdehin payına düşən hissənin qiymətləndirilərək tərəfindən ödənilməsi, bu mümkün olmadıqda cavabdehə məxsus hissənin açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin payına düşən hissəyə istifadə hüququna 3600 (üç min altı yüz) manat kompensasiya verilməklə fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən məcbur çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1214/2021 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən qeydiyyat nömrə **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən anası X1 mülkiyyətində olmuş və onun ölümündən sonra miras qalmış ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198,6 kv.m, yaşayış sahəsi, 127.3 kv.m-dən və köməkçi sahəsi 71,3 kv.m olan 5 otaqlı yaşayış evinin 11/12 hissəsinə onun, 1/12 hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmiş, onun və hazırki cavabdehin mirası qəbul etmə faktları təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198,6 kv.m, yaşayış sahəsi, 127.3 kv.m-dən və köməkçi sahəsi 71,3 kv.m olan 5 otaqlı yaşayış evinin 11/12 hissəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən qeydiyyat nömrə **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışla mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Məhkəməyə müraciət etməsinin səbəbi odur ki, onların miras əmlaka olan payları real olaraq müəyyənləşməsinə baxmayaraq, digər payçı ilə birgə yaşayırlar. Aralarında mütəmadi münaqişələr baş verir. Hətta Sabirabad RPŞ-də barəsində bununla bağlı cinayət təqibi aparılır. Birlikdə yaşamaları mümkünsüz olduğu üçün həmin payların naturada bölgüsünün aparılması və ya payın satılmasını məhkəmədən xahiş etmək məcburiyyətindədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, zərurət yarandığı üçün o, iddia tələbi üzrə dəqiqləşmə vermişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edərək, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini iddianın rədd edilməsini xahiş etdi. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1214/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Sabirabad regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə, Cavabdeh (üçüncü şəxslər X3, Zeynalova (Quliyeva) Xanım Ağası qızı, Məmmədova (Quliyeva) Xalidə Ağası qızı və X2 qeyd edilən) qarşı “vərəsəlik” tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən qeydiyyat nömrə **********, qeydiyyat tarixi xx.xx.2020ci il olan Çıxarışa əsasən mərhum X1 mülkiyyətində olmuş və onun ölümündən sonra miras qalmış ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198,6 kv.m, yaşayış sahəsi, 127.3 kv.m-dən və köməkçi sahəsi 71,3 kv.m olan 5 otaqlı yaşayış evinin 11/12 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi, İddiaçı və Cavabdeh mirası qəbul etmə faktlarının təsdiq edilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı Ağası oğlunun adına verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 198,6 kv.m olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 11/12 hissəsinə İddiaçı mülkiyyyət hüququ xx.xx.2023-cü ildə ********** nömrə ilə qeydə alınmış, 1/12 hissəsisi açıq saxlanılmışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198,6 kv.m, yaşayış sahəsi, 127.3 kv.m-dən və köməkçi sahəsi 71,3 kv.m olan 5 otaqlı yaşayış evinə dair iddiaçı tərəfindən mülkiyyət hüququnun təsdiqi olan çıxarış əldə edilsə də, cavabdeh isə çıxarış əldə etmədiyinə görə payı açıq saxlanılsa da, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evinin hazırki tərəflərin paylı mülkiyyətinə verilməsi yuxarıda qeyd edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına əsasən, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 02/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmadıqda qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər. İddiadan imtina etdiyi halda məhkəmə tərəfindən bu qərardadın 46-cı bəndində qeyd edilən qaydalar eynilə tətbiq edilməlidir. Təcrübədən görünür ki, bəzi hallarda cavabdehlər məhkəmə prosesində müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq versələr də, sonradan qətnamənin icrası mərhələsində maddi vəziyyətlərinin pisləşməsi, hüquqdan sui-istifadə və ya hər hansı digər səbəbdən vədlərini yerinə yetirmirlər. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məhkəmə qətnamənin nəticə hissəsində onun icrası üsulunu və qaydasını dəqiq şəkildə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah etmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Beləliklə, məhkəmə işin yuxarıda sadalanan hallarını və sadalanmış hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdən payların ayrılması, paya görə kompensasiya ödənilməsi qaydası geniş və əhatəli təfsir edildiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, tələbdən də göründüyü kimi, iddiaçı cavabdehin mülkiyyət hüququna müdaxilə etməklə ona kompensasiya verməklə onun mülkiyyətində olan payından istifadə hüququna xitam verilməsini tələb etmişdir ki, bu hal yolverilməz və mülkiyyət hüququna birbaşa müdaxilə edilən haldır. Halbuki, qanunvericilik və hüquqi mövqelərlə də öz təsdiqini tapmışdır ki, mülkiyyətçi özü öz payına uyğun digər paylı mülkiyyətçilərdən kompensasiya tələb etmək hüququna malikdir. Mülkiyyətçi öz payına uyğun kompensasiya tələb etmədikdə isə paylı mülkiyyətdən payların ayrılması, bu mümkün olmadıqda digər hüquqi müxanizmlər yuxarıda göstərilmiş qaydada həyata keçirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehə kompensasiya verildikdən sonra fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin əsas hissəsi cavabdehə kompensasiya verilməklə payına olan istifadə hüququna xitam verilməsindən ibarət olduğundan, həmin hissə əsassız hesab edildiyindən, göstərilən bu hissənin də təmin edilməsi əsas tələbdən asılı olduğundan tələbin bu hissəsi də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırda əsas tələb təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin payına düşən hissəyə istifadə hüququna 3600 (üç min altı yüz) manat kompensasiya verilməklə fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən məcbur çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar