Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1977/2024 04.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Cavabdeh işitrakı ilə, İddiaçı - Cavabdeh qarşı “evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi” barədə mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sabirabad rayonu, Azadkənd kəndində yerləşən evdən istifadə hüququnu tanımaqla himayəsində olan övladı - xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onunla Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və o, cavabdehə məxsus Sabirabad rayonu, Azadkənd kəndində yerləşən evə gəlin köçmüş və həmin evdə 7 il fasiləsiz yaşamışdır. Bu nikahdan bir övladları - xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. İlk əvvəl münasibətləri normal olsa da, lakin sonradan onların münasibətləri pozulmuş və 2023-cü ilin yay fəsli ərəfəsində cavabdeh onu zorla evdən çıxarmış və bir daha onu evə buraxmamışdır. O, dəfələrlə mübahisəli evə qayıtmaq istəsə də, cavabdeh buna maneə törətmiş və evə köçməyə imkan verməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-694/2023 saylı qətnaməsinə əsasən onlar arasında xx.xx.2017-ci il tarixdə Sabirabad RİHB-nın Azadkənd KİƏD üzrə nümayəndəliyində bağlanmış və 27№-li akt qeydı ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 onun (anasının) yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) AZN sabit pul məbləğində alimentin X2 tutulub ona verilməsi qət edilmişdir. O, hazırda 2023-cü ilin yay fəsli ərəfəsindən övladı ilə birlikdə Sabirabad rayonu, Azadkənd kəndində yerləşən atasının evində yaşayır. Onun mübahisəli evə köçməsi gələcəkdə uşağınında sosial durumunun yaxşılaşmasına gətirib çıxarma ehtimalı var. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edib, etirazını belə əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi Sabirabad rayonu, Azadkənd kəndində yerləşən ev ona deyil, məhz atası İlham Yusifova mülkiyyət hüququ ilə məxsusdur. Ona görə də iddianın əsassız olaraq rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin fikrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 70-14/2-285-2024 saylı arayışdan görünür ki, X6 hazırda Sabirabad rayon Azadkənd İƏD nümayəndəliyinin Azadkənd kəndində yaşayır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-694/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə əsasında Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Sabirabad RİHB-nın Azadkənd KİƏD üzrə nümayəndəliyində bağlanmış və 27 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********26-10301; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2024) Çıxarışdan görünür ki, Sabirabad rayonu, Azadkənd kəndində yerləşən 0,6 ha. torpaq sahəsi X1, X4 və Cavabdeh ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyata alınmış, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 116.8 kv.m. olan fərdi yaşayış evi isə X1 tam mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və İddiaçı Cavabdeh atasına məxsus Sabirabad rayonu, Azadkənd kəndində yerləşən evə gəlin köçərək, birgə nikahdan olan övladı - xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə altı ildən çox müddətdə yaşamışlar, lakin sonradan onların ər-arvad münasibətləri pozulduqdan sonra İddiaçı uşağı ilə birlikdə həmin evdən köçüb getmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli Sabirabad rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə dair hüquq münasibətləri İddiaçı həmin evə 2017-ci ildən köçməsi vaxtdan yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə 2017-ci ildən köçüb yaşamasına baxmayaraq, həm Mülki Məcəllənin müddəaları, həm də qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından iddiaçının mübahisəli fərdi yaşayış evinə hər hansı hüquqları yaranmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binanın tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasınınt tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yuxarda göstərilən mübahisəli Sabirabad rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi (2017-ci ildə gözlənilən mülkiyyətçisi) iddiaçının qayınatası X6 olmaqla, İddiaçı həmin evə köçməsinə dair İlham Yusifovun Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri kimi əri, arvadı, valideynləri və uşaqları, habelə digər ailə üzvləri kimi isə mülkiyyətçinin ailə üzvlərinin müvafiq olaraq əri yaxud arvadı kimi şəxslər müəyyən edilmişdir. Həmin maddədə göstərilməyən və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri sırasına daxil olmayan digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlmə əsasları isə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən İddiaçı mübahisəli Sabirabad rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi (2017-ci ildə gözlənilən mülkiyyətçisi) - qayınatası cavabdeh İlham Yusifovun ailə üzvü olmadığından, onun həmin evə istifadə hüquqları yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, yəni mübahisəli fərdi yaşayış evinin sahibi (gözlənilən mülkiyyətçi) ilə bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma ilə yarana bilər. Belə bir notarial qaydada razılaşma isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, onun mübahisəli mənzilə hər hansı bir hüququ müəyyən edilmir. Digər tərəfdən iddiaçının mübahisəli evə 2017-ci ildən köçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da İddiaçı mübahisəli evə hər hansı bir hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Həmin Məcəllənin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Yəni İddiaçı mübahisəli Sabirabad rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi (o vaxtkı sahibi və gözlənilən mülkiyyətçisi) - qayınatası X6 özünün saxlanılması üçün ailə qanunvericiliyinin tələblərinə əsasən aliment tələb etmək hüququ olmadığından, o mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi (o vaxtkı sahibi və gözlənilən mülkiyyətçisi) İlham Yusifovun ailə üzvü, yaxud digər qohumu hesab edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən də İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi ilə bərabər istifadə etmək hüququna malik deyil. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən mübahisəli evdən özünün istifadə hüquqlarının müəyyən edilməsi ilə yanaşı, həmçinin onun uşağı ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mənkəmə iddia tələblərinin əsassız olmasına dair yuxarıda göstərilmiş işin araşdırılmış hallarına və istinad edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Sabirabad rayonu, Azadkənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evi üzərində hər hansı hüquqları müəyyən edilmədiyi üçün, iddia tələblərinin onun uşağı ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsinə dair hissəsi də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Sabirabad rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində hər hansı bir hüququ müəyyən olunmadığından iddia tələbləri rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı - Cavabdeh qarşı “evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.