Məhkəmə qərarları › İş №2(056)-1986/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1986/2023

13.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1986/2023 13.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «fiziki şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «fiziki şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə Sabirabad rayonu Güdəcühür kəndində anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X7 onun rəsmi nikahla əridir. X16 xx.xx.1996-cı ildə Kür çayında batmış, nəşi tapılmamışdır. Həmin zaman onlar dörd nəfər olmuş dörd nəfərdən 2-si batmışdır. Batan digər şəxs əri Familin əmisi oğlu olmuşdur. Artıq hadisənin üzərindən 27 il keçmişdir. Sabirabad rayon prokurorluğundan bildirilmişdir ki, hadisə 1996-cı ildə baş verdiyindən araşdırma sənədləri prokurorluğda saxlanılmır. O, əri X14 çayında batmasından sonra 2-ci dəfə nikaha daxil olmuşdur. Lakin bu günə kimi rəsmi nikaha daxil ola bilməmişdir. Belə ki, Famil Qasımovun ölüm haqqında şəhadətnaməsi olmadığından onunla bağlanmış nikah hazırda qüvvədədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-165/6-471/2023 saylı məktubundan görünür ki, Ərizəçi ərizəsi üzrə qəbul ediləcək qərar məhkəmənin mülahizəsinə buraxılmış və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, o, Kür çayında batan Famil və Natiq Qasımovun əmisidir. Həmin tarixdə hava küləkli olduğu üçün Famil və Natiq Kürdə batmışlar. Onların hər ikisinin nəşi hal-hazıradək tapılmamışdır. Məhkəmə iclası zamanı X8 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Həqiqətən də xx.xx.1996-cı il tarixdə Famil və X12 çayını keçmək istəyən zaman batmışlar. O, hadisə yerində olmuş, lakin mərhumların nəşi hal-hazıradək tapılmamışdır. Məhkəmə iclası zamanı X1 şahid qismində ifadə verərək bildirdi ki, Famil Qasımov onun qaynının oğludur. Famil Qasımov və onun oğlu Natiq Qasımov xx.xx.1996-cı ildə Kür çayını keçmək istəyən zaman batmışlar. Heç biri hal-hazırki günədək tapılmamışdır. Hər il onlar batdıqları yerə ziyarətə gedirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş; Sabirabad rayon Güdəcühür kənd nümayədnəliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Vİ-JQ 352342 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7, X3 ilə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmiş, həmçinin bu barədə xx.xx.1994-cü il tarixdə 27 nömrəli akt qeydi tərtib edilmişdir. Sabirabad rayon Güdəcühür kənd sakinlərinin imzası və kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Akt-dan görünür ki, Sabirabad rayonunun Güdəcühür kənd sakini X7 həqiqətən xx.xx.1996-cı il tarixdə Kür çayında batmışdır. Onun meyiti tapılmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/4-1213-23 saylı arayışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixədək ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/4-919-23 saylı arayışdan görünür ki, X7 xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Güdəcühür kəndində anadan olmuşdur. Sabirabad rayon Prokurorluğundan məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 649- Xid-23 saylı məktubundan görünür ki, 1993-2000-ci illər ərzində rayon prokurorluğunda toplanmış cinayət işlərinin başlanılmasının rədd edilməsi barədə materiallar və onlara dair yazışmalar Azərbaycan Respublikası Prokurluğu orqanlarında sənədlərin saxlanılma müddətləri göstərilən siyahıya əsasən xx.xx.2005-ci il tarixli aktla məhv edilmişdir. Odur ki, sözügedən tarixə aid olan cinayət işlərinin başlanılmasının rədd edilməsi barədə materiallar və onlara dair yazışmalar məhv edildiyindən həmin hadisə ilə bağlı materialın təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 ölmüş elan edilməsi üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Güdəcühür kəndində doğulmuş X7 ölmüş elan edilsin. Hazırkı qətnamə X7 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar