Məhkəmə qərarları › İş №2(056)-2220/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2220/2025

12.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2220/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması, evə istifadə qaydalarının müəyyən edilməklə köçürülmə və evdə yaşamağa maneçilik etməsinin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair 90921038 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Sabirabad rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli qərarı ilə 0.25 hektar torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.

2. Sabirabad rayonu Ulacalı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 818650 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X8 ilə İddiaçı 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 98 nömrə ilə qeydiyyat aparılmışdır.

3. Tərəflərin birgə nikahından 3 övladı doğulmuşdur: xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6.

4. Sabirabad regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 003646 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 11 mart 2019-cu il tarixdə ölmüşdür.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən gəlin köçdüyü evin həyətində mərhum həyat yoldaşı ilə birgə tikdirdikləri evdə uşaqları ilə birlikdə istifadə hüququnun tanınması, həmin evə istifadə qaydalarının müəyyən edilməklə köçürülmələri və evdə yaşamaqlarına maneçilik etməsinin Cavabdehr qızına qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, o, X1 ilə ailə həyatı quraraq 2012-ci ildə nikahlarını Sabirabad rayon Qeydiyat şöbəsində rəsmiləşdirmişlər. Mərhumla birgə nikahılarından üç övladı xx.xx.2012-ci il tarixdə X4, xx.xx.2015-ci il tarixdə X6 və 25 .10.2016-cı ildə X5 anadan olmuşdur. X1 ailə həyatı qurduqdan sonra cavabdehə məxsus olan ünvan 1ində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Cehiz əmlakı da cavabdehlərin razılığı əsasında həmin evə yığılmışdır. Mərhumla birgə yaşadığı müddətdə yaşadığı həmin evin həyətində öz şəxsi vəsaitləri hesabına özləri üçün ev tikmiş və həmin evdə uşaqları ilə yaşamışlar. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı X1 vəfat etmişdir. Onun yas mərasimi bitdikdən sonra Cavabdehr qızı onu və nəvələrini həmin evdən çıxardaraq bir daha evə geri buraxmamışdır. Dəfələrlə cavabdehə o evi o və mərhum həyat yoldaşı öz şəxsi hesablarına tikdiklərini bildirmiş və bu evdə onun və uşaqlarının yaşamaq hüququ var deyə bildirmişdir, amma cavabdeh onları həmin evdə yaşamağa qoymur. O, gəlin köçdüyü və cehiz əmlakının yığılmış olduğu evə istifadə hüququ almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.

b) iddiaya qarşı etiraz

7. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uğun izahat verərək, X1 ilə ailə həyatı qurduğunu, mərhumla birgə nikahlarından üç övladının anadan olduğunu, ailə həyatı qurduqdan sonra cehiz əmlakını razılıq əsasında cavabdehə məxsus olan ünvan 1ində yerləşən yaşayış evinə yığdığını, mərhumla birgə yaşadığı müddətdə həmin evin həyətində öz şəxsi vəsaitləri hesabına özləri üçün ev tikdiklərini, xx.xx.2019-cu il tarixdə həyat yoldaşı X1nun vəfat etdiyini, sonra Cavabdehr qızının onu və nəvələrini həmin evdən çıxartığını bildirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 228.1. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır;

11. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsi: Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

14. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir;

2. Həmin Məcəllənin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşdəki sübutlarla müəyyən olunur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi 05 iyun 1998-ci il tarixdən X2 xüsusi mülkiyyətindədir.

18. İddiaçı hazırda həmin evə onun istifadə hüququnun tanınması, həmin evə istifadə qaydalarının müəyyən edilməklə köçürülməsi və evdə yaşamaqlarına maneçilik etməsinin Cavabdehr qızına qadağan edilməsini xahiş edir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə cavabdeh X8 arasında 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra İddiaçı ünvan 1ində 0.25 hektar sahəsi olan fərdi yaşayış evinə gəlin köçmüşdür. X8 11 mart 2019-cu il tarixdə vəfat etdiyindən İddiaçı uşaqları ilə birlikdə həmin ildə həmin evdən çıxarılmışdır.

20. İşin hallarından göründüyü kimi, köçürülməsi tələb edilən fərdi yaşayış evinə münasibətdə tərəflər arasında hüquq münasibətləri İddiaçı həmin evə 10 noyabr 2012-ci il tarixdə köçməsi vaxtdan yaranmışdır.

21. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə 10 noyabr 2012-ci il tarixdən köçüb yaşamasına baxmayaraq, həm Mülki Məcəllənin müddəaları, həm də qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından iddiaçının mübahisəli fərdi yaşayış evinə hər hansı hüquqları yaranmamışdır.

22. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yuxarıda göstərilən mübahisəli ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X7 olmaqla, İddiaçı həmin evə köçməsinə dair Eldar Əhmədovun Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmamışdır.

23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri kimi əri, arvadı, valideynləri və uşaqları, habelə digər ailə üzvləri kimi isə mülkiyyətçinin ailə üzvlərinin müvafiq olaraq əri yaxud arvadı kimi şəxslər müəyyən edilmişdir. Həmin maddədə göstərilməyən və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri sırasına daxil olmayan digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlmə əsasları isə Mülki Məcəllənin 228.2ci maddəsi ilə müəyyən edilmişdir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən İddiaçı mübahisəli ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin sahibi Eldar Əhmədovun ailə üzvü olmadığından, onun həmin evə istifadə hüquqları yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, yəni mübahisəli fərdi yaşayış evinin ümlkiyyətçisi ilə bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma ilə yarana bilər. Belə bir notarial qaydada razılaşma isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, onun mübahisəli mənzilə hər hansı bir hüququ müəyyən edilmir.

25. Digər tərəfdən iddiaçının mübahisəli evə 10 noyabr 2012-ci il tarixdən köçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da İddiaçı mübahisəli evə hər hansı hüququ yaranmamışdır.

26. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.

28. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

29. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

30. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

31. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

32. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz».

33. Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir.

34. Digər tərəfdən o da qeyd edilməlidir ki, nəzərə alınsa ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçdükdən sonra evin həyətində mərhum əri ilə birlikdə öz şəxsi vəsaitləri hesabına ev tikmişlər, bu halda həmin zamana ev özbaşına tikinti hesab edilməlidir ki, özbaşına tikintiyə də hər hansı şəxsin hüquqlarının tanınmasından, köçürülməsindən söhbət gedə bilməz.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin edilə bilməsi üçün qanuni əsasların yaranmadığından iddia rədd edilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması, evə istifadə qaydalarının müəyyən edilməklə köçürülmə və evdə yaşamağa maneçilik etməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar