Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2254/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Sabirabad şəhərində 06 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının qalıqlarını və işçinin təqsiri olmadan boş dayanma hallarına görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək haqqının üçdə ikisindən az olmayaraq, həmçinin əmək haqqının gecikməsinə görə əlavə ödənclər (yəni hər gecikdirilmiş gün üçün 1% miqdarda), son haqq-hesabının yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2025-ci il tarixdə də əmək müqaviləsinə xitam verilib. Belə ki, əmək müqaviləsi altı ay qüvvədə olub, bu altı ayın 4 ayını həqiqi işdə olmuşdur. Baxmayaraq ki, əmək müqaviləsində əmək haqqı 900 (doqquz yüz) manat göstərilib, amma ona cəmi 670.25 (altı yüz yetmiş manat iyirmi beş qəpik) əmək haqqı ödənilib, qalan iki ayı da onun təqsiri olmadan işdə boşdayanıma olub və bu haldan müəssisənin bütün rəhbər şəxslərini xəbərdar etmişdir. Boşdayanmaya görə "xxxx" ASC əmək müqaviləsində qeyd olunan 900 (doqquz yüz) manatın üçdə ikisini, yəni 600 (altı yüz) manatı və gecikdirilmiş hər gün üçün əməkhaqqının 1%-ni hesablayıb ona ödəməli idi, (AR Əmək Məcəlləsi: 172.5) amma ödəməyib. Ona ödəniləcək ödəncləri də hesablayıb bu ərizəyə əlavə edir. Əgər cavabdeh onun hesablamalarına etiraz etsə, məhkəmənin iqtisadi ekspert teyin etməsinə də etirazı yoxdur. Buna görə son haqq-hesabı da düzgün hesablanmayıb. Məhkəmədən xahiş edir ki, ödənilməmiş əmək haqqının qalıqlarını və işçinin təqsiri olmadan boş dayanma hallarına görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək haqqının üçdə ikisindən az olmayaraq, həmçinin əmək haqqının gecikməsinə görə əlavə ödənclər (yəni hər gecikdirilmiş gün üçün 1% miqdarda), son haqq-hesabının yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi, eyni zamanda ərizə təqdim edərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxaraq iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 238.1-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı hər ay 900 manat məbləğində əmək haqqı şərti ilə xx.xx.2024-cü il tarixdən Cavabdeh ASC-də sürücü vəzifəsinə işə qəbul olmuş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, İddiaçı hər ay 900 manat məbləğində əmək haqqının ödənilməsi şərti ilə xx.xx.2024-cü il tarixdən Cavabdeh ASC-də sürücü vəzifəsinə işə qəbul olmuş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş, əmək müqaviləsi 06 ay 15 gün qüvvədə olmuş, işçi həmin əmək müqaviləsi müddətinin 04 ayını işdə olsa da, lakin ona cəmi 670.25 (altı yüz yetmiş manat iyirmi beş qəpik) AZN əmək haqqı ödənilmiş, qalan iki ayı da onun təqsiri olmadan işdə boşdayanması olmuşdur. Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq digər hüquqlarla yanaşı əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına daxil edilir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqının anlayışı aşağıdakı qaydada verilmişdir: Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 156-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 195-ci maddəsinin d). bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədiyi, habelə əsassız və qanunsuz olaraq verilmədiyi hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə mübahisənin yuxarıda araşdırılmış hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında yaranmış və xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün ödənilməmiş əmək haqqının əvəzi, eyni zamanda hər gecikdirilmiş gün üçün hesablanmış ödəncdə daxil olmaqla ümumilikdə hesablanmış 7.670,84 (yeddi min altı yüz yetmiş manat səksən dörd qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında yaranmış və xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün ödənilməmiş əmək haqqının (hər gecikdirilmiş gün üçün hesablanmış ödəncdə daxil olmaqla) əvəzi 7.670,84 (yeddi min altı yüz yetmiş manat səksən dörd qəpik) AZN pul vəsaiti Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilsin. Qətnamənin surətinin alındığı vaxtdan 10 gün ərzində cavabdeh onun ləğvi üçün məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2254/2025
Sabirabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(056)-2254/2025
06.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver