Məhkəmə qərarları › İş №2(056)-2261/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2261/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2261/2025 23.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun toxunulmazlığı və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun toxunulmazlığı barədə və Sabirabad rayonu, Məmişlər kəndində olan çıxarış nömrəsi **********41-1031 olan evindən Cavabdeh və gəlini Riyaziyyatın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1 iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. İddia ərizəsinə Cavabdeh barədə müvafiq materiallar (FİN kodu, şəxsiyyət vəsiqəsi barədə məlumatlar və s.) əlavə edilməmiş, iddia ərizəsində göstərilməmişdir.

5. “Elektron məhkəmə” informasiya sistemindən də ehtimal olunan cavabdeh barədə hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır. Belə ki, eyni ad, soyad və ata adına sahib bir neçə şəxs müəyyən edilir. Bu səbəbdən, cavabdehin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.

6. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla Azərbaycan Respublikası MPM-in 152.1.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq iddia ərizəsinin yenidən, qanuni və əsaslı formada tərtib edilməklə məhkəməyə təqdim edilməsi hüququ hüququ izah olunaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

7. Məhkəmə yuxarıda göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun toxunulmazlığı və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar