Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2520/2025 17.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «evə köçürülmə» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ tanınmaqla himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, hazırda valideynləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Belə ki, onunla cavabdeh arasında Sabirabad rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış 232 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1573/2021 saylı qətnaməsinə əsasən, onlar arasında bağlanmış nikahın pozulması və uşaqların onun yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Nikahları pozulmamışdan əvvəl o, qaynatasının evinə gəlin gəlmiş, ev Sabirabad şəhəri, Vahid Məmmədov küçəsində yerləşmişdir. Həmin evdə yaşadıqldan sonra 1 il keçmiş əri ilə birgə təsərrüfat üzrə həmin həyətdə ona və keçmiş əri Mübariz Kazımova ailəvi yaşamaq üçün ev tikilmişdir. Həmin yeni tikilmiş ev 2 otaqlı, 1 eyvanlı, 1 mətbəxdən ibarət və daşdan hörülmüş ev olmuşdur. Həmin evdə o, fasiləsiz 10 il yaşamışdır. Hazırda da onun bütün cehiz əşyaları həmin evdədir. Cehiz əşyaları bir otağa yığılmışdır. Həmin evdə isə indiyə kimi heç kim yaşamır. Keçmiş əri Mübariz Kazımov yenidən ailə qurmuşdur. Özü isə Bakı şəhərində yeni ailəsi ilə yaşayır. Mübarizin arvadının hamilə olmasını eşitmişdir. Lakin hazırda uşaqlarının olubolmamasından xəbəri yoxdur. Əri Mübarizlə ayrılmasının səbəbi baldızının ərinin narkoman olması idi. Çünki həmin şəxs narkotik vasitə qəbul edərək evinə zorla girmiş, bu zaman keçmiş əri və onun ailə üzvləri Gəncəyə gəzməyə getmişdilər. Həmin tikilən ev keçmiş ərinin adınadır. Lakin evin çıxarışı olmamışdır. Çünki Mübariz bildirmişdir ki, su daşqını zamanı çıxarış itmişdir. Lakin sənəd üzrə ev Mübariz Kazımovun adına qeyd edilmişdir. Evə dair ölçüləri onun yanında etmişlər və keçmiş əri Mübariz Kazımovun adına rəsmiləşdirilmişdir. Valideynlərinə məxsus evə isə 2021-ci ilin iyul ayında qayıtmışdır. Onun hazırki tələbi o evdən istifadə hüququnun tanınması və orada olan cehiz əşyalarından sərbəst istifadə etməsidir. Hazırda isə valideynləri bina evində qaldıqlarından o evdə yaşamaq mümkün deyildir. Çünki uşaqlar artıq boya-başa çatırlar və onların həmin balaca evdə hərəkətsizliyi yaranır. Münki otaqlar dardır. Uşaqlar isə Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə təhsil alırlar və onların mübahisəli evə köçmələri zəruridir. Artıq 3 ildən çoxdur ki, o evdə yaşayış yoxdur və cehiz əşyalarının isə aqibətindən xəbəri yoxdur. Evin açarlarının isə ona verilməsini istəyir ki, hər gün səhərlər gedib o evi havalandırsın ki, cehiz əşyaları məhv olmasın. Hazırda o evdə onun və uşaqlarının yaşaması zərurəti yaranır. Belə ki, ailə münasibətləri olduğu üçün olduğu üçün mediasiyaya müraciət etmiş və mediator Nurağa Güləliyev mediasiya prosesi keçirdi və proses zamanı Mübariz Kazımov bildirdi ki, özü gəlib açarları təqdim edəcəkdir. Lakin 3 həftə göxzləməsinə baxmayaraq, Mübariz gəlmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iş üzrə onlar arasında mübahisəli evə dair münasibətləri 2010-cu ildə yaranması işin mübahisəsiz və sübuta ehtiyacı olmayan halıdır. O, cavabdehin arvadı olmaqla onun digər ailə üzvü olmuşdur. Mənzil o, ora köçməzdən əvvəl cavabdehin ailəsinə məxsus olmuşdur və cavabdeh 2013-cü ildə onu öz ailə üzvü kimi həmin evə gəlin köçürmüşdür. O, həmin vaxtdan həmin evdə yaşamış, öz cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Lakin sonradan yaşadığı evə getmək istəsə də, cavabdeh tərəfindən evə buraxılmamışdır. Göründyü kimi hazırki iş üzrə onun mübahisəli evə köçməsi və orada yaşaması cavabdehin iradə ifadəsi, yəni razılıqları ilə həyata keçmişdir. O, mübahisəli evə gəlin köçərkən mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onunla istəsəydi belə gəlin köçərkən həmin evdən istifadəyə dair heç kimlə müqavilə bağlaya bilməzdi. Çünki hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli olmadığına görə o, mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar notarat qaydasında təsdiqlənən hər hansı bir yazılı müqavilə bağlaya bilməzdi. Bundan başqa, o, həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Onun evə gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlilləridir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, 2010-cu ildə qaynatası evinə gəlin gəlmiş, hazırda tələb irəli sürdüyü evə isə 1 il sonra köçmüşdür. O, gəlin gələndə tələb irəli sürdüüy ev var idi. Həmin ev yoldaşına məxsus olmuşdur. Evin heç bir sənədi olmamışdır. Onlar təxminən 6 ildir ki, ayrılmışlar. Həmin zamandan cehiz əşyaları həmin evdə qalmışdır. Özü uşaqları ilə birgə atası evində yaşayır. Həmin ev darısqal olduğu üçün cehiz əşyalarını gətirməmişdir. O, evdə yaşaması mümkün deyildir. Belə ki, o, həm hazırda valideynlərinin kömkəliyi ilə dolandığı üçün həmin evdə yaşaya bilməz, həm də uşaqların məktəbinə görə həmin evdə yaşaya bilməz. Onun hazırda həmin evdə yaşamaq fikri yoxdur. Sadəcə istəyir ki, evin açarları onda olsun və o, arada həmin evə gedərək orada olan cehiz əşyalarını havalandırsın. Odur ki, o, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 bildirdi ki, o, iddia tələbində qeyd edildiyi kimi, iddiaçı ilə ayrıldıqdan sonra ailə həyatı qurmuşdur və ailəsi ilə birgə müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Lakin arada gedib-gəlir. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, o, arvadının hamilə olmasını eşitmişdir. Göründüyü kimi, iddiaçı bu günə kimi göstərilən iddianı qaldırmamış, lakin qeyd etdiyi xəbəri eşitdikdən sonra onu qıcıqlandırmq üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1573/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X3 qarşı “nikahın pozulması” tələbi təmin edilərək, uşaqların iddiaçının yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddia tələbindən görünür ki, iddia tələbi 2 hissədən – iddiaçının Sabirabad rayonu Yaxa- Dəllək kəndində yerləşən evinə istifadə hüququ tanınması və həmin evə köçürülməsi hissəsindən ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin ilk hissəsinə münasibətdə, yəni iddiaçının ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, istifadə hüququnun tanınması üçün ilk öncə hüququnun tanınması tələb edilən evin və ya mənzilin hüquqmüəyyənedici sənədləri mövcud olmalıdır ki, hazırda iddiaçının da qeyd etdiyi kimi Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilməmişdir. Hüquqmüəyyənedici sənəd isə daşınmaz əmlak dövlət reyestrində qeydə alındıqdan sonra hüququ qeydə alınmış sənədin adına tərtib edilmiş olur. Hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlak isə özbaşına tikili hesab edilir və özbaşına tikiliyə hər hansı hüququn tanınması qanunvericiliyin tələblərinə uyğun olaraq qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə, yəni iddiaçının rayonu Yaxa- Dəllək kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarına əsasən, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228,1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. ... mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır . ... şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. ... Xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 1-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. İnsan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, insan hüquq və azadlıqları məkan, ərazi hüdudları ilə bağlı deyildir. İnsanlar harada olmalarından asılı olmayaraq əsas hüquq və azadlıqlara malikdirlər, hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, sadalanan qanunvericilik normaları və Qərarlar kontekstində hazırki mübahisəyə yanaşdıqda məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olur ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçı 2010-cu ildə gəlin köçməmişdən əvvəl mövcud olmuş, iddiaçı qaynata evinə gəlin köçmüş, bir il sonra isə cavabdehə məxsus göstərilən ünvana köçmüşlər. Qeyd edilən yaşayış evi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamasına baxmayaraq cavabdeh X1 həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı azyaşlı uşaqları ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış həmin evə köçürülməsi cavabdehin gözlənilən mülkiyyət hüququnun pozulması deməkdir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan biri də ondan ibarətdir ki, iddiaçı hazırda tələb irəli sürdüyü evdə köçüb yaşamaq niyyətində deyildir. Məhkəmə bu hala münasibətdə isə qeyd edir ki, köçürülmə hüququnun təmin edilmə əsaslarından ən önəmlisi şəxsin yaşayış sahəsinə olan ehtiyacının təmin edilməsidir. Lakin iddiaçı həmin evdə yaşamaq fikrinin olmadığını vurğulamaqla onun yaşayış sahəsinə ehtiyacının olmasını deyil, şəxsi prinsip və maraqlarının olmasını nümayiş etdirməkdədir. Bu xüsusda, yəni yaşayış sahəsinə ehtiyac duyulmadığı halda şəxsin köçürülməsinin təmin edilməsi istər hüquqi, istərsə də ədalət baxımından obyektiv və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə işin hallarını ümumiləşdirərək hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «evə köçürülmə» tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2520/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2520/2025
17.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver