Məhkəmə qərarları › İş №2(056)-2652/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2652/2025

09.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2652/2025 09.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinə hazırki mərhələdə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tələbində torpaq sahəsində DƏDRX-nin 13 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü-biçim işlərinin, sərhəd koordinatlarının və tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan süni maneələrin qadağan edilməsini xahiş etsə də, iş materiallarına cavabdehlər tərəfindən maneə yaradılması ilə əlaqədar hər hansı sənəd (DƏDRX-nin 13 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt) əlavə edilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını tələbində göstərmiş olsa da, çıxarışdan görünür ki, torpaq sahəsi paylı mülkiyyətdədir. Paylı mülkiyyətçilərdən iki nəfər (Məmmədov Şirməmməd, Məmmədova Solmaz) vəfat etmişdir. Belə olan halda, paylı mülkiyyətdə olan torpaq sahəsinə dair ilk növbədə vərəsəliklə bağlı məsələ həll olunmalı, daha sonra tərəflərin payları müəyyən edilməli, bundan sonra iddiaçı öz payına (xüsusi mülkiyyətinə veriləcək hissəyə) münasibətdə hər hansı hüquq pozuntusu ilə qarşılaşarsa məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Yuxarıda sadalanan hallar ümumiləşdirildikdə hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, yuxarıda göstərilən tələblərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar