Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-272/2023 28.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı, həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4, digər iddiaçılar İddiaçı2 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 və X1 cavabdeh X5 qarşı «torpaq sahəsindən çıxarılma və dəymiş ziyan» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X10, İddiaçı4 və X7 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və dəymiş ziyan» tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsinin 9107.06 kv.m hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və topaq sahəsinin onlara qaytarılması, dəymiş ziyanın əvəzində 8000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onlara Sabirabad rayonu Kovlar kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli 13-4 nömrəli qərarı əsasında 3,05 ha torpaq sahəsi verilmişdir. Belə ki, cavabdeh 1999-cu ildə 15 il müddətinə müvvəqəti olaraq əkin-biçin üçün 1 ton dən və hazırki dövrlə hesablamada 80 manat məbləğində pul müqabilində həmin torpaq sahəsini istifadə üçün almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh torpaq sahəsini onlara qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdeh onlara əkin-biçin üçün öz torpaqlarından istifadə etməyə icazə vermir. Bununlada cavabdeh onlara 8000 manat məbləğində ziyan vurmuşdur. Onlar bu məbləği güzəştlə hesablamışlar. Riyazi hesablama yolu ilə dəymiş ziyanın məbləği 23000 manat hesablanır. Cavabdeh onlara məxsus torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4, digər iddiaçılar İddiaçı2 və X7 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən onların paylı mülkiyyətində olan torpaq sahəsinin 9107.06 kv.m hissəsi istifadə edilməkdədir. Ona görə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Hazırda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər iddiaçılar İddiaçı1, X10 və cavabdeh X9 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-0083, Kod 90914048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Sabirabad rayonu Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, X3 məxsusdur. Dövlət aktı xx.xx.1998-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına həmçinin qeyd edilən torpaq sahəsinin Planı (Çizgisi) və Qaiməsi (Sertifikatı) əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş Sabirabad Rayon Quruzma Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onun Sabirabad rayonu Kovlar kəndi ərazisində 0.92 ha torpaq sahəsi vardır və həmin əraziyə 22 ildir ki, yonca əkilir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.1999-cu il tarixli əlyazma qəbzdən görünür ki, İddiaçı1 torpaq payının 90 sotunu H.İsmayıl Əli oğluna (ömürlük) torpağı (yəni 90 sotunu) 80 şirvana satır. Məhkəmə ilk olaraq iddia tələbinin iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsinin 9107.06 kv.m hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması hissəsi üzrə qeyd edir ki, məhkəməyə təqdim edilmiş dövlət aktından görünür ki, iddiaçıların boşaldılaraq onlara qaytarılmasını tələb etdiyi torpaq sahəsi onların paylı mülkiyyətindədir. Ona görə də onlar paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadənin dayandırılaraq, torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması tələbini irəli sürməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş olan 1999-cu ildə tərtib edilmiş, mülkiyyətçilərdən İddiaçı1 tərəfindən imzalanmış əlyazma qəbzə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qəbz alqı-satqı müqaviləsi kimi nəzərə alına, bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə həyata keçirilə bilməz. Belə ki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinin mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.” 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, paylar mə`lum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Fikir ayrılığı olduqda, mübahisə paylı mülkiyyətin hər hansı bir iştirakçısının iddiası üzrə, məhkəmə tərəfindən həll edilir. Məhkəməyə təqdim edilmiş əlyazma qəbzdən də görünür ki, iddiaçılardan İddiaçı1 həmin qəbzə imza etsə də, alqı-satqı müqaviləsinin tələblərinə uyğun qarşı tərəflə arasında müqavilə bağlanmamış, həmçinin paylı mülkiyyətçilərdən yetkinlik yaşına çatmış digər razılığı alınmamışdır. Konstitusiya Məhkəməsi də yuxarıda qeyd edilən qərarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə alıcının ondan tələb edilən hərəkətləri etməməsini (digər paylı mülkiyyətçilərin razılığının alınması, müqavilənin formasına riayət edilməsi və s.) alıcının laqeydliyi kimi qiymətləndirmiş, bu laqeydlik halının nəticə olaraq gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum etməyə gətirib çıxardığını vurğulamışdır. Bu xüsusda məhkəmə hesab edir ki, əvvəlki Mülki Məcəllənin tələbləri və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilədiyi hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin məhkəməyə təqdim etmiş olduğu qəbz tərəflərin etibarlı alqı-satqı münasibətində olmaları kimi qiymətləndirilə və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, iddia tələbi iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsinin 9107.06 kv.m hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin dəymiş 8000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh tərəf iddiaçılara məxsus torpaq sahəsini özbaşına zəbt edərək ondan istifadə etməmiş, əksinə, iddiaçılardan İddiaçı1 tərəfindən yazılı surətdə tərtib edilərək ona təqdim edilmiş qəbzin etibarlı sənəd olmasına istinadən boşaldılması tələb edilən torpaq sahəsindən istifadə etmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçılara torpaq sahəsindən istifadə ilə bağlı hər hansı ziyan vurulmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın məzmununu hazırki mübahisəyə tətbiq etdikdə də məlum olan hal odur ki, yuxarıda qeyd edildiyi kimi paylı mülkiyyətçilər həmin mülkiyyətçilərdən biri və ailə başçısı olan İddiaçı1 cavabdehə yazılı tərtib edib təqdim etdiyi qəbz əsasında uzun müddət əmlaklarından məhrum olmuşlar. Cavabdeh isə həmin qəbzə əsaslanıb uzun müddət paylı mülkiyyətdə olan və hazırda mübahisə predmeti olan torpaq sahəsində istifadə etmişdir. Beləliklə məhkəmə qeyd edilən xüsusatları ümumiləşdirərək hesab edir ki, iddia tələbi dəymiş 8000 manat pulun cavabdehdən tutulması hissəsində əsassız hesab edilərək həmin hissədə təmin edilməməlidir. İddia tələbinin son hissəsi olan ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, əsas iddia tələbi qismən təmin edildiyindən, tələb ödənilmiş dövlət rüsumu hissəsində də təmin ödənilmiş hissəsinə uyğun olaraq qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə cavabdehdən iddiaçıların xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsinin 9107.06 kv.m hissəsindən istifadə cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdeh çıxarılmalı, torpaq sahəsi iddiaçılara qaytarılmalı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-0083 kod sayı 90914048 olan Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktı əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 və X1 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Kovlar kəndində yerləşən 3,05 ha torpaq sahəsinin 9107.06 kv.m hissəsindən istifadə cavabdeh X9 tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdeh X9 çıxarılsın və həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2a, X8, İddiaçı4 və X3 qaytarılsın. Cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4 və X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-272/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-272/2023
28.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver