Məhkəmə qərarları › İş №2(056)-32/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-32/2023

01.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-32/2023 01.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı X2 İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı X2 İdarəsinin Cavabdeh qarşı «özbaşına zəbt edilmiş torpaq üzərində qeyri-qurğu işlərinin aparılmasının dayandırılması və əvvəlki vəziyyətinə salınaraq geri qaytarılmasına dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «özbaşına zəbt edilmiş torpaq üzərində qeyri-qurğu işlərinin aparılmasının dayandırılması və əvvəlki vəziyyətinə salınaraq geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sabirabad rayonu Qalaqayın kənd sakini Cavabdeh tərəfindən M.Ə.Sabir adına suvarma kanalının mühafizə zolağından 45 metr uzunluğunda 15 metr enində zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və əvvəlki vəziyyətinə salınması və əlavə olaraq məhkəmə xərci olaraq ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun əsl iddiaçı olan X2 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh olan şəxs Sabirabad rayounun Qalaqayın kəndində yaşayan X4 M.Ə.Sabir adına suvarma kanalının mühafizə zolağından 45 metr uzunluğunda 15 metr enində torpaq sahəsini özbaşına icazəsiz zəbt edərək qanunsuz balıq gölü yaradaraq su ilə doldurmaqla kanalın valının uçması üçün təhlükə yaratmışdır. Mənbəyi Araz çayından olan İmişli rayounun Bəhrəmtəpə qəsəbəsindən başlayan M.Ə.Sabir adına kanal bir neçə rayon ərazisindən keçərək Sabirabad rayonunun minlərlə təsərüfatını suvarma və məişət suları ilə təmin edir. Kanalın su ilə təminatı mexaniki üsulla həyata keçirilir. Kanal dövlət tərəfindən tikilərək istifadə edildiyinə görə Dövlət obyekti hesab edilir. Onun yerləşdiyi ərazi su fondu torpaqlarına aiddir. İddiaçı X2 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasınada vermiş olduğu izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qəbul edir. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh M.Ə.Sabir adına suvarma kanalının mühafizə zolağından 45 metr uzunluğunda 15 metr enində torpaq sahəsini zəbt etmiş və zəbt edilmiş sahədə balıq gölü yaratmışdır. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi etirafedici ifadəsi və məhkəməyə təqdim etdiyi ərizəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı tələbini tam müdafiə edir, cavabdeh isə iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü bəndinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbləri tam əsaslı hesab edilib tam təmin edildiyi üçün iddia tələbi göstərilən hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ İddia təmin edilsin. Cavabdeh Sabirabad rayonu Qalaqayın kənd sakini Cavabdeh tərəfindən M.Ə.Sabir adına suvarma kanalının mühafizə zolağından 45 metr uzunluğunda 15 metr enində zəbt edilmiş torpaq sahəsi əvvəlki vəziyyətinə salınaraq X2 İdarəsinə geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı X2 İdarəsinə verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar