Məhkəmə qərarları › İş №2(056)-3260/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3260/2025

11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3260/2025 11.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, bu barədə 02 aprel 1995-ci il tarixdə 24 nömrə ilə qeydiyyat aparılmışdır. Ata qrafasında X12, ana qrafasında X3 qeyd edilmişdir.

2. Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyul 2025-ci il tarixli, 3-16-5/7-70-1135/2025 nömrəli arayışdan görünür ki, 1955ci ildə Sabirabad rayonunun Azadkənd kəndində anadan olmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Minbaşı KİN-in və Azadkənd KİN 1952-1958-ci illər üzrə ilkin doğum, Sabirabad RQŞ-nin 1955-ci il üzrə ilkin, 1956-1974-cü illər üzrə bərpa doğum və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir.

3. Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 oktaybr 2025-ci il tarixli, 3-xx-xx/2656-69-25 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1968-ci ildə asfiksiya səbəbindən ölmüşdür.

4. Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 oktaybr 2025-ci il tarixli, 3-xx-xx/2657-69-25 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2007-ci ildə miokard infarktı səbəbindən ölmüşdür.

5. Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-28/2-211/2025 saylı arayışdan görünür ki, fotoşəkildəki şəxs yəni, X1 rayonu, Beşdeli kəndində yaşayır. Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) ərizə tələbi

6. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 01 iyul 1955-ci ildə Sabirabad rayonunun Azadkənd kəndində doğulması faktının müəyyən edilməsi və valideyinləri kimi doğum akt qeydində ata qrafasında X8 və ana qrafasında X2 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizənin əsaslarına görə, X6 1955-ci ildə Sabirabad rayonunun Azadakənd kəndində anadan olmuşdur. X6 doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmamış və doğumu Qeydiyyat şöbəsində qeyd etdirilməmişdir. Onun doğum haqqında şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamə verilməsi üçün Sabirabad rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, ona doğum haqqında şəhadətnamə verilməsindən xx.xx.2025-ci il tarixdə imtina edilərək bildirilmişdir ki, Sabirabad rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1955-ci il üzrə ilkin, 1952-1958-ci illər üzrə ilkin doğum, 1956-1974- cü illər üzrə bərpa doğum və vətəndaşlıq vəziyyəti aktları üzrə doğum qeydiyyatı aktları araşdırıldı, lakin X4 adı aşkar olunmadı. X4 hal-hazıradək nə doğum haqqında şəhadətnaməsi, nə şəxsiyyət vəsiqəsi, nədə ki, hər hansı bir hüquqmüəyyənedici sənədi var. X4 atası X8 xx.xx.1968-ci il tarixdə, anası X2 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. X4 valideyinlərinin rəsmi nikahları olmamışdır.

b) ərizəyə qarşı etiraz

8. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndəsinin iştirakını təmin edə bilmədiklərini, ərizə üzrə qəbul ediləcək tələb təmin ediləcəyi təqdirdə üzərilərinə düşən öhdəliyi icra edəcəklərini bildirmişlər.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Vidadinin atası onun qohumudur. Vidadini 1972-1973-cü illərdən tanıyır, onun 5 arvadı olduğunu xatırlayır, 2 oğlan övladı və 3 qız övladı olduğunu bilir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Vidadi onun qardaşıdır, 1955-ci il tarixdə Azadkənd kəndində anadan olmuş, çobanlıqla məşğul olub. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; Maddə 115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; Maddə 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir; Maddə 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: - 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. - 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

16. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X6 xx.xx.1955-ci il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində anadan olmuşdur. Ərizəçinin doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmamış və doğumu Qeydiyyat şöbəsində qeyd etdirilməmişdir. Onun doğum haqqında şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamə verilməsi üçün Sabirabad rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, ona doğum haqqında şəhadətnamə verilməsindən xx.xx.2025-ci il tarixdə imtina edilərək məhkəməyə müraciət etmək hüququ bildirilmiş və izah edilmişdir. Ərizəçinin atası X8, anası X2 olmuşdur.

18. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin müvafiq sənədlərin bərpa edilməsi nöqteyi-nəzərdən hüquqi marağı vardır və ərizənin təmin edilməsi hüquqi nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir.

19. Hazırki ərizənin təmin edilməsi X4 hüquqi müdafiəsi əsas götürülməklə onun maraqlarına uyğundur.

20. Odur ki, ərizə təmin edilməli, X4 xx.xx.1955-ci il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində anadan olması faktı müəyyən edilməli, ana qrafasında X2, ata qrafasında X8 qeyd edilməlidir. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1955-ci il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində anadan olması faktı müəyyən edilsin. Ana qrafasında X2, ata qrafasında X8 qeyd edilsin. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar