Məhkəmə qərarları › İş №2(056)-37/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-37/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-37/2025 29.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi iddiaçı Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə Cavabdeh qarşı «torpaq sahəsinin cavabdeh tərəfindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərinə qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə Cavabdeh qarşı «torpaq sahəsinin cavabdeh tərəfindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpaq islahatı haqqında Qanunun 11-13-cü, Mülki Məcəllənin 157.2-ci maddələrini rəhbər tutaraq Sabirabad RAİK-nin xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilən, Sabirabad rayonu Şıxlar kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin istifadəsinin Cavabdeh tərəfindən dayandırılaraq onun həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mülkiyyətçilərinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Torpaq islahatı ilə əlaqədar Sabirabad RAİK-nin xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə Sabirabad rayonu, Şıxlar kəndində 0,17 ha və 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüququ rəsmiləşdirilən şəxs ata, ana və 2 bacıdan ibarət ailə üzvləridir və hazırki iş üzrə iddiaçıdırlar. Cavabdeh 2004-cü ildən hal hazıra kimi həyətyanı sahənin 0,17 ha hissəsini iddiaçılara qaytarmır və qanunsuz istifadə edir. Həmin Pay torpaq sahəsi cavabdehə satılmamış, onunla aralarında heç bir alğı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh hazırda torpaq sahəsindən könüllü olaraq çıxmır və bu hərəkətləri ilə mülkiyyətçilərə maddi ziyan vurur. İddiaçı2 məhkəmə iclası zamanı vermiş olduğu izahatında iddianı müdafiə etdiklərini, cavabdehə 0,17 ha torpaq sahəsini satmadıqlarını əsas gətirərək iddianın təmin olunmasını və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı1 nümayəndəsi, iddiaçı Nümayəndə məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, ataları İddiaçı1 həmin torpaq sahəsini Cavabdeh icarəyə vermiş, bu zaman onların razılığı olmamışdır. Sonradan həmin torpaq sahəsindən cavabdehin çıxmasını tələb etsələr də, o, 0,17 ha torpaq sahəsini onlara geri qaytarmaqdan imtina etmiş və bu səbəbə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçı3 da məhkəmədə eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini, Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh, iddia tələbi ilə razılaşmadığını, torpaq sahəsini iddiaçılardan birdəfəlik satın aldığını, onların 0,17 ha torpaq sahəsinə ödədiyi pulu geri qaytaracaqları təqdirdə torpaq sahəsindən çıxacağını bildirərək iddianın rədd olunmasını məhəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan JN-025B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Sabirabad rayonu, Şıxlar kəndində yerləşən 0,17 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 10/1601 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur; - Zəbt olunduğu qeyd edilən mübahisələndirilən torpaq sahəsi 0,17 hektardır və həmin torpaq sahəsi Sabirabad rayonu, Şıxlar kəndində yerləşən JN-025B KOD 90921048 saylı şəhadətnamə əsasında iddiaçılara məxsus torpaq sahəsinin ərazisinə daxildir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında ştrixlə göstərilmişdir Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Sabirabad rayonu Şıxlar kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinə Cavabdeh maneçilik və məhdudiyyətlər yaratmış və bununla da iddiaçıların torpağa olan mülkiyyət, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçılar, cavabdehə qarşı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə məhkəmə iclasında iddia tələbinə dair öz etiraz və mülahizəsini əslandıran halları göstərə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə etdiyi və iddiaçıların bu müdaxiləni aradan qaldırmaqla boşaldılmasını tələb etdiyi Sabirabad rayonu, Şıxlar kəndində yerləşən 0,17 ha torpaq sahəsi üzərindəki həmin hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alındığı üçün, iddiaçılar torpağın qanuni mülkiyyətçiləri kimi, həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna malikdir.Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair hüquqlar cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, JN-025B KOD 90921048 saylı şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə mülkiyyətində olan, Sabirabad rayonu, Şıxlar kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi öz mülkiyyətçilərinə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar