Məhkəmə qərarları › İş №2(056)-40/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-40/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-40/2023 13.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı X15 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 234 nömrə ilə Şirvan şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X2, xx.xx.2014-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 onun himayəsində qalmalarının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa ayda 150 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə faktiki, xx.xx.2012-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2018ci il tarixdə X9 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlarda münasibətləri normal olsa da, zaman keçdikcə münasibətləri dəyişmişdir. Artıq uzun müddətdir ki, cavabdehlə ayrı yaşayır və cavabdehlə nikahları formal xarakter daşıyır. Cavabdeh uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Hal-hazırda övladlarının saxlanılmasında ciddi maddi çətinlik çəkir. PROSESSUAL MƏSƏLƏLƏR: İddia ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə işi kifayət qədər hazırlanmış hesab edərək, işə mahiyyəti üzrə baxılmasını xx.xx.2022-ci il tarixə təyin etmişdir. Təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmiş və tərəflərə barışıq üçün 3 ay müddət verilməklə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 3 aylıq müddət ərzində aralarında barışıq olmadığını, cavabdeh ilə aralarında olan nikahın pozulmasında israrlı olduğunu bildirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onlara verilmiş barışıq müddəti ərzində aralarında barışıq olmamışdır. Hazırda o, iddiaçı ilə aralarında olan nikahın pozulmasına etiraz etmir, lakin uşaqlarının onun himayəsində saxlanmasını istəyir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 69/674 saylı nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X7 arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 234 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin xx.xx.2011-ci il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X9 adlı 4 nəfər uşaqları vardır. Sabirabad Rayon icra Hakiiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-70-4/2-272/2023 saylı rəyindən görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1477/2022 saylı məktubu əsasında İddiaçı nikahın pozulması barəsində iddia ərizəsi əsasında tərəflərindən araşdırılma aparılmışdır. Ailədə narazılıq yarandıqdan sonra azyaşlılar anaları İddiaçı yanında qalmışlar. 10 yaşdan yuxarı olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 yazılı izahat təqdim edərək anasının, 7 yaşdan yuxarı olan xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ilə söhbət aparılmış. Onlar da öz fikirlərini bildirməklə analarının yanında qalmaq istədiklərini bildirdilər. Sabirabad Rayon icra Hakiiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 anaları İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin tərəflər arasında olan nikahın pozulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, göstərilən normaların tələbləri və iddiaçının hazırda cavabdeh ilə aralarında olan nikahın pozulmasında israr etməsi halı nəzərə alınmaqla tərəflər arasında olan nikah pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə həmin Məcəllənin 22.2.1-ci maddəsinə görə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, həmin Məcəllənin 22.2.2-ci maddəsinə görə isə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların bir-birinə və valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarının saxlamağın qayda və formasını valideynlər müstəqil müəyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Qeyd edilən normanın kontekstində tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşaqların valideynlərdən hansının yanında saxlanması və uşaqların saxlanması üçün alimentin hansı valideyndən tutulması məsələsinin həlli ilə bağlı məhkəmə qeyd edir ki, uşaqların mənafeyi, mövcud yaş durumu, bir-birinə olan bağlılığı, bu yaş dövründə ana nəvazişinə, diqqət və qayğısına daha çox ehtiyacının olması, qidalanma və digər mənəvi tələbatlarının ödənilməsi ilə bağlı yalnız ananın rolunun xüsusi önəmə malik olması, Sabirabad Rayon icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023cü il tarixli, 5-70-4/2-272/2023 saylı rəyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarından sərgilənən mövqeyi nəzərə alınaraq, tərəflər arasında nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş Mirzağa, Həmidağa, Fatimə, Rəhimə adlı uşaqların iddiaçının himayəsində saxlanması daha məqsədəmüvafiqdir. Belə olan halda məhkəmə hesab edir ki, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş Mirzağa, Həmidağa, Fatimə, Rəhimə adlı uşaqların iddiaçının yanında qalması müəyyən olunmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği isə 2023-cü il üçün uşaqların saxlanmasına görə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğinin miqdarı, cavabdehin İİ qrup əlil olması halı göz önündə saxlanmaqla bu xüsusda uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, həmçinin ananın uşağın saxlanmasında əziyyətləri və uşağın maddi tələbatları ilə bağlı hüquq və mənafeləri, həmçinin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı sağlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin bu qaydada tutulması məhkəməyə müraciət edildiyi zamandan, yəni xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Beləliklə məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah aktı qeydi pozulmalı, nikah qeydi pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 İddiaçı yanında saxlanılmalı, həmçinin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin xarakteri (ailə mübahisəsi), həmçinin cavabdehin bundan sonra aliment ödəmək öhdəliyi daşıması nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Qədirova (Məmmədova) Fidan Mirzağa qızı arasında Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydə alınmış 234 saylı nikah qeydi pozulsun. Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 anası Qədirova (Məmmədova) Fidan Mirzağa qızının yanında qalması müəyyən edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qədirova (Məmmədova) Fidan Mirzağa qızına verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Nikahın pozulması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar