Məhkəmə qərarları › İş №2(056)-455/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-455/2025

04.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-455/2025 04.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı və cavabdeh Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Həşimxanlı kənd icra nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Həşimxanlı kənd icra nümayəndəliyinə qarşı «pul tələbi» barədə mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Həşimxanlı kənd icra nümayəndəliyinə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pul və mediasiya xərci olaraq 60 manat rüsumun alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 01 oktyabr 2010-cu ildən 01 oktyabr 2014-cü ilədək olan müddətdə Sabirabad rayonu, Ətcələr kənd tam orta məktəbində fizika fənni üzrə laborant vəzifəsində işləmişdir. Qeyd olunan müddət ərzində ona əmək haqqı hesablanan zaman, ixtisas dərəcəsi düzgün götürülməmiş, İİ qrup əlil olduğu halda vergi güzəşti edilməmiş, İİ qrup əlil olmasına baxayaraq, əmək haqqına 25% əlavə nəzərə alınmamış və 2013-cü ilin sentyabr-dekabr ayları üçün isə əmək haqqı ümumiyyətlə hesablanmamışdır. Hər tədris ilinin əvvəlində İİ dərəcəli əlil olmasına dair müvafiq sənədləri iş yerinə təqdim etdiyini bildirən iddiaçı, əvvəllcə X2 xidmətinin Mil-Muğan Regional şöbəsinə müraciət etdiyini, araşdırma zamanı onun əmək fəaliyyəti ilə bağlı sənədlərin arxivə verildiyini, arxivdə də həmin sənədlərin aşkar edilmədiyini qeyd etmişdir. Amma əmək kitabçasında qeyd edilən tarixlərdə işləməsinə dair müvafiq qeydlərin olduğunu, buna görə də cavabdehdən 2000 manat məbləğdə pul vəsaitini tələb etməkdə haqlı olduğunu əsas gətirərək məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirən iddiaçı 2011-ci ildən 2014-cü ilə qədər işlədiyini amma bu müddət ərzində əmək haqqının düzgün hesablanmadığnı, bundan son dövrlər məlumatı olduğunu və məhkəmədən bu xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən cavabdeh Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Həşimxanlı kənd icra nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək iddianı qəbul etmədiklərini, iddiaçının iddia müddətini ötürməsi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıaraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2018-ci il tarixli Plenum qərarında iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sabirabad rayon Ətcələr kənd orta məktəbində “fizika lobarantı” və “komputer laborantı” vəzifəsində çalışmışdır. İş də olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında X2 Xidmətinin Mil- Muğan regional şöbəsindən verilmiş xx.xx.2024-cü il tariuxli 3-17-5/1-s-39311/2024 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış Mil -Muğan Təhsil İdarəsinin rəhbərliyinə göndərilmiş sorğuya verilmiş cavab məktubundan və əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbində işə götürənlə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən fizika laborantı vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə isə həmin məktəbdə kompüter laborantı vəzifəsinə təyin edilmişdir. Əmək haqqının hesablanması və ödənilməsi 2016-cı ilədək olan dövr ərzində məktəbin texniki işçiləri ilə birlikdə Sabirabad RİHB-nın Həşimxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ödənilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Həşimxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş məktubda Sabirabad rayon Ətcələr kənd tam orta məktəbinin texniki işçilərinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə maliyyə və digər sənədlərin Sabirabad rayon Dövlət Arxivinə təhvil verildiyi bildirilmişdir. Sabirabad rayon Dövlət Arxivinin məktubunda isə mühafizə olunan Sabirabad rayon Ətcələr kənd tam orta məktəbinin sənədlərinə baxılarkən iddiaçının adının həmin siyahıda aşkar edilmədiyi qeyd edilmişdir. Buna görə də, iddiaçının işə qəbul olunduğu xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dövr üzrə tələbləri ilə bağlı araşdırma aparılması və müvafiq tədbirlərin görülməsi mümkün olmadığı üçün müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan e-sosial portalından çıxarılmış arayışın sürətindən görünür ki, iddiaçıya 2011- 2014-cü il tarixlərdə Sabirabad rayon İcra Hakimiyyəti Başçının Həşimxanlı kənd icra nümayəndəliyi tərəfindən əmək haqqı ödənişləri həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada əmək münasibətləri yaranmış və cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq, hesab edir ki iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi üzrə münasibətlər xx.xx.2011-ci il tarixdə yaranmış və cavabdeh tərəfindən bu müddət ərzində müəyyən əmək haqqı ödənişləri həyata keçirilmişdir. Əmək müqaviləsinin müddəti 2011- 2014-cü illəri əhatə edən bir dövrü əks etdirmiş, lakin buna baxmayaraq, iddiaçı hüquqlarının pozulduğu qənaətinə gələrək yalnız 2025-ci ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçının istinad etdiyi fərdi əmək münasibətlərinin pozulmasının baş verdiyi tarix 2010-2014-cü illərə aid dövrü əhatə edir. Bundan əlavə iddiaçı 10 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmasını əsaslı hesab edən sübutların (halların) nədən ibarət olduğunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, əmək münasibətlərilə əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər əmək qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndində əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Məhkəmə, iddiaçı tərəfindən fərdi əmək münasibətləri üzrə pozulmuş hüquqların bərpası ilə 1illik iddia müddəti bitdikdən sonra, yəni 2025-ci ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətinin ötürülməsini və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Həşimxanlı kənd icra nümayəndəliyinə qarşı «pul tələbi» barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar