Məhkəmə qərarları › İş №2(056)-518/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-518/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-518/2025 15.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 İbrahim oğlunun sədrliyi, X2iunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla kənd təsərrüfatı təyinatlı torpaqları üzrə iddiaçılara məxsus Sabirabad rayonu, Əsədli kəndində yerləşən 1.7438 ha torpaq sahəsinin 1 hektarından Cavabdeh tərəfindən istifadəsinin dayandırılaraq, həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mülkiyyətçisinə geri qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri olan İddiaçı1, X1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə kənd təsərrüfatı təyinatlı 1,7438 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışı ilə qeydə alınmışdır. Mülkiyyətçilərdən-X3 isə 10 noyabr 2013-cü il tarixdə vəfat etmiş və xx.xx.2013-cü il tarixdən AZ-İ 646448 nömrəli “ölüm haqqında şəhadətnamə” verilmişdir. Hazırki iş üzrə Cavabdeh iddiaçılar tərəfindən həmin torpaq sahəsinin 1 hektarını aralarında şifahi icarə müqaviləsi əsasında 10 il bundan qabaq 5 illik əkin-biçin işləri üçün verilmişdi. Lakin, cavabdeh qərəzli olaraq həmin torpaq sahəsindən çıxmaq istəmir. İddiaçılar onların həmin mübahisə predmeti olan torpaq sahəsinə dair əllərində çıxarışın olduğunu , dəfələrlə cavabdehə həmin torpaq sahəsini boşaltmasını bildirsələr də, bu tədbirlər heç bir nəticə verməmişdir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını və iddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar, İddiaçı1 və İddiaçı3 iddia tələbini tam müdafiə edərək izahatlarında göstərdilər ki, torpağı cavabdehə birdəfəlik satmamış, ona icarəyə vermişlər. Cavabdeh yalnız torpaqdan istifadənin müqabilində ödədiyi 2000 manatı geri verdikdən sonra torpağı onlara qaytaracağını, onun isə həmin pulu geri ödəmək imkanının olmadığını, yalnız hissə - hissə, pensiya alandan - alana ödəyə biləcəyini qeyd etmişdir. Hazırda onların həmin torpağa ehtiyaclarının olduğunu və cavabdeh tərəfindən həmin torpaq sahəsini boşaldılaraq geri qaytarmasını tələb edirlər. İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, torpağı 2000 manata birdəfəlik satın almış, iddiaçılara inandığna və sənədlərdə problem olduğu üçün torpağı notarial qaydada alqı-satqı etməmişdir. Ondan torpağın alqı-satqısına görə aldıqları 2000 manat pulu geri qaytardıqdan sona o, torpağı geri qaytaracağını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı Torpağa mülkiyyət hüququna dair çıxarışdan görünür ki, Sabirabad rayonu Əsədli kəndində yerləşən 1,7438 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, X1, İddiaçı2 və İddiaçı3 məxsusdur . İş materiallarına əlavə edilmiş AZ-İ 646448 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X1 vəfat etmişdir. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu, Əsədli kəndində yerləşən 1,7438 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması hissəsi üzrə qeyd edir ki, məhkəməyə təqdim edilmiş dövlət aktından görünür ki, iddiaçıların boşaldılaraq onlara qaytarılmasını tələb etdiyi torpaq sahəsi onların mülkiyyətindədir. Ona görə də onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadənin dayandırılaraq, torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması tələbini irəli sürməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Cavabdeh tərəfindən məhkəməyə mübahisəli torpağın alqı-satqısını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən, torpaq üzərində onun xeyrinə hər hansı hüquqi qiymətləndirmə həyata keçirilə bilməz. Belə ki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinin mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.” Konstitusiya Məhkəməsi də yuxarıda qeyd edilən qərarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə alıcının ondan tələb edilən hərəkətləri etməməsini (digər paylı mülkiyyətçilərin razılığının alınması, müqavilənin formasına riayət edilməsi və s.) alıcının laqeydliyi kimi qiymətləndirmiş, bu laqeydlik halının nəticə olaraq gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum etməyə gətirib çıxardığını vurğulamışdır. Bu xüsusda məhkəmə hesab edir ki, əvvəlki Mülki Məcəllənin tələbləri və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilədiyi hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin məhkəmə iclasında aralarında şifahi olaraq torpaq alqısatqısı olmasını bildirməsi, hər hansı alqı-satqı müqaviləsinin olmaması tərəflərin etibarlı alqı-satqı münasibətində olmaları kimi qiymətləndirilə və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, iddia tələbi iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu, Əsədli kəndində yerləşən 1,7438 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, tələb ödənilmiş dövlət rüsumu hissəsində də təmin ödənilmiş hissəsinə uyğun olaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normanın tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə tam təmin edilməklə cavabdehdən iddiaçıların xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Sabirabad rayonu, Əsədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.7438 ha torpaq sahəsinin 1(bir) hektarının Cavabdeh tərəfindən istifadəsi dayandırılsın, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh alınıb iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar