Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-578/2025 15.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma» tələbi barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, övladı İlahə Ağamoğlanova ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla mülkiyyət hüquqları adına qeydə alınmış, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, 19 saylı fərdi yaşayış evindən və onun 0,06 ha həyətyanı sahəsindən (yeni qaydalarla ünvan 2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5-də yerləşən 19 nömrəli fərdi yaşayış evi (yeni qaydalarla ünvan 2 və onun 0,06 ha həyətyanı sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Evin ümumi sahəsi 102,1 kv.metrdir. Ev və həyətyanı sahə barəsində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla qeydə alınmışdır. Ev və həyətyanı sahənin tam mülkiyyətçisidir. Göstərilən ev və həyətyanı sahəni 05 yanvar 1996cı ildə rəsmi alqı-satqı yolu ilə vətəndaş X1 almışdır. Cavabdeh, onun əri Bəxtiyar Sadıqov və qızları X2 2017-ci ilədək Rusiyada yaşayıblar. Onlar 2017-ci ildə Rusiyadan Azərbaycana, Sabirabad şəhərinə qayıtdılar. Evləri olmadığından qaynı arvadı Minayə Sadıqova ondan xahiş etdi ki, onlara müvəqqəti olaraq mülkiyyətində olan həmin evdə yaşamağa icazə versin. O da razılaşmışdır. 2019-cu ildə cavabdehin əri Bəxtiyar Sadıqov vəfat etmişdir. O, hazırda iki oğlu, onların arvadları və uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayırlar. Ailə sayı çox olduğundan artıq bu evdə yaşamaq mümkün deyildir. Bu səbəbdən oğlunun birinin ailəsi ilə birlikdə mülkiyyətində olan Sabirabad şəhəri, Muğan prospekti, döngə 5-də yerləşən 19 saylı evə köçmək istəyirlər. Lakin Cavabdeh evindən çıxmaq istəmir. Onun qeydiyyatda olduğu yer və ata evləri Sabirabad rayonu, Qasımbəyli KİN-nin Yuxarı Axtaçı kəndindədir. Cavabdeh və onun 2011-ci ildə anadan olmuş qızı İlahə Ağamoğlanova onun nə keçmiş, nə də indiki ailə üzvləri deyillər. Onlar onun ev üzərində sahiblik və istifadə hüquqlarını pozurlar. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki mübahisələndirilən Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, 19 saylı fərdi yaşayış evində o, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə yaşayırlar. Həmin ev faktiki olaraq onun mərhum ərinə məxsusdur, lakin alqı-satqı rəsmiləşdirilmədiyindən evə dair adlarına sənəd əldə edə bilməmişlər. Qeyd edilənlərə əsaslanaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla: AZ5401, ünvan 2 ünvanında 0.06 ha. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ilə X3 arasında bağlanmış və xx.xx.1996-cı il tarixli 3m.1k-01 reyestr nömrəsi ilə Sabirabad rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı Müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reystrində İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə edə bilmir və buna səbəb Cavabdeh, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə hər hansı bir əsas olmadan həmin evdə məskunlaşmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o hazırkı iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki boşaldılması tələb olunan Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla: AZ5401, ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin evə dair qanuni əsaslarla hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan həmin evə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdeh tərəfindən mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, cavabdehin iddiaçının mülkiyyətində olan evin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, cavabdeh, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə iddiaçıya məxsus evdə heç bir əsas olmadan yaşadıqlarından, iddia tələbi təmin edilməli və cavabdeh övladı ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin dördüncü hissəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normaları ilə on dörd yaşına çatmış şəxslərin yaşayış yeri valideynlərinin razılığı ilə müəyyən edilməli olduğundan və cavabdeh mübahisəli evdən çıxarıldığı halda, onun övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova da anası ilə birlikdə evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Sabirabad şəhəri, Muğan prospekti, döngə 5, ev 19 (yeni qaydalarla: AZ5401, ünvan 2 ünvanında 0.06 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh, övladı xx.xx.2010-cu il təvəllüdlü İlahə Ağamoğlanova ilə birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-578/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-578/2025
15.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver