Məhkəmə qərarları › İş №2(056)-579/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-579/2025

23.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-579/2025 23.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad Regional «Asan Xdimət» Məkrəzində Notariat ofisinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdeh Sabirabad Regional «Asan Xdimət» Məkrəzində Notariat ofisinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan evdən mərhum valideynləri-X18 və X13 çatası paya dair onun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin cavabdeh Sabirabad Regional «Asan Xdimət» Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hər iki valideyni dünyasını dəyişmişdir: X7 və anası X19 xx.xx.2001-ci ildə dünyalarını dəyişmişlər. O, onların vəfatından sonra qanun üzrə birinci növbə vərəsə kimi cavabdeh Sabirabad «Asan Xidmət» Mərkəzinin notariat ofisinə müraciət etmiş və o, miras qoyanların qanun üzrə yeganə vərəsəsi kimi tanınmaqla ona xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququna dair 2V-247 və 2V-248 reyestrlə qeydə alınmış Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrdə miras əmlak kimi mərhum valideynlərinin mülkiyyətində olmuş Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 2 ha torpaq sahəsi olmuşdur. Bundan başqa ona, ailə üzvlərinə (həyat yoldaşı və 2 övladına) və mərhum valideynlərinə Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən 88,2 kv.m. olan ev də məxsus olmaqla bu ev üzərində 6 nəfərin birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydə alınmaqla çıxarış da verilmişdir. Həmin evin çıxarışında onun valideynlərinin də adı göstərilmişdir. O, miras qoyanların mülkiyyətində olan bir əmlakı artıq qəbul etmiş və həmin əmlakla bağlı o, yeganə vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh orqana müraciət edərək birgə mülkiyyətdə olan torpaq və evə görə də ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsini istəmiş, lakin cavabdeh miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilafın olmasını səbəb kimi göstərməklə ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, digər əmlaka münasibətdə o, yeganə vərəsə kimi tanındığı və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün bu əmlakla da bağlı ona vərəsəlik hüququna dair şəhadətnamə verilməlidir. O, belə bir iddia ilə məhkəməyə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli qərardadla onun iddia ərizəsi və sənədlər geri qaytarılmış, bu qərardadda onunla izah olunmuşdur ki, o, inzibati məhkəməyə müraciət etməlidir. Bundan sonra o, iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə notariat ofisinin inzibati orqan olmaması səbəbindən iddia tələbini mümkün saymamışdır (qərardad(2-l(118)- 6879/2024) Bu səbəbdən də o, iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: xx.xx.2021-ci il tarixli, 9xx-xx/1496 inventar nömrəli və **********06-10301 reyestr nömrəli Fərdi yaşayış evinə dair çıxarışdan görünür ki, hüquq sübeykti: X26, X19, İddiaçı, X16, X8 və X6r. Sabirabad rayon Zaqs şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1967-ci ildə ünvan 1i kəndində anandan olmuşdur. X7, anası X14r. Sabirabad rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ 133544 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X2 rayonunda xx.xx.2001-ci ildə ölmüşdür. Sabirabad rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ 133545 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X1 rayonunda xx.xx.2001-ci ildə ölmüşdür. Sabirabad rayon Kürkəndi kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ 408826 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X4 rayonunda xx.xx.2010-cu ildə ölmüşdür. Sabirabad rayon Kürkəndi kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 464887 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X30 xx.xx.2011-ci ildə ölmüşdür. xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Sabirabad "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş-lMANOV AYAZ ƏLİŞAN OĞLUNUN vərəsələri: SUMQAYİT, H.Z.TAĞİYEV QƏS, DƏDƏQORQUD KÜÇ, EV 23, MƏN 1 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2017 - Asan-Sumqayıt3, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DƏDRX-nın Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X18 verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i kəndi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir. xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Sabirabad "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş-lMANOVA BİRCƏ NÜSRƏT QİZİNİN vərəsələri: SUMQAYİT, H.Z.TAĞİYEV QƏS, DƏDƏQORQUD KÜÇ, EV 23, MƏN 1 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2017 - Asan-Sumqayıt3, FİN:xxxxxxx, d/t:xx.xx.1967) və o miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DƏDRX-NİN ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2021-ci il tarixdə X31 QİZİNA verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i kəndi ünvanında yerləşən ümumi sahəsi olan torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan ev İddiaçı, X16, X19, X26, X8 və X5 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2037 saylı məktubdan görünür ki, onun Sabirabad “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə ünvanladığın ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsində göstərilir ki, ‘Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır”. Odur ki, hazırki vəziyyətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanuna ziddir. Buna görə də vərəsəlik işi ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusus əsasında Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisi tərəfindən X19 və X17 barəsində aparılmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qoşma sənədlərin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə həmin sənədləri tədqiq etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, İddiaçı xx xxxx 1967-ci ildə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuşdur. X3 xx.xx.2010-cu il tarixdə, X30 xx.xx.2011-ci il tarixdə, atası X21 və anası X19 xx.xx.2001-ci il tarixdə vəfat etmişlər. X19 və X17 övladı olan hazırki iddiaçı Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci ildə notariat ofisi mərhumlardan miras qalmış digər əmlak olan ünvan 1i kəndi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinə dair 1/1 hissədə pay alması ilə bağlı hazırki iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hazırki iddiaçı daha sonra 2024-cü ildə digər ümumi birgə mülkiyyətdə olan Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan evin birgə mülkiyyətçilərindən olan və tam payla yeganə vərəsəsi olduğu valideynlərinin paylarına münasibətdə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında ixtilaflar olması bildirilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də hazırki iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələb edən hazırki iddiaçının vərəsə olaraq statusuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İşin hallarından və sadalanan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırda mərhum valideynləri olan X17 və X11 yeganə sağ qalmış birinci növbə vərəsəsidir. Bu hal notariat ofisi tərəfindən də müəyyən edildiyi üçün mərhumlardan miras qalmış digər paya (mülkə) münasibətdə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə daha sonra daşınmaz əmlakın statusuna və miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflların olmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, “Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Sadalanan qanunvericilik normalarının tələblərindən və işin hallarından da göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələb edilən daşınmaz əmlak paylar müəyyən edilmədən İddiaçı, X16, X19, X26, X8 və X5 ümumi birgə mülkiyyətindədir. Birgə mülkiyyət hüququna xitam verilməsi qaydası da 223-cü maddə ilə tənzimlənmişdir. Yəni, ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməmiş olması mərhum birgə mülkiyyətçilərə çatacaq olan payla bağlı mərhumların yeganə vərəsəsi olan hazırki iddiaçıya münasibətdə miras şərikləri arasında ixtilafın olması kimi qiymətləndirilə və buna görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilə bilməz. Halbuki, Mülki Məcəllənin 1157-ci maddəsində miras şəriklərinin anlayışı verilmişdir. Həmin normanın tələbinə görə, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Göründüyü kimi, miras şəriklərinin yaranması üçün bir neçə vərəsənin olması zəruridir ki, yuxarıda qeyd edildiyi kimi işdən də görünmüşdür ki, iddiaçı mərhum valideynlərinin yeganə vərəsəsidir, yəni digər vərəsə mövcud deyildir. Bu xüsusda miras şəriklərinin mövcudluğundan da söhbət gedə bilməz. Digər tərəfdən o da vurğulanmalıdır ki, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin sərgilədiyi hüquqi mövqedə də göstərilmişdir ki, hətta miras şəriklərinin mövcudluğu olsa belə, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. İşdən də göründüyü kimi, iddiaçının vərəsə olması mübahisə predmeti olmamış, bub xüsusda notariat orqanı tərəfindən ona daha əvvəl də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Xüsusi olaraq o da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istər hazırki iddiaçının, istərsə də digər birgə mülkiyyətçilərin gələcəkdə payların müəyyən edilməsini, həmçinin birgə mülkiyyətə son qoyulmasını tələb etmək hüququ vardır. Hazırki iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər mülkiyyətçilərin birgə mülkiyyətdə olan payına təsir göstərə və xələl gətirə bilməz. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini, Plenum Qərarının mövqeyini və işin hallarını ümumiləşdirərək hesab edir ki, notariat ofisinin hazırki iddiaçıya miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaf olmasını əsas gətirərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyətdə olan Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan evdən birgə mülkiyyətçilərdən olan mərhum valideynləri-X18 və X13 çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Sabirabad Regional «Asan Xdimət» Mərkəzində Notariat ofisinə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar