Məhkəmə qərarları › İş №2(056)-629/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-629/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-629/2023 02.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində maraqlı tərəflə aralarında Mediasiya orqanında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlandığını, maraqlı tərəfin barışıq sazişinin icrasından yayındığını bildirərək, xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2 və 3-cü bəndlərindən görünür ki, “cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi iddia tələbini qismən qəbul etdi və bildirdi ki, Ərizəçi ona düşən bütün növ əmlaklarından (eyni zamanda JN-150 (kod:********) saylı dövlət aktı ilə onun payına düşən 0.73 hektar torpaq sahəsindən) imtina edəcəyi halda, onun tələb etdiyi 7000 manat pulun 3000 manat hissəsini xx.xx.2023-cü il tarixə qədər, qalan 4000 manat hissəsini xx.xx.2023-cü il tarixdə verəcəyini öz öhdəsinə götürdü. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs təklifini tam şəkildə qəbul etdi və cavabdeh tərəfindən təklif edilən pulun 3000 manat hissəsini xx.xx.2023cü il tarixə qədər, qalan 4000 manat hissəsini xx.xx.2023-cü il tarixdə veriləcəyi ilə razılaşdı” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaq) məhkəməyə müraciət edə bilər. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, ərizəçi ərizəyə barışıq sazişinin şərtlərinə uyğun olaraq özünün ona düşən əmlaklardan imtina (o cümlədən sazişdə göstərilmiş torpaq sahəsindən) imtina etməsi barədə, maraqlı tərəfin isə barışıq sazişini könüllü icra etməməsi və ya icra etməkdən imtina etməsi barədə hər hansı sənəd əlavə etməmişdir. Belə ki, barışıq sazişinin 2-ci bəndində nəzərdə tutulmuş şərtdən də aydın olur ki, ərizəçi ona düşən əmlak paylarından imtina edəcəyi halda maraqlı tərəf sazişdə göstərilən pul məbləğini göstərilmiş müddətlərdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ərizəyə əlavə olunmuş sənədlərlə ərizəçinin sazişin şərtinə uyğun olaraq ilk əvvəl özünün ona düşən torpaq payından imtina etməsi ilə bağlı müvafiq orqana (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə) ərizə ilə müraciət etməsini, bundan sonra maraqlı tərəfin sazişdə göstərilmiş ilkin olaraq ödəməli olduğu 3000 manat pulu ödəməkdən imtina etməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda hesab edirəm ki, göstərilən hallara dair sübutlar təqdim edilmədiyi halda maraqlı tərəfin barışıq sazişinin könüllü icrası halının mövcud olmasından və barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə qaydasında təsdiq edilməsindən söhbət gedə bilməz. Ərizəçi özü ilkin olaraq payından imtina etməsi ilə bağlı müvafiq dövlət orqanına müraciət edib sazişin şərtlərinə əməl etmədiyi halda iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, yuxarıda göstərilən tələblərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268 və 355-23.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” tələbinə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar