Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-654/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Kredit borcunun və kreditdən istifadəyə görə faizlərin ödənilməsi tələbinə dair» kiçik iddiaya dair işə xx.xx.2023-ci il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2016,59 manat məbləğində əsas kredit borcunun, 3,76 manat məbləğində cərimə borcunun, cəmi 2020,35 manat məbləğində borcun və 40,21 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli Rest 021CASA192120015 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2408,46 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə verməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2019-cu il tarixdə kreditorla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və bu barədə öhdəlik imzalamışdır. Lakin, borcalan Cavabdeh1 müqavilə üzrə öhdəliklərini kreditor qarşısında tam icra etməmiş və nəticədə onun kreditora xx.xx.2023-cü il tarixə kimi 2016,59 manat məbləğində əsas kredit borcu, 3,76 manat məbləğində cərimə borcu, cəmi 2020,35 manat borcu yaranmışdır. Ona görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı təşkilat iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2019-cu il tarixli Rest 021CASA192120015 saylı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 60 ay müddətinə illik 1% olmaqla, 2408,46 manat məbləğində kreditin verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2016,59 manat məbləğində əsas kredit borcu, 3,76 manat məbləğində cərimə borcu, cəmi 2020,35 manat kredit borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 40,21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest 021CASA192120015 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% ödənməsi şərtilə 2408,46 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq kreditor İddiaçı ASC ilə Cavabdeh2 ilə arasında zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 aldığı kreditdən qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Borcalan verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsi olaraq onun kredit müqaviləsi üzrə 2016,59 manat məbləğində əsas kredit borcu, 3,76 manat məbləğində cərimə borcu, cəmi 2020,35 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdeh bağladığı müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalanın krediti vaxtında qaytarılmamasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada 2016,59 manat məbləğində əsas kredit borcu, 3,76 manat məbləğində cərimə borcu, 2020,35 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada 2016,59 manat məbləğində əsas kredit borcu, 3,76 manat məbləğində cərimə borcu olmaqla, cəmi - 2020,35 (iki min iyirmi manat otuz beş qəpik) AZN məbləğində borc tutularaq İddiaçı ASCə verilsin. Ödənilmiş 40,21 (qırx manat iyirmi bir qəpik) AZN dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-654/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-654/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver