Məhkəmə qərarları › İş №2(056)-683/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-683/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-683/2025 05.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən çıxarışla mülkiyyət hüquqları adına qeydə alınmış Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilin ümumi sahəsi 104,7 kv.m-dir. Mənzil barəsində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən çıxarışla qeydə alınmışdır. O, mənzilin tam mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1, onun oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və xx.xx.2020-ci ildə anadan olmuş X1 rayonunun Şaybalı kəndindəndirlər. Onlar məcburi köçkün olduğu üçün mənzilində yaşamalarına razılıq vermişdir. O, hazırda özü, arvadı, oğlu və onun arvadı 3 uşağı ilə birlikdə, həmçinin qızı və onun bir uşağı ilə birlikdə Qasımbəyli KİN-nin Yuxarı Axtaçı kəndində bir evdə yaşayırlar. Qeyd edilən mənzili almışdır ki, o, arvadı ilə birlikdə, həmçinin qızı və onun bir uşağı ilə birlikdə orada yaşasınlar. Cavabdehlə onun mənzilindən çıxmaq istəmirlər. Cavabdehlər onun nə keçmiş, nə də indiki ailə üzvləri deyillər. Onlar onun mənzili üzərində sahiblik və istifadə hüquqlarını pozurlar. Bu səbəbdən hazırki iddianı qaldırmağa məcbur olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, cavabdehlər 15 ildir ki, onun evində yaşayırlar. İndi öz şəraiti də pisdir. Özü ailə tərkibi 9 nəfərdən ibarətdir. Yaşadıqları evə yerləşə bilmirlər. Özünün xəstəsi vardır. İstəyir ki, öz evinə yerləşsin və xəstəxanaya da yaxın ola bilsin. O, bir neçə dəfə cavabdehlərə müraciət etmişdir ki, mənzilini könüllü boşaldıb ona təhvil versinlər. Lakin onu şərləmişlər və çıxmaq istəmişlər. Ona hər dəfə onlara ev veriləndə çıxacaqlarını bildirmişlər. Buna görə də o, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etmiş, ona cavabdehlərin evlə təmin edilməsi üçün onun məhkəməyə müraciət edib cavabdehlərin evindən çıxarılmasına dair qətnamə əldə etməsini tövsiyyə etmişlər. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildirişləri ünvanlansa da, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Odur ki, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən Çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) tam payla İddiaçı xüsusi mülkiyyətindədir və və bu barədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Saatlı-Sabirabad rayonları bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonundan məcburi köçkün düşmüş Məmmədov X2 rayonu, H.Əliyev prospekti, 2 d, mənzil 8 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi həyat yoldaşı Cavabdeh3, oğlu X4 və anası Cavabdeh1 ibarətdir. Ağdam rayonunun Şaybalı kəndində qeydiyyatdadır. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzil (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyətində olan mənzildə Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər və azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X4 hər hansı hüquqa malik olmadan yaşamaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı olan mülkiyyətçinin mülkiyyət hüquqları qorunmalı və bərpa edilməli, bu xüsusda iddia tələbi əsaslı hesab edilərək təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılmadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci ildə anadan olmuş X4 ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 2D, 8 nömrəli mənzildən (yeni qaydalarla Sabirabad şəhəri, Ağadadaş Ağayev küçəsi, giriş 6, M4, mənzil 1) çıxarılsınlar. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar