Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-866/2024 20.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (iş üzrə üçüncü şəxs olan Sabirabad rayonu Minbaşı Bələdiyyəsi) «subicarə müqaviləsinin etibarsız sayılaraq subicarəyə verilmiş torpaq sahəsinin istifadəsinin dayandırılaraq boşaldılması və icarəçiyə geri qaytarılması» tələbinə dair mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Sabirabad rayonu Minbaşı Bələdiyyəsi üçüncü şəxs olan) «subicarə müqaviləsinin etibarsız sayılaraq subicarəyə verilmiş torpaq sahəsinin istifadəsinin dayandırılaraq boşaldılması və icarəçiyə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 3 saylı iclasının qərarı əsasında Sabirabad rayonu, Qarağac bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı iclasının qərarı əsasında icarəsində olan torpaq sahəsinin 68 ha hissəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh subicarəsinə verilməsi barədə xx.xx.2018ci il tarixli subicarə müqaviləsinin etibarsız sayılması, subicarəyə verilməsi nəzərdə tutulan 68 ha torpaq sahəsinin istifadəsinin dayandırılaraq boşaldılması və icarəçi kimi ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Minbaşı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 3 saylı iclasının qərarı əsasında xx.xx.2018-ci il tarixdə Sabirabad rayonu, Qarağac bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı iclasının qərarı əsasında icarəsində olan torpaq sahəsinin 68 ha hissəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh subicarəsinə verilmiş və aralarında müvafiq subicarə müqaviləsi bağlanmışdır. Keçən 6 il ərzində subicarəçi tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, icarəçi kimi ona müqavilədə nəzərdə tutulan icarə haqqı ödənilməmişdir. Bələdiyyəyə icarə haqqı ödənilməsindən məlumatı yoxdur. Sabirabad rayonu, Minbaşı bələdiyyəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixlki, 08 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, iclas protokolu əsasında subicarəyə verilməsi nəzərdə tutulan 68 ha torpaq sahəsinin subicarə müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Həmin vaxtdan ona məlum olmuşdur ki, onunla cavabdeh arasında bağlanmış subicarə müqaviləsi etibarsızdır. Beləliklə, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli subicarə müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, Torpağın subicarə müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır və notariat qaydada təsdiq olunduqdan sonra hüquqi qüvvəsini alır. Qeyd olunan subicarə müqaviləsi qanuni qüvvəsini almamışdır. Həmin müqavilənin 4.4-cü maddəsində qeyd olunur ki, subicarəçi, yəni hazırki iş üzrə Cavabdeh torpağın yerdə ayrılmasını, xəritəyə köçürülməsini təmin etmədikdə və subicarə müqaviləsinin notariat qaydada təsdiqini həyata keçirmədikdə müqaviləyə xitam verilir. Bundan əlavə müqavilədə subicarəçi kimi Cavabdeh göstərilsə də torpaq sahəsi faktiki olaraq Əliheybət Şirinov adlı şəxs tərəfindən istifadə edilir. Subicarə müqaviləsinin şərtlərinə görə isə bu qadağandır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddiaya uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş üçüncü şəxs Sabirabad rayon Minbaşı Bələdiyyəsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN 9610 kod 90916028 saylı torpaqdan müvvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 100 ha olan torpaq sahəsi İddiaçı müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Bələdiyyə torpaqlarının subicarəyə verilməsinə dair 1 nömrəli müqavilədən görünür ki, Sabirabad rayon Qarağac Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 07 saylı iclasının qərarı fəaliyyət göstərən Cavabdeh ilə X2 digər tərəfdən Sabirabad rayon Minbaşı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 03 saylı iclasının qərarı əsasında Minbaşı bələdiyyəsinin xx.xx.2018-ci il tarixli rəsmi icazəsinə əsasən 68 ha əkinçilik üçün nəzərdə tutulmuş torpaq sahəsinin təyinatı üzrə istifadəsi X1 istifadəsinə verilmişdir. Subicarə müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2048-ci il tarixə qədər müddətə bağlanmışdır. İş materiallarında olan Sabirabad rayonu, Minbaşı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixlki, 08 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, iclas protokolu aşkarlanmamış və qeydiyyata alınmamışdır. Subicarə müqaviləsi bağlanmamışdır, həmçinin xx.xx.2018-ci il tarixli 03 saylı iclas protokolunda subicarəyə verilən 68 ha torpaq sahəsi notariat qaydasında subicarə müqaviləsi bağlanmamışdır. Məhkəmə ilk olaraq iddia tələbinin subicarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində sadə yazılı formada bələdiyyə torpağının subicarəyə verilməsinə dair subicarə müqaviləsi bağlanmış, müqavilə şərtlərində də, yəni müqavilənin 1.1-ci maddəsində torpağın subicarə müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanıb, notariat qaydada təsdiq olunduqdan sonra hüquqi qüvvəsini alması, 4.4-cü maddəsində isə, subicarəçinin, yəni hazırki iş üzrə Cavabdeh torpağın yerdə ayrılmasını, xəritəyə köçürülməsini təmin etmədikdə və subicarə müqaviləsinin notariat qaydada təsdiqini həyata keçirmədikdə müqaviləyə xitam verilməsi müəyyən edilmiş, lakin tərəflərin razılaşdığı müqavilə tələblərinə riayət edilməyərək müqavilə notarial qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Plenum Qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən məhkəmə iclasında müəyyən edildi ki, hazırki əqd əhəmiyyətsiz əqdir. Özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlərin məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməməsi halı nəzərə alındıqda məhkəmə hesab edir ki, qətnamə qəbul edilərkən xx.xx.2018-ci il tarixli subicarə müqaviləsinin əhəmiyyətsizliyi halı ilə bağlı etibarsızlığı vurğulanmaqla tələbin digər hissələrinə hüquqi qiymət verilməlidir. İddia tələbinin digər hissələrindən isə görünür ki, iddiaçı subicarədə olan torpaq sahəsindən istifadənin dayandırılmasını və icarəçiyə qaytarılmasını tələb etmişdir. Bu hissələrə münasibətdə məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd əsasında torpaq sahəsinin istifadə edilməsi qanunsuz vəyol verilməz hesab edilməli, bu xüsusda iddianın bu hissələri əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bələdiyyə torpaqlarının subicarəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1 nömrəli. xx.xx.2018-ci il tarixli subicarə müqaviləsinin əhəmiyyətsiz əqd olması qeyd edilməklə həmin müqavilə əsasında Cavabdeh subicarəyə verilmiş ünvan 2ində yerləşən 100 ha torpaq sahəsininin 68 ha hissəsindən istifadə dayandırılsın, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-866/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-866/2024
20.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver