Məhkəmə qərarları › İş №2(056)-9/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-9/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-9/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X11 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı Sabirbad rayon Quruzma Bələdiyyəsinin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsinin - cavabdeh X4 qarşı «yolun və su kanalının açılması» barədə iddia tələbinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi - cavabdeh X4 qarşı «yolun və su kanalının açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən zəbt olunmuş Quruzma Bələdiyyəsinin mülkiyyətinə aid yol və su arxının zəbtdən azad olunması, eləcə də həmin yolun başlanğıc tərəfində quraşdırılmış dəmir darvazanın hesabına götürülməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Qəzli kənd sakinləri X7 və X12 ƏMDX Şirvan Ərazi Söbəsinə daxil olmuş müraciəti ilə əlaqədar bələdiyyə sədrinin, ƏMDX Şirvan Ərazi Şöbəsinin məsləhətçilərinin, müraciət müəlliflərinin və cavabdehin iştirakı ilə TEKUİS proqramından mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baza xəritə materiallarında sözügedən yol və su arxı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunaraq bələdiyyə mülkiyyətinə aid ümumi istifadə olaraq göstərilmişdir. Həmin ərazi Qəzli kəndi üzrə həyətyanı sahələrin kompleks yerquruluşu planı üzrə ümumi istifadə olaraq qeyd edilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin yolun başlanğıc tərəfində dəmir darvaza, axırında isə mişar daşı materialları ilə hörülmüş hasar inşa edilərək ərazi zəbt edilmişdir. Baxışın nəticəsinə dair müvafiq akt tərtib edilmişdir. Cavabdehə torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması barədə bildiriş göndərilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X6 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, ƏMDX Şirvan Ərazi Şöbəsinin məsləhətçiləri - Nazir Mürsəlovun və Vəli Əliyevin, Sabirabad rayon Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərovun, Sabirabad rayonu Qəzli kənd sakinləri X12 və X3 iştirakı ilə Sabirabad rayonu Qəzli kəndində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AKT-dan görünür ki, TEKUİS proqramından mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baza xəritə materiallarında sözügedən yol və su arxı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunaraq bələdiyyə mülkiyyətinə aid ümumi istifadə olaraq göstərilmişdir. Həmin ərazi Qəzli kəndi üzrə həyətyanı sahələrin kompleks yerquruluşu planı üzrə ümumi istifadə olaraq qeyd edilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin yolun başlanğıc tərəfində dəmir darvaza, axırında isə mişar daşı materialları ilə hörülmüş hasar inşa edilərək ərazi zəbt edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********91 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi Sabirabad rayon Quruzma Bələdiyyəsinin mülkiyyətinə aiddir və həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahələri və su arxı cavabdeh X3 və ailə üzvlərinin faktiki istifadəsindədir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi (yol və su arxının bir hissəsi) və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsinə aid edilməsinə baxmayaraq və Quruzma Bələdiyyəsinin razılığı olmadığı halda, cavabdeh X6 tərəfindən qanunsuz zəbt edilmişdir. Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin tələbinə baxmayaraq, Cavabdeh zəbt etdiyi torpaq sahəsini, piyada yolunu və su arxını boşaltmaqdan imtina etmiş və nəticədə torpaq sahəsindən, həmçinin ümumi istifadədə olan piyada yolundan və su arxından istifadə imkanları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə cavabdeh və ya hər hansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyəçinin icazəsi olmadığı halda, cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki boşaldılması tələb olunan Sabirabad rayonu, Quruzma Bələdiyyəsinə məxsus Sabirabad rayonu, Qəzli kəndində yerləşən mübahisələndirilən torpaq sahəsi cavabdeh X3 istifadəsində olduğu üçün, iddiaçı Sabirabad rayonu, Quruzma Bələdiyyəsi mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair mövcud hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüququ müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə iddia tələbinin ümumi istifadədə olan torpaq sahəsindən (yoldan) və sudan istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Qeyd olunan Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar Bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətinə aid edilən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki yol və su arxı kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehin həmin sahələri zəbt etməklə istifadənin məhdudlaşdırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır. Beləliklə iddiaçı təşkilat müvafiq olaraq mülkiyyətçi kimi cavabdeh tərəfindən zəbt olunmuş ümumi istifadədə olan torpaq sahələrinə hər hansı hüquqları olmayan cavabehin hərəkətlərinə son qoyulmaqla, su arxınıın və ümumi istifadədə olan yolun açılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X3 Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsi X3 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə MPM-nın 119.1-ci və 124.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin olunduğu halda, məhkəmə xərcləri də cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsi X3 üzərinə qoyulsun. xx.xx.2022-ci il tarixli **********91 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı təşkilat Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən ödənilmiş 95,00 (doxsan beş) AZN məbləğində pul vəsaiti cavabdeh X2 tutulub iddiaçı təşkilat Sabirabad rayon Quruzma Bələdiyyəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar