Məhkəmə qərarları › İş №2(056)-930/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-930/2025

16.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-930/2025 16.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı (Sabirabad rayonu Moranlı Bələdiyyəsi 3-cü şəxs olan) «yolun açılması və həmin yoldan istifadəyə maneənin aradan qaldırılması» tələbi barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı (Sabirabad rayonu Moranlı Bələdiyyəsi 3-cü şəxs olan) «yolun açılması və həmin yoldan istifadəyə maneənin aradan qaldırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Moranlı kəndində yerləşən yolun açılaraq, ayrılan həmin yola gediş-gəliş üçün maneənin aradan qaldırılmasının Cavabdeh məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla qonşu olan qardaşı Cavabdeh, ona dövlətin nümayəndəsi keçmiş bələdiyyə sədri olan mərhum Xudaverdi müəllimin ayırdığı 8 metr yolu zəbt edib və oradan gediş-gəlişə maneə yaradır. Bu mübahisə neçə illərdir ki, gedir. Dəfələrlə xoş niyyətlə danışaq aparsa da, Oktay onun sözlərinə məhəl qoymamışdır. Oktayla sağ-sol qonşudurlar və orada ona tərəf ayrılan yolu Oktay qəsdən və qərəzli olaraq bağlamışdır. Belə ki, əsas yol Oktayın evinin arxasında keçib gəlib onun tərəfə düşməlidir. Oktay isə oradan çəpər çəkmiş və həmin yeri bağlamışdır. O, isə həyətinə keçə bilmir. Dövlət Xəritəçəkmə planında da həmin yol mövcuddur. Hətta baş kanaldan da 8 metr gediş-gəliş yolu buraxıb. Sözü budur ki, əgər Oktay ona öz tərəfindən çəpəri sökmürsə, başqa tərəfdən ona yol ayırsın ki, o, rahat evinə gedib-gəlsin. Orada baş kanal var, toxunulmaz kanaldır. Toxunulmaz kanalın ərazisindən 3 metr əraziyə girmək mümkün deyildir. Oktay 3 metrdən sonra ölçüb ona 8 metr yol buraxa bilər. Oktay isə qərəzli olaraq həmin yolu ona vermir. O, da iki qardaş aralarında mübahisə yaranmasın deyə, ailə uşaq olduğu üçün gələcəkdə güclü mübahisə düşməsin deyə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Oktay həmin yolun üstündə çəpər çəkdiyinə görə, həmin çəpər və ya dam sökülməli və ona yol verilməlidir. Qardaşı Oktay çəpəri tikməzdən əvvəl bələdiyyə həmin yolu onun və qardaşının gediş-gəlişi üçün həmin yolu buraxmışdır. Oktay isə ümumiyyətlə yolu vermək istəmir. Onun yolu kəsildiyi üçün onun öz evinə gedib-gəlmək üçün yolun açılmasını istəyir. O, əvvələr 300 manat xərc çəkib yol açdırmışdır. Lakin torpağın sahibi gəlib həmin yeri onun əlindən aldı. Elxan İmanov həmin torpağı öz qanuni torpağı hesab edərək öz ərazisinə qatdı. Faktiki o yerə bələdiyyə gəldi ona orada göstəriş verdi ki, icazə verdi və o, da 300 manat xərc çəkərək yol açdı. Həmin 300 manat xərci də batıb getdi. İndi o, da qanuni şəkildə gəlib ona gediş-gəliş üçün yolun açılmasını istəyir. Baş su kanalın tərəfindən isə ümumiyyətlə yol yoxdur. Qardaşı Oktayın bağladığı yoldan avtomobilin gediş-gəlişidə əlverişlidir. Lakin bağladığı üçün ümumiyyətlə oradan nə gedib-gəlmək nə dəki, avtomobil hərəkəti məhduddur. Qardaşı onun həyətinə çıxan iki tərəfi yolu bağlamışdır. Həmin yol iki ağacın arasından keçirdi. Oktayın ona su kanalının yanı ilə yol verməsi halı vardır. Özü isə evində sərbəst yaşasın. Onun o yoldan keçməsi ona maneə yaratmır. Həmin çəpər sökülsə oradan 12 metr yol vardır. Həmin yolun açılması Oktayın torpağı üzərinə düşmür. Onun sadəcə Oktaydan hansı tərəf olursa olsun, ona gedişgəliş yolu versin. Təkcə tələbi budur ki, haq ədalət bərqərar olsun. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs Sabirabad rayonu Moranlı Bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sabirabad Rayon Moranlı X.D.S. İcraiyyə Komitəsinin Təsərrüfatbaşına X6 görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Moranlı kənd XDS İcraiyyə Komitəsinin 13 saylı təsərrüfatbaşına kitabın 988 nömrəli şəxsi hesabına əsasən İddiaçı Sabirabad rayonu, Moranlı kəndində təsərrüfatının şəxsi istifadəsində 0.80 ha. torpaq sahəsinin və 2000-ci ildə tikilmiş 50 kv.m ümumi yaşayış sahəsi olan yaşayış yeri barədə qeyd vardır. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-322A seriyalı KOD 90917018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Moranlı kəndində yerləşən fərdi yaşayış evi inşası təyinatlı 0.71 ha. torpaq sahəsi Cavabdeh və onun dörd nəfərdən ibarət ailə üzvləri olan X2, X3, X5 və X1 ümumi mülkiyyətinə verilmişdir. İddiaçı irəli sürdüyü iddia tələbində cavabdehin zəbt edilmiş mübahisəli yolun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edərək iddiasını onunla əsaslandırmışdırlar ki, açılmasını tələb etdiyi mübahisəli yol cavabdeh tərəfindən zəbt olunaraq yolun həyətinə qatılması nəticəsində onun, öz evinə gedibgəlmək imkanları məhdudlaşdırılmışdır. Belə olan halda, iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, işin hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-mühəndislik ekspertizası təyin edilmişdir. Həmin qərardadda qoyulmuş suallarla bağlı məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2025-ci il tarixli 10/5188№-li rəyində göstərilmişdir ki, İ). Torpağın mülkiyyətə verilməsinə dair JN-322A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və ailə üzvlərinə məxsus və onların mülkiyyətinə verilmiş Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.71 ha torpaq sahəsinin, həmçinin Şəhadətnamədən kəsilib qalan və islahat zamanından indiyə qədər faktiki istifadələrində olan 0.46 ha torpaq sahəsinin sərhədləri, ölçüləri və döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İİ). İddiaçı məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən evinin və faktiki istifadəsində olan 0.84 ha həyətyanı torpaq sahəsinin (bələdiyyə mülkiyyəti) sərhədləri, ölçüləri və döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İİİ). Sabirabad rayonu Moranlı kəndində yerləşən və iddiaçının mübahisələndirdiyi həmçinin, yol kimi tələb etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsidir. Yəni həmin mübahisəli torpaq sahəsində (ərazidə) ümumi istifadədə olan yol nəzərdə tutulmamışdır. İddiaçının evinə və 0.84 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur. İV). İddiaçıya məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən evinə və 0.84 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş imkanları Cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. V). İddiaçının açılmasını tələb etdiyi Sabirabad rayonu, Moranlı kəndində yerləşən mübahisəli torpaq sahəsi cavabdehə məxsus həyətyanı torpaq sahəsidir. Ümumi istifadədə olan yol kimi nəzərdə tutulmamışdır. Həmin yol iddiaçının torpaq sahəsinin şimal tərəfində mövcuddur. Vİ). Qərərrdadın altıncı sualının cavablandırılması üçün əvvəlki suallarda geniş şəkildə cavab verilmişdir. Vİİ). İddiaçının açılmasını tələb etdiyi Sabirabad rayonur Moranlı kəndində yerləşən mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və sahibliyində olduğu üçün cavabdehliyi və nəzarəti cavabdeh özü daşıyır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə 19 avqust 2025-ci il tarixli 10/5188№-li ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, mübahisəli torpaq sahəsinin mövcud vəziyyətində iddiaçının hüquq və mənafelərinə xələl gətirib-gətirməməsini müəyyən edilməsində ekspertin rəyini sübut kimi qəbul edir və onunla rəylə razılaşaraq belə qənaətə gəlir ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən və iddiaçının yol kimi açılmasını tələb etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsi olmaqla, bununla da iddiaçıya məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən evinə və 0.84 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş imkanları Cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. Həmçinin məhkəmə araşdırılması nəticəsində o hal da müəyyən edilmişdir ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən və iddiaçının yol kimi açılmasını tələb etdiyi torpaq sahəsi ümumi istifadədə olan yol kimi nəzərdə tutulmamış, eyni zamanda iddiaçının evinə və 0.84 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu mövcuddur. Belə ki, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Qeyd olunan Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar Bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2025-ci il tarixli 10/5188№-li ekspert rəyi və digər sübutlarla tam təsdiq edilmişdir ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən və iddiaçının yol kimi açılmasını tələb etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsi olmaqla, bununla da iddiaçıya məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən evinə və 0.84 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş imkanları Cavabdeh tərəfindən məhdudlaşdırılmamış, yəni mübahisələndirilən torpaq sahəsinin mövcud vəziyyətində, həmçinin iddiaçının evinə və 0.84 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu mövcud olduğu halda iddiaçının hüquq və mənafeləri pozulmamışdır. Belə olan halda isə hazırkı iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, «Şəhərsalmanın əsasları haqqında» Qanunun 4-cu maddəsinin tələbinə görə şəhərsalma sahəsində fərdin maraqları - hüquqi və fiziki şəxslərin özlərinə mənsub və ya icarəyə götürülmüş torpaq sahələrində şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar maraqlarından ibarətdir. Fiziki və hüquqi şəxslərin şəhərsalma fəaliyyəti qonşu torpaqların və başqa daşınmaz əmlak mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin, icarədarlarının hüquqlarına və qanuni maraqlarına zidd olarsa, məhdudlaşdırılmalıdır. Tətbiq olunan hüquq normasından göründüyü kimi, şəhərsalma sahəsində fərdin maraqları - hüquqi və fiziki şəxslərin «özlərinə» mənsub və ya icarəyə götürülmüş torpaq sahələrində şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar maraqlarından ibarətdir, fiziki və hüquqi şəxslərin şəhərsalma fəaliyyəti isə yalnız qonşu torpaqların və başqa daşınmaz əmlak mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin, icarədarlarının hüquqlarına və qanuni maraqlarına zidd olarsa, məhdudlaşdırılmalıdır. Hazırkı iş üzrə isə şəhərsalma fəaliyyətinin tərəflərin qarşılıqlı qaydada mənafelərinə məhdudiyyət və maneə yaratması sübut olunmamışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Şəhərsalmanın əsasları haqqında» Qanunun 19-cu maddəsinin tələbinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvercilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. MPM-nın 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, hər hansı fiziki və ya hüquqi şəxs isə yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında iddiaçı yol kimi açılmasını tələb etdiyi torpaq sahəsinin mövcud vəziyyətində cavabdeh tərəfindən onun hüquq və mənafeyinə məhdudiyyət və ya maneə yaratmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh qarşı (Sabirabad rayonu Moranlı Bələdiyyəsi 3-cü şəxs olan) «yolun açılması və həmin yoldan istifadəyə maneənin aradan qaldırılması» tələbi barədə iddiası əsassız olduğundan təmin olunmamalıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumundan və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 19 avqust 2025-ci il tarixli 10/5188№-li məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının 50 (əlli) manat xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırkı iddia tələbi isə rədd olunduğundan, məhkəmə xərclərinə aid edilən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspert tədqiqatının dəyəri isə iddiaçıdan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və MPM-nın 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «yolun açılması və həmin yoldan istifadəyə maneənin aradan qaldırılması» tələbi barədə iddiası təmin edilməsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 19 avqust 2025-ci il tarixli 10/5188№-li məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaiti İddiaçı tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar