Məhkəmə qərarları › İş №2(056)-969/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-969/2024

24.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-969/2024 24.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha torpaq sahəsinin 0,40 ha hissəsindən istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması və topaq sahəsinin ona qaytarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında olan 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha torpaq sahəsi DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışla mülkiyyətinə verilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 40 sot hissəsini torpaq sahəsi satıldığı gündən hal-hazıra kimi ona verməkdən imtina etmişdir. Hətta onun razılığı olmadan başqa şəxsə icarəyə də vermişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə ona xeyli miqdarda ziyan vurulmuşdur. Cavabdeh ona aid torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sahiblik, istifadə ve sərəncam vermə hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, həmçinin, qeyd etdi ki, hazırda cavabdeh tərəfindən istifadə olunan həmin 40 sot torpaq sahəsini onun istifadəsində olan hissə ilə su kanalı ayırır. Torpağı alarkən cavabdehlə onun arasında heç bir qeyd-şərt olmamışdır. Torpağı aldığı vaxtdan torpaq vergisini də o ödəyir. Odur ki,ddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehə torpaq sahəsinin 1,5 ha hissəsini 2000 manata satmışdır. Torpaq sahəsinin qalan hissəsini iddiaçıya satmamışdır. İddiaçı özü də bunu bilmişdir ki, o, torpağın 1,5 ha hissəsini alıb. Həqiqətən də həmin vaxtdan torpağın 40 sot hissəsi faktiki olaraq onun istifadəsindədir. İddia tərəfindən 300 manat verilərsə, torpaq sahəsinin qalan hissəsini də ona təhvil verəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 1,8657 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. MPM-nın 4.1-ci və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında tərəflərin izahatı və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən boşaldılması tələb olunan 0,40 ha torpaq sahəsi Sabirabad rayonu, Qaratəpə kəndində yerləşir və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında 1,8657 ha torpaq sahəsinin daxilində olmaqla onun mülkiyyətinə ayrılmışdır.Bu hal tərəflər tərəfindən mübahisə olunmur. Hər iki tərəf qəbul edir ki, mübahisə olunan 0,40 ha torpaq sahəsi yuxarıda qeyd edilmiş Çixarış əsasında iddiaçının mülkiyyətindədir və həmin torpaq sahəsinin yerləşdiyi yeri də məlumdur və mübahisə olunmur. Cavabdeh isə həmin torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu torpaqdan Cavabdeh çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha mübahisəli torpaq sahəsinin 0,40 ha hissəsinin cavabdehin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçilərin ümumi birgə razılığı olmadığı halda, həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, boşaldılması tələb olunan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha mübahisəli torpaq sahəsi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olduğu üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə və torpağın üzərindəki hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı torpağın mülkiyyətçisi və sahibi kimi əmlakına qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və həmin əmlakın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha mübahisəli torpaq sahəsinin 0,40 ha hissəindən çıxarılmalı və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququ tam həcmdə bərpa olunması təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25 və 26-cı maddələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və MPM-nın 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış əsasında İddiaçınun xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 1,8657 ha torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh çıxarılsın və torpağın həmin hissəsi iddiaçının istifadəsinə verilməklə onun üzərində iddiaçının mülkiyyət hüququ təm həcmdə bərpası təmin olunsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar