Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-109/2025 27.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh X1 qarşı “evə köçürmə” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X1 (bundan sonra - cavabdeh) qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və mərhum atasının ümumi birgə mülkiyyətində olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etməsinə yaradılan maneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 316 ünvanında yaşayır. Onunla mərhum atasının ümumi birgə mülkiyyətində Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən 143.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Mərhum atası X8 xx.xx.2024-cü ildə vəfat etmiş və atasının vəfatından sonra ümumi birgə mülkiyyətdə olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən 0.02685 ha torpaq sahəsində yerləşən 143.8 KV.m ümumi sahəsi olan fərdi yaşayış evinin atasına məxsus 3/4 hissəsi miras əmlak kimi qalmışdır. Həmin fərdi yaşayış evinin 1/4 hissəsi ona, 3/4 hissəsi mərhum atasına məxsus olmuşdur. Atasının vəfat etməsindən sonra vərəsəsi olaraq o, və ikinci arvadı X4 birinci növbə vərəsə olaraq qalmışlar. Hazırda vərəsələr arasında mübahisə olduğu üçün miras əmlakın bölüşdürülməsi mümkün deyildir. Cavabdeh mirasın bölünməsinə razı deyildir və onu miras əmlakdan istifadə etməyə, həmin evdə yaşamağa qoymur. O, öz mülkiyyətində olan evə daxil ola bilmir və mülkiyyətindən məhrum olunmuşdur. Hazırda miras əmlakın bölüşdürülməsi barədə məhkəməyə də müraciət etmişdir. Lakin hazırda evə köçə bilmir və mülkiyyətdən məhrum olunmuşdur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2025ci il tarixli vəsatət ünvanlayaraq “aşağıdakılara əsasən hesab edirik ki, cavabdehin iddiası əsasszdır və təmin olunmmalıdır. Belə ki, cavabdeh ilə X8 arasında illər öncə müxtəlif məhkəmə prosesləri olmuş və Azərbaycan Republikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 31 mart 2004-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı həmin fərdi yaşayış evində dörddə bir hissədə payı müəyyən edilmiş və buna uyğun olaraq çıxarış almışdır. Cavabdeh tərəfindən öz payı müəyyən edildikdən sonra mübahisəli evdə otağın qapısı bağlanmış və 20 ildən artıq müddətdə həmin otaqlar istifadəsiz qalmışdır. Hətta cavabdehin öz istifadəsində olan otaqlara girişi üçün əsas qapıdan əlavə giriş imkanı da vardır. Çünki İddiaçı daimi olaraq Bakıda yaşayır və mübahisəli evdə yaşamaq fikiri də yoxdur. Buna baxmayaraq iddiaçının həmin evdə payı olduğundan( Salyan Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsinin İddiaçı, 9/16 hissəsinin isə X1 verilməsi qət edilmişdir) orada yaşamaq hüququnun olması da müəyyəndir. Amma iddiaçıya həmin evdə yaşamasına heç kim tərəfindən maneçilik törədilməmişdir. Buna görə də iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı kilidlə ayırdığı otaqları uzun illərdir ki, bağlayaraq istifadəsiz qoymuş, özü isə Bakı şəhərində yaşamağa davam etmişdir. Hətta bağladığı otaqlar yararsız vəziyyətə düşmüş və evin dəyərini həddindən artıq aşağı salmışdır. Qeyd etdiyim hallar Salyan Rayon Məhkəməsinin 2(006)-306/2011 saylı mülki iş materiallarında cavabdehin atası olan X5 iddia ərizəsində və iş materiallarında da görmək mümkündür. Cavabdeh 21 ildən çoxdur ki, əsassız olaraq yaşayış sahəsi olan 2 otağı tutmuş və yararsız hala salmışdır. Cavabdehin hazırda iddia etdiyi evdə yaşamaq fikri də yoxdur. Cavabdehə həmin evdən istifadə edilməsinə indiyə qədər maneçilik törədilməmiş və sərbəst şəkildə istifadəsinə şərait yaradılmış, amma cavabdeh orada yaşamaq istəməmişdir. Cavabdeh iddia ərizəsində ona maneə yaradılması ilə bağlı heç bir sübut əlavə etməmişdir. Çünki cavabdeh daimi olaraq Bakı şəhərində yerləşən özünəməxsus mənzilində yaşayır. Əgər Məhkəmə tərəfindən iddia təmin edilərsə və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilərsə iddiaçı və cavabdehin arasında gərgin fiziki və emosinonal vəziyyətin 20 ildən çox müddətdir ki olması və hazırda da artan tendensiyada davam etməsi nəzərə alınmalıdır. Münaqişə hər bir insan üçün və cəmiyyətdə asayişin qorunması üçün neqativ, arzu edilməyən hadisədir, imkan daxilində onlardan qaçmaq lazımdır. Vəsatətə əlavə edilmiş-Salyan rayon prokurorluğu, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılmış araşdırmalarda və göndərilmiş məktublarda tərəflərin cinayət törədilməsi ilə bağlı şikayətlərinin olması və müvafiq orqanlar tərəfindən tədbirlər görülməsi aydın olur (xırda xuliqanlıqla bağlı). Tərəflər uzun müddətdir ki, bir-biri ilə kəskin münaqişəli münasibətdədir və iddiaçı evə köçürüləcəyi halda münaqişə və digər xoşagəlməz halların yaşanılması qaçınılmazdır. Bu səbəbdən iddia təmin ediləcəyi təqdirdə iddiaçının evə köçürülməsi və iddiaçının evə girişinin əvvəllər iddiaçı tərəfindən ayrılmış və kilidlənmiş otaqlar tərəfdə olan giriş vasitəsilə müəyyən edilməsini Sizdən xahiş edirəm. Əks halda tərəflər arasında xoşagəlməz halların yaranması qaçınılmaz olar. Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-in 47, 68, 184 və 220.6-cı maddələrini rəhbər tutaraq məhkəmədən xahiş edirəm: İddiaçı iddiası təmin ediləcəyi təqdirdə qətnamədə icra qaydasının müəyyən edilməsi və iddiaçının evə girişinin evin əsas giriş qapısından deyil başqa giriş vasitəsilə (iddiaçının özünün əvvəllər ayıraraq kilidlədiyi otaqlarda yerləşən pəncərə və ya divardan qapı açılması) həyata keçirilməsini müəyyən edəsiniz”. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Vəkil bildirmişdir ki, tərəflər münaqişəlidirlər. Müdafiə etdiyi şəxs iddianı qəbul etmir. Buna görə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi vəkilin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinin ksero surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1979-cu ildə 1102,0 kvm. torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 222,3 kv.m, yaşayış sahəsi 44,5 kv.m. iki otaqdan ibarət olan mülkün 4/6 hissəsinə X5, 1/6 hissəsinə X2, 1/6 hissəsinə X6 mülkiyyət hüquqları tanınmışdır. İş materiallarında olan 13 saylı Şirvan Ərazi İdarəsinin rəisi Dadaş Hüseynovun İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xüsusi mülkiyyətlərində olan ünvan 3 ünvanları ünvan 4uşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ********** qeydiyyat nömrəsi ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 143,8 kv.m. olan fərdi yaşayış evinin ¾ hissədə X5, ¼ hissədə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-1962/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, mərhum X3 miras qalmış Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı, 9/16 hissəsi isə X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Pasportunun ksero surətindən görünür ki, **********20-10301 reyestr kodlu reyestr nömrəsi ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ¾ hissədə X5, ¼ hissədə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan X7 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1962/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mərhum X3 miras qalmış Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı, 9/16 hissəsi isə X1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh iddiaçının miras əmlakdan istifadə etməsinə, həmin evdə yaşamasına maneə yaratmış, buna görə də sonuncu öz mülkiyyətində olan evə daxil ola bilməmiş və mülkiyyətindən məhrum olunmuşdur. Cavabdeh iddiaçını həmin mənzilə buraxmamaqla iddiaçının mübahisəli mənzildə dair mülkiyyət hüququnu pozmuşdur. Buna görə də onun pozulmuş hüququ bərpa olunmalıdır. Odur ki, İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil 7/16 hissədə iddiaçıya məxsus olduğundan, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh etirazında İddiaçının fərdi yaşayış evinə hüququnun olmasını və yaşamasına heç bir maneçilik törədilmədiyini qeyd etməklə iddia tələbini etiraf etsə də, evin 2 otağının qapısının bağlı saxlanması, həmin otaqların istifadəsiz qalması, otaqlara girişi üçün əsas qapıdan əlavə giriş imkanın olmasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi, payların naturada bölünməsi və çəkiləcək xərclər tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinin tələbinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinin tələbinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinin tələbinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinin tələbinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı birgə mülkiyyətdə olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və həmin evdən istifadə etməsinə yaradılan maneələr cavabdehə qadağan olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyətində olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 151 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə yaradılan maneələr cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-109/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-109/2025
27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver