Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-128/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Salyan rayonu, Seydan kəndində yerləşən ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Salyan rayonu, Seydan kəndində yaşayır. Ona Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998ci il tarixli, 19 saylı qərarı ilə 1199,19 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair kifayət qədər sənədi də vardır. Lakin Cavabdeh 2005-ci ildən onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə ondan torpaq sahəsindən çıxmasını tələb etsə də, o, torpaq sahəsindən çıxmamış və qanunsuz olaraq torpaq sahəsinə sahib çıxmışdır. Hazırda da, o, torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdeh heç bir sənədi olmadığı halda onun torpağını ona vermir. Ona görə də, cavabdehin onun 12 sot torpaq sahəsindən çıxarılması məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini uzun müddətdir ki, şifahi alqı-satqı əsasında iddiaçının qardaşından almışdır. Hazırda onun adına hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Göstərilənərə əsasən, məhkəmədən iddianın rədd olunmasını xahiş etmidir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Salyan Rayon Aqrar İslahatı Komissiyasının 30 iyul 1998-ci il tarixli, 19 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 1199,19 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Salyan rayonu, Seydan kəndində yerləşən 1199,19 kv.m. həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt etmişdir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edilərək indiyədək həmin şəxsin qanunsuz sahibliyində və istifadəsindədir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli torpaq sahəsindən cavabdeh çıxarılmalı və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-сi maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-сü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbayсan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus Salyan rayonu Seydan kəndində yerləşən torpaq sahəsindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Salyan rayonu, Seydan kəndində yerləşən torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-128/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-128/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver