Məhkəmə qərarları › İş №2(057)-1294/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1294/2024

30.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1294/2024 30.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi əsasında qeydə alınmış mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində X1 xx.xx.1999-cu il tarixdə itkin düşmüş hesab edildiyi üçün ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, X2 ilə 02 oktyabr 1992-ci ildə nikahlarını Salyan rayon VVADQ şöbəsində rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan 07 noyabr 1993-cü ildə Nəcəfova Nərmin və 17 sentyabr 1998-ci ildə Nəcəfova Ayşən adlı iki uşağı olmuşdur. X2 1999-cu ildən işləmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan sonra bir daha geri qayıtmamışdır. Özü haqqında heç bir məlumat verməmişdir. Evə və uşaqlarına heç bir yardım göstərməmişdir. Nəticədə ərinin itkin düşməsi ilə bağlı Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Salyan rayon Məhkəməsinin 18 aprel 2007ci il tarixli qətnaməsi ilə X2 xəbərsiz itkin düşməsi qət edilmişdir. Ona görə də, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə ünvanladığı məktubunda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi qızı arasında nikah xx.xx.1992-ci il tarixdə,Maraqlı şəxsndə 44 nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş 18 aprel 2007-ci il tarixli 2-98 saylı qətnamənin surətindən görünür ki, 1965-ci il tarixdə anadan olmuş X2 xəbərsiz itkin düşmüş hesab edilməsi bərədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 41.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 13 iyun 1967-ci ildə anadan olmuş X2 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar