Məhkəmə qərarları › İş №2(057)-1474/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1474/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1474/2023 06.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin nümayəndəsi X7,Cavabdeh1 iştirakı ilə, qeyriyaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx.xx.2010cu il tarixli, 3264 nömrəli Dövlət Əmlakının Reyestrindən Çıxarışda qeyd edilən 900 (doqquz yüz) kvm sahəsi bəzi vətəndaşlar tərəfindən mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşadılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər vətəndaşların məskunlaşdığı əraziləri boşaltmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə İddiaçı əmrinə əsasən Hidrometeorologiya Xidməti əməkdaşları tərəfindən X5 Mərkəzinin (ARHM) X2 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Salyan HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx/xx/2010-cu il tarixi 3264 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd edilən ***-*******9 reyestr nömrəli ev-idarə binasının bir hissəsi və binanın yerləşdiyi ərazidə olan Dövlət Reyestrində ***-*******5 reyestr nömrəli 900 (doqquz yüz) kv.m torpaq sahəsinin bir hissəsi Cavabdeh1 Əhadağa qızı, Cavabdeh2 Yadulla oğlu, Cavabdeh3 və digər şəxslər tərəfindən qeyri- qanuni istifadə olunur. Ev-idarə binasının yarı hissəsi vətəndaş Cavabdeh1, digər hissəsi isə Cavabdeh2 Yadulla oğlu tərəfindən zəbt edilmişdir. Salyan HMS-ın torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilərək müxtəlif məqsədlər üçün istifadə edilir. Torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 Yadulla oğlu tərəfindən qeyri-qanuni tikililər inşa edilmiş, müxtəlif ağac və gül kolları əkilmişdir. Cavabdeh1 tərəfindən onun istifadəsində olan sahənin bir hissəsi ev quşlarının saxlandığı hin kimi istifadə olunur. Digər vətəndaş Rufullayev inzibati binanı bölərək yola ayrıca çıxışı olan qapı açmış, həyətdə əlavə olaraq qanunsuz tikililər inşa etmişdir. Mövcud inzibati binanın ərazisində olan torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən faktiki olaraq istifadə edilir. Baxış zamanı müəyyən edilmişdir ki, Salyan HMS-in rəhbərliyinin və işçilərinin inzibati binada onlar üçün nəzərdə tutulmuş otaqlardan istifadələrinə vətəndaşlar Cavabdeh1 və Rufullayev tərəfindən məhdudiyyət qoyulmuşdur. Belə ki, Salyan HMS-in işçilər inzibati binasından faktiki olaraq istifadə edə bilmirlər və yuxarıda adları qeyd olunan şəxslər tərəfindən əraziyə buraxmırlar. Salyan HMS-in işçiləri Kənd Təsərrüfatı Nazirliyinin X4 inzibati binasında şəraitsiz vəziyyətdə iş fəaliyyətlərinə davam edirlər. Qanun pozuntuları aşkar edilmiş Aran RHM-nin Salyan HMS-nin strateji əhəmiyyəti və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyí ərazidə texniki şərtlər kobud şəkildə pozulmuş və işçilərin normal iş şəraitinə davam etmələrində məhdudiyyətlər yaranmışdır. Salyan HMS-in ev-binası Cavabdeh1, Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilmiş, həmin ərazidə dövlət əmlakından qanunsuz istifadə hal mövcuddur. X1suz zəbt olunmuş ev-idarə binası və onların yerləşdiyi torpaq sahəsinin boşaldılması ilə bağlı Xidmət tərəfindən vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 20/99-354 və 20/99-355 nömrəli, məktublar ünvanlanmışdır. Qanunsuz məskunlaşmış vətəndaşlar ilə söhbətlər aparılmış və Cavabdeh2 Yadulla oğlu xx.xx.2023-cü il tarixində izahat yazaraq bildirmişdir ki, qanunsuz yaşadığı Milli Hidrometeorologiya Xidmətinin balansında olan inzibati binanı tərk edəcəyini bildirmişdir. Aran RHM-nin Salyan HMS-nin yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş kobud qanun pozuntularını nəzarə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mili Hidrometeorologiya Xidməti məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, Cavabdeh1 həmin binanın bir hissəindən öz ailə üzvləri ilə istifadə etdiyini, Cavabdeh2 binanın digər hissəsindən istifadə etdiyini, Cavabdeh3 isə yalnız torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Verilmiş iddianın əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında, yoldaşının vəfat etdiyini, 3 övladı və 2 nəvəsi ilə birgə yaşadığını, 1980-ci il tarixindən həmin binada məskunlaşdığını, həmçinin digər Cavabdeh2 da, 1980-ci il tarixindən onunla eyni binada yaşadığını, getməyə yerinin olmadığını, bu səbəbdən iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 3264 saylı, 24 dekabr 2010-cu il tarixli Çıxarışdan və həmin xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli 809-1/9914 inventar nömrəli Texniki Pasportdan göründüyü kimi, Salyan şəhəri, İ.Quliyev küçəsi, 33A, yeni qaydalarla, AZ5202 ünvan 1 ünvanında yerləşən, **********58-06101 reyestr nömrəli qeyriyaşayış binası iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin tam formada xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin rəisinə Cavabdeh2 Yadulla oğlu tərəfindən verilmiş izahatdan görünür ki, iddiaçının nümayəndələri tərəfindən cavabdehə həminn binada qanunsuz yaşadığı izah olunmuş və tərk etməsini bildirilmişdir. İddiaçının nümayəndələri tərəfindən cavabdehlərə mübahisə predmeti mövzusunda xəbərdarlıq məktubları göndərilmişdir. Həmçinin iddia ərizəsinə qoşma kimi əlavə edilmiş aktlar və onlara əlavələrdən də göründüyü kimi, mübahisə predmeti olan binada yoxlamalar aparılmış və cavabdehlərin orada qanunsuz yaşaması və binanın konstursiya və s. əlamətlərində dəyişiklik aparması aşkarlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Eləcə də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin mülkiyyətində olan qeyri-yaşayış binasından çıxmamaqla mülkiyyətçinin əmlak üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh3 iddiaçının tələb etdiyi qeyri yaşayış sahəsindən istifadə etmədiyi üçün iddia ona qarşı hissədə rədd olunmalıdır.Eyni zamanda iddiaçı ərizədə tələbin digər vətəndaşların məskunlaşdığı ərizdən boşaltmasını qeyd etsə belə digər şəxslərin kimlərdən ibarət olması barədə tələb irəli sürülmədiyi üçün iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan şəhəri, İ.Quliyev küçəsi, 33 A yeni qaydalarla AZ 5202 Salyan şəhəri, İ.Quliyev küçəsi, giriş 162-də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin qeyri yaşayış binasından (ARAN X3 X6) X8 və Cavabdeh2 çıxarılsın və qeyd edilən qeyri-yaşayış sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar