Məhkəmə qərarları › İş №2(057)-1563/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1563/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1563/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1954-cü ildə Salyan rayonu Xalac kəndində doğulması, soyadının “İsmayeva”, adının “Pərinisə”, ata adının “İba”, atasının X7, anasının X2 valideynlərinin milliyətinin azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1954-cü ildə Salyan rayonu, Xalac kəndində ev şəraitində doğulmuşdur. Valideynlərinin səhlənkarlıqları nəticəsində doğumunu müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Doğumun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 20 fevral 2025-ci il tarixli məktubu ilə müraciətinə cavab olaraq bildirmiş ki, Maraqlı şəxs və Xalac kənd icra nümayəndəliyinin doğum haqqında 1951-1957-ci illərə aid ilkin, Maraqlı şəxs 1958-1972-ci illərə aid bərpa akt qeydləri yoxlanılmış, lakin 1954-cü il təvəllüdlü X1 adına tərtib edilmiş doğum haqqında akt qeydi müvafiq arxiv sənədlərində aşkar olunmamışdır. Eyni zamanda həmin Təlimatın 9.5-ci bəndinə əsasən ərizə icra olunmasından ötrü vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərilmiş və həmin qurumun 12 fevral 2025-ci il tarixli cavab məktubunda Seyfiyeva (İsmayeva) Pərinisə İba qızının doğumu haqqında akt qeydi 1951- 1957-ci illər Maraqlı şəxs və Xalac kənd icra nümayəndəliyinin, 1959-1970, 1972-ci illərə dair isə Maraqlı şəxs bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının arxivində və vətəndaşlıq vəziyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. Doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Atasının adı X7, anasının adı X2 olmuş və valideynləri vəfat etmişdir. 11 fevral 1978-ci ildə X5 ilə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra İsmayılova soyadını qəbul etmişdir. Sonuncu dəfə 06 oktyabr 2010-cu ildə Salyan RPŞ tərəfindən verilmiş AZE0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin sənəddə soyadı İsmayeva yazılmışdır. Şəxsiyyət vəsiqəsində soyadının düzgün yazılmaması isə ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaratmışdır. Şəxsiyyət vəsiqəsində olan bu yanlışlığın aradan qaldırılması üçün isə doğumun haqqında məlumatların informasiya sistemində əks olunması, yəni özü və valideynlərilə bağlı düzgün məlumat göstərilən doğumu haqqında akt qeydinin bərpa edilməsi zəruridir. Doğumunun qeydə alınması, doğum haqqında şəhadətnamənin yenidən düzgün soyadla yeni şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Odur ki, 1954-cü ildə Salyan rayonu Xalac kəndində doğulması, soyadının “İsmayeva”, adının “Pərinisə”, ata adının “İba”, atasının X7, anasının X2 valideynlərinin milliyətinin azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 11 fevral 1978-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə 01 №-li akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X5 20 may 1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X5 ilə X6 11 fevral 1978-ci il tarixdə Salyan rayon Yenikənd kənd icra nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə 01 №-li akt qeydi tərtib olunmuşdur. Salyan rayon İHB-nın Yenikənd kənd İƏN-yi tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli aktdan görünür ki, X4 1954-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində anadan olmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1951-1957-ci illər Maraqlı şəxs və Xalac kənd icra nümayəndəliyinin, 1958-1972-ci illərə dair isə Maraqlı şəxs bərpa akt qeydləri yoxnanılmış vətəndaşlıq vəziyyəti aktlarının arxivində və vətəndaşlıq vəziyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. 06 oktyabr 2010-cu il tarixli Salyan RPŞ tərəfindən verilmiş AZE0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1954-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində anadan olmuşdur. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi 1954-cü ildə Salyan rayonu Xalac kəndində doğulması, soyadının “İsmayeva”, adının “Pərinisə”, ata adının “İba”, atasının X7, anasının X2 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1954-cü ildə Salyan rayonu Xalac kəndində doğulması, soyadının “İsmayeva”, adının “Pərinisə”, ata adının “İba”, atasının X7, anasının X2 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar