Məhkəmə qərarları › İş №2(057)-1873/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1873/2024

15.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1873/2024 15.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı Cavabdeh qarşı «özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı «özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmununa riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin qanunsuz istifadə olunması göstərilsə də, əvvəlcə bu barədə hər hansı quruma (Reyestr Xidmətinin Ərazi İdarəsinə, bələdiyyəyə, icra nümayəndəliyinə və s. orqana) müraciət olunub-olunmaması, əgər torpaq sahəsi zəbt olunmuşdursa, bu barədə müvafiq mütəxəssis rəyinin alınıbalınmaması barədə hər hansı sənəd ərizəyə əlavə olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə torpaq sahəsinin buraxılmasının təklif olunub-olunmaması, olunmuşdursa bu barədə ona müvafiq müraciətin göndərilməsi və nəticəsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. MPM 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin tələbləri pozulmaqla məhkəməyə verildiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı «özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar