Məhkəmə qərarları › İş №2(057)-2034/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2034/2025

10.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2034/2025 10.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı “mənzildən çıxarılma” və orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı islasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Çuxanlı-2 hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil- İstismar hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim edərək Cavabdeh verilmiş xx.xx.2007-ci il il tarixli 320 nömrəli orderin etibarsız hesab edilməsi xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Salyan rayon Çuxanlı-2 hərbi şəhərciyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir, hərbiçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. xx.xx.2007-ci il tarixdə Cavabdeh 320 nömrəli xidməti order əsasında Çuxanlı-2 hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli ev verilmişdir. Daha sonra Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 7 nömrəli binanın 114 nömrəli mənzil ilə təmin olunmasına baxmayaraq ona” verilmiş Çuxanlı-2 hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli evi Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. O hal-hazırda həmin mənzildə yaşamır. Vətəndaş Cavabdeh xidməti mənzili təhvil verməsi barədə dəfərlərlə xəbərdarlıq olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.1965-ci il təvəlludludür, 3 uşaq atasıdır, 2004-cü ildən Salyan rayonu Çuxanlı kəndində Fin evi 78-də yaşayır .Orta məktəbi bitirdikdən sonra 1983-cü ildə Xocəvənd rayonunda Hərbi- xidmətə çağırılmış, 1 il 06 ay aydan sonra Ukrayna Respublikasına Desna şəhərində Gizirlər məktəbinə daxil olmuş, məktəbi bitirdikdən sonra ordu sıralarında qulluğunu davam etdirmişdir. Ümumilikdə 33-il günə-gün ordu sıralarında xidmət etmişdir . Onun 10 ilini Sovet ordusunda, 23 ilini isə Azərbaycan ordusundə 772saylı və 414 saylı xüsusi təyinatlı Hərbi hissələrdə qulluq etmişdir. 2016-cı ildə aprel döyüşlərindən sonra ordu sıralarından tərxis olub təqaüdə çıxmış, hal-hazırda hərbi təqaüdçüdür. Onun müraciəti bununla bağlıdır ki, yaşadığı ünvanda o, öz şəraitini qurmaqla yanaşı həmin ona verilən evdə əlavə tikililər inşaa etməklə həmin evi yüksək səviyyədə qoruyub saxlamışdır. Həmin ev öz istismar müddətini başa vurmuşdur.Orda yaşamaq onun üçün çətin olsa da, öz kəndinin abu-havasını, ona verilən (Orderlə) ev təsərrüfatında nəfəs alır. O, özü həmin evdə təsərrüfat qurmuş, heyvan, toyuq-cücə saxlayır. Buradakı evdə Qarabağdan köçkün düşdüyü ata-baba məişət əşyaları gətirmiş və bu evdə yerləşdirmişdir. 2006-cı ildən kəndlərinin təməlini qoyublar, onu həmin siyahıya alıblar.O, 1-2 ilə köçüb gedəcək. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Əvvəlki məhkəmə islaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdehə “20 illik xidmətə görə” Müdafiə Nazirliyinin balansında olan Salyan rayonu Çuxanlı 2 hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli ev verilmişdir. Bir neçə ildir ki, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 7 nömrəli binanın 114 nömrəli mənzil ilə təmin olunmuşdur. Buna görə də Cavabdeh ev ilə təmin olunduğundan hərbi şəhərcikdə yerləşən evi təvhil verməlidir. Çünki həmin ev xidməti mənzildir, hərbi qulluqçuların və onların ailələrinin yaşaması üçün nəzərdə tuutlmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, o, mənzildən çıxamamışdır. Buna görə də məhkəməyə müraciət olunmuşdur. Odur ki, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin verilməsinə dair 320 nömrəli orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, uzun illərdir ki, Çuxanlı-2 hərbi şəhərciyində yerləşən evdə yaşayır. Həmin evə ona “20 illik qüsursuz xidmətinə görə” verilmişdir. O, ev növbəsində olsa da onunla bir xidmət etmiş tanışlarına ondan əvvəl evlər verilmiş, ona isə yalnız 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mənzil verilmişdir. Hesab edir ki, o, çox gec evlə təmin olunmuş, buna görə də özünə şərait qura bilməmişdir. O, özü xəstədir, kredit borcu var. O, məcburi köçkündür. Köçkün düşdüyü kənddə hazırda tikinti işləri gedir, icra nümayəndəliyindən ona bildirilmişdir ki, orada 80 ev tikilir, sakinlərin siyahısına onun da adı var, həmin 80 evdən biri ona veriləcək. Hazırda tikintisi davam edir, yəqin ki, gələn il yekunlaşacaq, həmin evlər təhvil veriləcək. O, da həmin vaxtadək ona möhlət verilməsini istəyir. Ev verildikdən sonra əşyalarını da daşıyaraq həmin evdən köçər və evi təhvil verər. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İşə baxıb, cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2007-ci ildə 320 nömrəli order əsasında verilmiş Çuxanlı hərbi şəhərciyi fin evi 78 nömrəli mənzil Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin təminatında olan Çuxanlı-2 hərbi şəhərciyinin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin 30 dekabr 2007-ci i tarixli 320 nömrəli orderindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Çuxanlı hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli ev yaşamaq üçün verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin Cavabdeh ünvanladığı xəbərdarlıqlardan görünür ki, o, dövlət tərəfindən daimi yaşayış sahəsi ilə təmin olunduğu üçün yaşadığı xidməti yaşayış sahəsini hərbi hissənin mənzilistismar xidmətinə təhvil verməsi tələb olunmuşdur. İş materiallarında olan Xocavənd RİHB-nın Axullu kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Umudov X1 rayonu Çuxanlı hərbi şəhərciyində yerləşən 78 nömrəli ünvanda müvəqqəti yaşayır. İşğaldan azad olunmuş ərazilərə köçlə bağlı ailə tərkibi Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinə göndərilmişdir İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 83,20 kxm. Sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh tam mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Cavabdeh Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə (30 deksbr 2007-ci il tarixdə) verilmiş, bu mənzildən istifadə 2009-cu il 30 iyun tarixdə qəbul edilmiş yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə davam etmişdir. Buna görə də, iddiaya hər iki Məcəllənin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixi Mənzil Məcəlləsinin 100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Qüvvədə olan Azərbaycan Respubikasının 2009-cu il 30 iyun tarixi Mənzil Məcəlləsinin 92-ci maddəsinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğundaqulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq dilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.2- ci bəndinə görə kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qüvvədə olan Mənzil Məcəlləsinin 66.3.6-cü maddəsinə görə kirayəçi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq vəzifəsi daşıyır. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh hərbi şəhərcikdə yerləşən ümumi sahəsi 31 m2 olan 2 otaqlı 7 nömrəli binanın 114 nömrəli mənzili verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh ünvan 4 ünvanda yerləşən sahəsi 83,20 kvm olan mənzil ilə təmin olunmuşdur. Həmçinin Xocavənd RİHB-nın Axullu kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh məcburi köçkün olduğu üçün işğaldan azad olunmuş ərazilərə köçlə bağlı onun ailə tərkibi Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən evılə təmin olunduğu üçün Cavabdeh Salyan rayonu, Çuxanlı-2 hərbi şəhərciyində yerləşən 78 nömrəli Fin tipli evdən çıxması tələb olunmuş, bununla bağlı dəfələrlə xəbərdarlıq olunmuş, lakin sonuncu buna məhəl qoymayaraq həmin mənzildən çıxmamış, mənzilini Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. Məhkəmə hesab edir kı, yuxarıda göstərilən hal Salyan rayonu, Çuxanlı-2 hərbi şəhərciyində yerləşən 7 nömrəli binanın 114 nömrəli ümumi sahəsi 31 m2 olan 2 otaqlı Fin tipli mənzilinə dair Cavabdeh order verilən zaman qüvvədə olmuş 1982-ci il 8 iyul tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən həmin orderin etibarsız hesab edilməsi üçün əsas sayılır. Həmin maddəyə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.Məhkəmə xidməti mənzil sahəsinin verilməsi şərtlərinin, yəni Cavabdeh sonralar ünvan 4 mənzil ilə təmin olunması və ona xx.xx.2007-ci il tarixdə Çuxanlı-2 hərbi şəhərcikdə yerləşən ümumi sahəsi 31 m2 olan 2 otaqlı 7 nömrəli binanın 114 nömrəli mənzili Salyan rayon mənzil istismar hissəsinə təhvil verməsi mübahisəli mənzilə dair order verildikdə mənzillə təmin edilməsinin normativ standart şərtlərindən biri olmuşdur. Cavabdeh bu şərtə əməl etməmişdir. Müəyyən edildiyi kimi, Cavabdeh yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti mənzili boşaltmır, bununla qanunvericiliyin tələblərini pozmaqla yanaşı, xidməti mənzilə ehtiyacı olan hərbçilərin mənafeyinə xələl gətirir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar Hissəsinin iddia tələbləri qanuni və əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2007-ci il tarixli order etibarsız hesab edilməli, Cavabdeh və onun ailə üzvləri Çuxanlı -2 hərbi şəhərciyində yerləşən 78 nömrəli “FİN” tipli mənzildən çıxarılmalı, həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsinə təhvil verilməlidir. İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2007-ci il tarixli 320 nömrəli order etibarsız hesab edilsin. Cavabdeh və onun ailə üzvləri Çuxanlı -2 hərbi şəhərciyində yerləşən 78 nömrəli “FİN” tipli mənzildən çıxarılsınlar. Həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil- İstismar hissəsinə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar